Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1654/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarı ilə satılmış 450 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ucar Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarı ilə satılmış 450 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1654/2022 nömrəli qərardadı ilə Ucar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Ucar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi üçün 450 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxematik planı hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin ona Ucar bələdiyyəsinin qərarına əsasən satılması, satılan torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi yerində müayinə olunarkən, torpaq sahəsinin üzərindən yüksək gərginlikli 10 kv-luq hava elektrik xəttləri keçdiyi müəyyən olunmuşdur. Həmçinin, ərizənin icraatı bir ay müddətinə dayandırılıraq, Ucar rayon Arxivinə və Ucar Rayon Elektrik Şəbəkəsinə sorğu verilmişdir. Ucar rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə 21 nömrəli məktubla Ucar bələdiyyəsinə aid sənədlərin təhvil verilmədiyi üçün Dövlət arxivində saxlanılmadığını bildirmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Ucar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 131 nömrəli məktubunda qeyd edilmişdir ki, Ucar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10-saylı iclas protokolu ilə Ucar şəhər sakini İddiaçı qanuna müvafiq şəkildə fərdi mənzil tikintisi üçün 450 kv.metr torpaq sahəsi satılmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ucar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan və xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, iddiaçıya fərdi mənzil tikintisi üçün 450 kv.m torpaq sahəsi satılmış, satılan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktubundan görünür ki, Ucar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə satılmış 450.0 kv.m torpaq sahəsinin bələdiyyə qərarına əlavə olunmuş sxematik planında torpaq sahəsinin koordinatları göstərilmədiyi üçün sxemə əsasən 450 kv.m torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 963 kv.m torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış, mülkiyyət növü bələdiyyə kimi göstərilmişdir. - “Mərkəzi Aran” X2 və Satışı İdarəsi Ucar Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli 325 nömrəli DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, İddiaçı məxsus Ucar şəhəri, Ə.Səfəroğlu küçəsində yerləşən həyətyanı torpaq sahəsinə baxış zamanı məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin cənub tərəfindən 110/35/10 kV-luq Ucar y/st-dan çıxan 10 kV-luq 1-ci Şəhər hava xəttinin müvafiq budaqlanması keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar”nın 5-ci hissəsinin a) bəndinə əsasən 10000 V-luq xəttin mühafizə zonası 10 metr müəyyən olunmuşdur. Qeyd olunan həyətyanı torpaq sahəsi xəttin mühafizə zonasında yerləşir, lakin xəttin istismarına maneə yaratmır. Ucar EŞ həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmir. - Ucar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 44 nömrəli arayışından görünür ki, Ucar bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli iclasının 10 saylı qərarına əsasən ona Ucar şəhəri Ə.Səfəroğlu küçəsi ərazisindən 450 kv.metr torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsi mübahisə predmeti deyil. - xx.xx.2006-cı il tarixli yerseçmə aktında görünür ki, şimaldan küçə, şərqdən və qərbdən-fərqli mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi cənubdan mövcud həyətyanı torpaq sahəsi olmaqla ölçüləri 20mxx22.5 m olan 450 kv.metr torpaq sahəsinin fərdi mənzil tikintisi üçün ayrılaraq İddiaçı satılması məqsədəmüvafiq hesab edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar şəhərində yerləşən 450 kv. torpaq sahəsi Ucar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Ucar şəhər bələdiyyəsi və DTXK-nin Ucar rayon şöbəsi tərəfindən təsdiq edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi Ucar bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlilləri – sözügedən torpaq sahəsi yerində müayinə olunarkən, torpaq sahəsinin üzərindən yüksək gərginlikli 10 kv-luq hava elektrik xəttləri keçməsi, Ucar bələdiyyəsinə aid sənədlərin Ucar rayon Dövlət arxivində saxlanılmaması ilə bağlı olmuşdur. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Digər tərəfdən işdə olan “Mərkəzi Aran” X2 və Satışı İdarəsi Ucar Elektrik Şəbəkəsinin məktubu ilə müəyyən edilir ki, iddiaçının istifadəsində olan Ucar şəhəri, Ə.Səfəroğlu küçəsində yerləşən həyətyanı torpaq sahəsi 10000 V-luq xəttin mühafizə zonasında yerləşsə də, xəttin istismarına maneə yaratmaması və Ucar EŞ həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmədiyi qeyd edilmişdir.. Bələdiyyənin sənədlərinin arxivə təhvil verilməməsi ilə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlər bələdiyyənin özündə mövcuddur və məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmişdir. Həmin sənədlərin arxivə təhvil verilməməsi ilə bağlı cavabdehin etirazının dəlili ümumiyyətlə anlaşılan deyil və mülkiyyət hüququnun qeydiyyatından həmin əsasla imtina edilməsi tamamilə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, Qax bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan iddiaçının müracətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ucar Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarı ilə satılmış 450 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.