Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1653/2025 21.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştitakı ilə, İddiaçı “cavabdehin xx.xx.2024-cü il tarixli inzibati aktın qanunsuz hesab edilməsi və dörd uşağın saxlanılması məqsədilə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddiaçının ailə tərkibi 6 nəfərdən ibarətdir.İddiaçı X3 ilə xx.xx.2016-cı il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7, X4 (əkizlər) və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı 4 uşaqları doğulmuşdur. İddiaçının əri X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(091)- 681/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Əri həbs olunandan sonra qaynatasının yaşa görə aldığı 220 manat pensiya ilə dolanmaq məcburiyyətində qalmış,buna görə də, cavabdeh inzibati orqana mənə ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciət etmişdir.Lakin, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı ilə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, şin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdə VEMTAS sistemi vasitəsilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli qərarla aşağıdakı səbəblərdən imtina edilmişdir:
1. Ailənin yardımçı təsərrüfatı barədə məlumatın qeyd edilməməsi;
2. Ailə tərkibinin düzgün göstərilməməsi. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizə-bəyannamədə ailənin yardımçı təsərrüfatı barədə məlumatlar tam şəkildə qeyd edilməmiş, həmçinin ailə tərkibi barədə sistemə daxil edilmiş məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydaların tələbinə əsasən, ailənin sahib olduğu torpaq sahələri, təsərrüfat imkanları, ailə üzvlərinin faktiki yaşayış yeri və digər gəlir mənbələri mütləq şəkildə ərizə-bəyannamədə göstərilməlidir. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, ailənin yardımçı təsərrüfatı və mövcud gəlir imkanları barədə məlumat sistemə düzgün daxil edilməmişdir. Qanunvericiliyə əsasən, ailənin əldə etdiyi və ya əldə edə biləcəyi gəlirlər, o cümlədən şəxsi yardımçı təsərrüfatdan əldə olunan və ya əldə oluna biləcək gəlirlər ailənin ümumi gəlirinə daxil edilməlidir. Beləliklə, təqdim olunmuş məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan və qanunvericiliyin tələbləri tam yerinə yetirilmədiyindən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli imtina barədə qərar qanuni əsaslara söykənmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina qərarı;
2. Göyçay Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli Arayışı;
3. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları.
Əsaslandırma hissəsi
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İmtinanın əsası kimi ailənin yardımçı təsərrüfatı barədə məlumatın qeyd edilməməsi və ailə tərkibinin düzgün göstərilməməsi qeyd edilmişdir.İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki,cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, iddiaçının ailə tərkibi 6 nəfərdən ibarət olmaqla özü, əri (cəzaçəkmə müəssisəsində) və dörd uşağından ibarətdir. Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna malik olan ailələr üçün kriteriyalar müəyyən edilmişdir.Həmin şəxslərin orta aylıq gəliri onlardan asılı olmayan (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı) səbəblərdən olması nəzərdə tutulmuş və qapalı siyahı ilə aşağıdakı kimi göstərilmişdir : - ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Lakin,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı qayınatasına məxsus evdə yaşamaqla birgə təsərrüfat aparırlar.Bu barədə iddia ərizəsinin məzmunundan və Göyçay Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli Arayışından müəyyən edilir ki,iddiaçı qayınatası X2 məxsus fərdi yaşayış evində onlarla birlikdə yaşayır.Nəticə etibarı ilə imtina əsası olan “ailə tərkibinin düzgün göstərilməməsi” öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün şərtlərdən biri də ailənin əmək qabilliyətli üzvünün işləmədiyi halda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşaqa qulluq etməsidir. Ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. Hazırkı iş üzrə iddiaçının ailə üzvlərindən birinin məşğulluğunun öz əksini tapmaması “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilən şərtlərin ödənilmədiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı “cavabdehin xx.xx.2024-cü il tarixli inzibati aktın qanunsuz hesab edilməsi və dörd uşağın saxlanılması məqsədilə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə