Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1655/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları: İddia ərizəsinin əsaslarına görə iddiaçı Azərbaycan Respublikasında Qarabağ torpaqları uğrunda gedən döyüşlər zamanında, 1992-ci ildə Qəbələ rayon hərbi komissarlığının xətti ilə çağırışdan sonra Qəbələ şəhərində yerləşən 4 saylı (hazırda Nicat Apayev adına Qəbələ şəhər 4 saylı tam orta məktəbi) məktəbə dəvət edilərək 3 ay müddətində həmin məktəbdə təlim keçmişdir. 17 may 1992-ci il tarixdə isə onu Ağdam şəhərində yerləşən N saylı hərbi hissədə müvafiq olaraq qurulmuş döyüş növbələrinə (postlara) yerləşdirmişlər. Bundan bir müddət sonra isə keçirilən hərbi əməliyyatlarda iştirak etməyə başlamışdır. xx.xx.1992-ci il tarixdə Qarabağın Əsgəran istiqamətində keçirilən hərbi döyüş əməliyyatlarında «Qəbələ batolyonu» şərti adı altında iştirak etmişdir. Batalyonları bundan sonra da Ağdamın Şelli, Abdal Gülablı və sair kəndlərinin müdafiəsində yaxından iştirak edərək bu istiqamətdə aparılan döyüş əməliyyatlarında döyüşmüşdür. Onlarda olan məlumata əsasən Qəbələ batalyonunun döyüşlərdəki iştirakını 3 ay göstərirlər. Halbuki, həmin batalyon vətən torpaqları uğrunda bundan da əlavə 2 ay artıq müddətə döyüşmüşdür. O, çoxsaylı müraciətlərinə baxmayaraq bu günə qədər mübaribə veteranı statusunu əldə edə bilməmiş, Qarabağ döyüşlərində iştirakçı olduğu halda bütün imtiyazlardan məhrum edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki iddia ərizəsində cavabdehlər olaraq göstərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hansı tələbinin olması,müraciətin təmin olunmasından cavabdeh inzibati orqanın imtina etməsi yaxud cavabsız saxlaması barədə sənədin əlavə edilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1655/2022 nömrəli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdehlər hesab edilməsi hissəsində mümkün sayılmamışdır. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/2891 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29 iyun 2021-ci il tarixli, 4/2-4706 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman 22 avqust 1992-ci il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçının xidmət yerini tərk etməsi qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. Müdafiə Nazirliyi hesab edirik ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə anlayışı altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Həmçinin, iş materiallarında olan iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 23-cü səhifəsində iddiaçının hərbi hissədən müvafiq qaydada təxis edilmədiyi üçün Qarabağ hərbi prokurorluğunun başlanmış cinayət işinin CPM-nin 40.2.3, 212-ci maddəsi ilə rədd edilməsinə dair qeyd isə iddiaçıya “Müharibə veteranı” statusunun verilməsini istisna etmiş olur. AR Cinayət-prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yalnız AR CPM-nin 39.1.1, 39.1.2 və 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur və iddiaçı barəsində AR CPM-nin 40.2.3-cü maddəsi, yəni şəraitin dəyişməsi əsası ilə cinayət təqibinə xitam vermə bəraətverici əsas hesab edilmir və iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna etmiş olur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Aşağıdakı sənəd və materiallar məhkəmə araşdırmasının predmeti olmuşdur. İş materiallarında olan: Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh hərbi hissəni özbaşına tərk etdiyi üçün iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/2891 nömrəli etiraz məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29 iyun 2021-ci il tarixli 4/2-4706 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman 22 avqust 1992-ci il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 22/HP4102 nömrəli məktubunda iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli,18/4620 nömrəli məktubunda iddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/5002 nömrəli məktubunda iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. Şəki şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 189-24793-1222 nömrəli məktubundan görünür ki, iddiaçının hər hansı cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda sadalanan məhkəmə araşdırmasının predmetləri hesab edilən sənədlərdən iddiaçının hərbi hissəni özbaşına tərk etməsi müəyyən edilmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticə hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə