Məhkəmə qərarları › İş №2-1(116)-1656/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1656/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1656/2023 14.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri, 124-cü kvartalda yerləşən, hazırda faktiki istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki şəhəri, 124-cü kvartalda yerləşən, hazırda faktiki istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx xxxxxx 1982-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş və həmin kənddə yaşayır. O, X3 uzun müddətdir ki, tanıyır. Onun Şəki şəhəri 124-cü kvartalında 600 (altı yüz) kv.m torpaq sahəsi vardır. Torpaq sahəsinin lazimi sənədləri qaydasındadır. Şəki Bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarış, 49 saylı Qərarına əsasən Şəki şəhəri, 15-ci rayon, F.X.Xoyski küçəsi, 57 saylı evdə yaşayan X2 ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqdəsi ilə şəhərin 124-cü kvartalında mülkiyyətinə 600 (altı yüz) kv.m torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Torpaqların alqısatqısına dair Aktdan görünür ki, Şəki rayon Bələdiyyəsi ərazisində 600 (altı yüz) kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 29 sentyabr tarixli 10/49 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X5 tərəfindən Beynəlxalq Bankın 336503 AZN-3308-01 saylı hesabına əvvəlcədən 240 (iki yüz qırx) manat haqq ödənilmişdir. Şəki şəhər İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən ev tikintisi üçün torpaq sahəsinin sxematik planı verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-39/2-Ə-0005-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim edilən sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqısatqısına dair akt əlavə edilsə də, aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən qeydiyyatdan keçmədiyi müəyyən olunduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Belə ki, ilkin yoxlama materiallarından müəyyən edilmişdir ki, bələdiyyə qərarı ilə torpaq sahəsi T.Əfəndiyevin adına ayrıldığı halda, etibarnaməyə istinadən mübahisəli torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə dair tələb irəli sürülməsi iddia üzrə subyektiv hüquqa malik olmaması səbəbindən yolverilməzdir. Bildirilmişdir ki, ilkin olaraq torpaq sahəsi T.Əfəndiyevin adına rəsmiləşdirildikdən sonra mülki hüquqi əqd vasitəsilə P.Cabbaronun adına özgəninkiləşdirilə bilər. Həmçinin qeyd edilmişdir ki, iddiaçı mübahisəli 600 kv.m torpaq sahəsinin T.Əfəndiyevin adına rəsmiləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malik deyildir. Belə ki, İPM-in 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. İddia ərizəsi etibarnamə əlavə edilməklə İddiaçı tərəfindən imzalansa da, T.Əfəndiyevlə onun qohumluq əlaqəsini təsdiq edən sənəd - doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surəti və şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, o, X2 adından iddia ərizəsi vermək istəməmişdir. İddia ərizəsinə əlavə etdiyi 27 iyul 2013cü il tarixli (10 il müddətinə) X2 ona verdiyi etibarnamədən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsinə lazımi sənədləri toplamaq, Ərazi idarəsindən adına 1 nömrəli forma və çıxarış almaq, o cümlədən sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etmək etibar edilmişdir. İddiaçı etibarnamədə göstərilən səlahiyyətdən istifadə edərək, X2 adına mülkiyyət sənədinin alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh X2 deyil, iddiaçının hüquqlarını pozaraq imtina məktubu vermişdir. İddiaçı hesab edir ki, onun əsaslı müraciətinə cavabdehin əsassız cavab verməsindən sonra hazırkı iddia tələbi üzrə subyektiv hüququ vardır. Qeyd olunanlara əsaslanan iddiaçı ərizəsində iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı torpaq sahəsinin onun adına qeydiyyata alınmasından ibarətdir. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı iclasının qərarı ilə mübahisəli 600 kv.m torpaq sahəsinin X1 qərara alınmış, sonradan sənədləşmə işləri onun adına aparılmışdır. X5 isə öz növbəsində torpaq sahəsinə dair tapşırıqların yerinə yetirilməsi məqsədilə onun adından ərizə verməyi və digər hərəkətləri yerinə yetirməyi xx.xx.2013-cü il tarixli notariat təsdiqli etibarnamə ilə İddiaçı etibar etmişdir. Bu isə iddiaçıya torpaq sahəsinin öz adına rəsmiləşdirilməsini tələb etmək kimi subyektiv hüquq tanımamaqdadır. Qeyd olunanlarla bağlı iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri, 124-cü kvartalda yerləşən, hazırda faktiki istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar