Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1654/2023 20.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “0,47 ha, 1.468 ha, 2.3605 ha və 7.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin başqa şəxslərə satılması ilə bağlı araşdırılma aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,47 ha, 1.468 ha, 2.3605 ha və 7.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin başqa şəxslərə satılması ilə bağlı araşdırılma aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 08 avqust 1997-ci il tarixli 21 nömrəli qərarlı, JN0040 40916028 kodlu çıxarışa əsasən 9.70 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ilə atası X1 tərəfindən Ağsu rayon Qaradağ kəndində yerləşən özünə məxsus 9.70 hektardan iddiaçıya 7.3401 ha, 2.3605 ha, 1.468 ha, 0.4721 ha torpaq ərazisini hədiyyə olaraq vermişdir. Həmin hədiyyə olunan torpaq sahələri Şamaxı Rayon Notarial qaydasında verilmişdir. Sonradan iddiaçı həmin torpaq sahələrinin daşınmaz əmlakın reyestrə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə imtina məktubu yazmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda iddiaya münasibət bildirilərək, vətəndaşın ərizələrinə əsasən 9.70 ha torpaq sahələrinə xx.xx.2021-ci il tarixdə yalnız reyestrdən çıxarışlar işlənmişdir. Qeyd olunan çıxarışlara əsasən Şamaxı regional “ASAN XİDMƏT” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-2215 və 4Ə-2214 saylı bağışlanma müqavilələri əsasında qeyd olunan torpaq sahələrinə payları olan digər ailə üzvləri özlərinə məxsus paylarını iddiaçıya bağışlamışlar.Ağsu rayonunun Qaradağ kəndindən alınan şifahi məlumata görə, sözügedən torpaq sahələrini 2007-ci ildə "xxxx" MMC tərəfindən alqı-satqı olunduğunu bildirmişlər. "xxxx" MMC-nın nümayəndəsi ilə əlaqə saxlanmış və məlum olmuşdur ki, 2007-ci ildə Ağsu rayonunun Qaradağ və Rəhimli kəndlərində yerləşən torpaq sahələrinin bir hissəsi alqı-satqı olunmuş, lakin həmin torpaqlara u vaxta kimi reyestrdən çıxarışlar alınmamış və baza məlumatlarına torpaq sahələrinin yeni mülkiyyətçisi barədə qeydlər daxil edilməmişdir.İddiaçı qeyd olunan torpaq sahəsinin üzərində qeyri-qanuni olaraq ikinci dəfə özgəninkiləşdirilmə əməliyyatı aparmışdır.Bütün bü səbəblərə görə ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağsu rayonunun Qaradağ kəndində yerləşən 0.4721 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
1. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağsu rayonunun Qaradağ kəndində yerləşən 1.468 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağsu rayonunun Qaradağ kəndində yerləşən 2.3605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. 2921011539 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağsu rayonunun Qaradağ kəndində yerləşən 7.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsinə əsasən iddiaçının tələbi iki hissədən ibarətdir :
1. 0,47 ha, 1.468 ha, 2.3605 ha və 7.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin başqa şəxslərə satılması ilə bağlı araşdırılma aparılması;
2. Həmin torpaq sahələrinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; İddiaçıya izah edilmişdir ki, torpaq sahələrinin başqa şəxslərə satılması ilə bağlı araşdırılma aparılması tələbinə dair iddiası inzibati mübahisə deyil.Belə ki,həmin araşdırmanın aparılması ilə bağlı özü tərəfindən notariat orqanlarına,elə də də Ədliyyə Nazirliyinin notariat arxivinə sorğu ilə müraciət edərək əldə etmək istədiyi sənədlərin nüsxəsini tələb edə bilər.Sorğu cavablandırılmadıqda və ya imtina edildikdə bu barədə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ yaranar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya iddia olunan torpaq sahələrinə dair Çıxarış verilmişdir.Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Ağsu rayonu Qaradağ kəndində yerləşən 1.468 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Ağsu rayonunun Qaradağ kəndində yerləşən 2.3605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı mülkiyyətindədir.Məhkəmə iclasında iddiaçının izahatından müəyyən edildi ki,onun hüquqi marağı müvafiq çıxarış əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən ibarətdir. Göründüyü kimi hazırjkı iddiaya əsasən iddiaçının hüquqi marağı mövcud deyil və nail olmaq istədiyi hüquqi nəticə çıxarışın verilməsindən ibarət deyil.Odur ki,iddia mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “0,47 ha, 1.468 ha, 2.3605 ha və 7.3401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin başqa şəxslərə satılması ilə bağlı araşdırılma aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə