Məhkəmə qərarları › İş №2-1(116)-1657/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1657/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1657/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin sonuncu kursuna bərpa edilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə və ya digər kollecin 3-cü kursuna bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində cavabdeh və iddia tələbi ilə bağlı nöqsanın aradan qaldırılması təklif edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsini göstərmiş, cavabdeh orqanın üzərinə “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin sonuncu kursuna bərpa edilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-1657/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 14/Q saylı xx.xx.2013-cü il tarixli əmri ilə X2 "Məkləbəqədər təhsil” ixtisası üzrə əyani şöbəsinə tələbə kimi qəbul edilmişdir. Həmin kollecə daxıl olduqdan sonra 2013-2014; 2014-2015 və 2015-2016-cı tədris illəri üzrə təhsil almışdır. Təhsil aldığı müddət ərzində bütün imtahanlarda iştirak etmiş və təhsil haqqını tam olaraq ödəmişdir. Kolleci bitirdikdən sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün diplomunun götürülməsi üçün bir müddət Mingəçevir şəhərinə gedə bilməmişdir. Lakin sonra diplomun götürülməsi üçün Kollecə müraciət etdikdə, hər dəfə müxtəlif bəhanələr gətirilmiş və yaxın zamanda diplomunun veriləcəyi bildirilmişdir. Sonradan aidiyyatı orqanlara şikayət ərizələri göndərildikdən sonra məlum olmuşdur ki, X1 təhsil aldığı zaman 2015-2016-cı tədris ilinin ikinci yarım ili üzrə imtahanlardan kəsirləri mövcuddur. Bunun səbəbi araşdırıldıqda məlum oldu ki, həmin təhsil müəssisəsinin keçmiş rəhbərliyi tərəfindən müəyyən vəzifə saxtakarlıqları edilmişdir. Bu üzdən diplomunun verilməsi mümkün olmamışdır və təhsilini davam etdirilməsi üçün AR Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənəti Universtetinin nəzdində Humanitar Kollecə yönəltmişdir. Həmin kollecə qəbul edildikdən sonra məlum olmuşdur ki, o, yenidən 1-ci kurs tələbəsi kimi qeydiyyata alınmışdır. Halbuki o, X1 iki ildən çox müddət ərzində təhsil almış və təhsil haqqını bütövlüklə ödəmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə 1-ci kursa tələbə kimi bərpa edilməyi təhsil haqqı ilə bağlı əlavə xərclərə cəlb edilməklə yanaşı faktiki olaraq müvəffəqiyyətlə bitirdiyi fənlərlə bağlı yenidən təhsil almaq məcburiyyətində qalmışdır. O üzdən hesab edir ki, birinci kurs tələbəsi kimi deyil, təhsilinin davam etdirilməsi üçün həmin və ya digər kollecin 3-cü kursuna bərpa edilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec PHŞ-nin xx.xx.2023-cü il tarixli 2/81-1 saylı əmri ilə Məktəbəqədər təhsil ixtisasının əyani forması üzrə azərbaycan bölməsinin ödənişli əsaslarla təhsil alan İİ təhsil ilinin MT- 022 qrup tələbələri sırasına bərpa edilmişdir. Daha sonra iddiaçı səhhəti ilə bağlı təhsilini davam etdirə bilməməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və kollecin tələbələri sırasından xaric edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 2/101-1 saylı əmri əsasında iddiaçı, kollecin tələbələri sırasından xaric edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı bərpa edildiyi təhsil müəssisəsinin tələbə kontingentindən çıxarıldıqdan sonra həmin kollecin sonuncu kursuna bərpa edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu isə o deməkdir ki, iddia ərizəsi verildiyi zaman iddiaçının hüquqi olaraq tələbə statusu artıq mövcud deyildi. Belə ki, tələbə kontingentindən çıxarılması artıq hüquqi olaraq iddiaçının həmin kollecdə təhsilini davam etdirməsi hüququnu aradan qaldırdığından iddiaçının həmin kollecin sonuncu kursuna bərpa olunması mümkünsüzdür. Çünki artıq tələbə kontingentindən çıxarılmış şəxsə, təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ verilmir. İddiaçının xx.xx.2024-cü il tarixdə həmin kollecə yenidən bərpa edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının sonradan tələbə kontingentinə daxil edilməsi iddia ərizəsinin verildiyi dövrdə mövcud olmuş hüquqi vəziyyətə təsir etmir. Belə ki, məhkəmə yalnız mübahisənin yarandığı dövrə uyğun hüquqi şərtləri və vəziyyəti təhlil edir. Bu halda, iddiaçının məhz həmin dövrdə tələbə kontingentində olub-olmaması işin əhəmiyyətli halıdır. Odur ki, iddia ərizəsinin verildiyi dövr üzrə iddiaçı artıq tələbə kontingentindən çıxarıldığından və onun hüquqi vəziyyəti həmin dövrdə fərqli olduğundan sonradan kollecin tələbələri sırasına bərpa edilməsi, məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Bu isə hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının sbuyektiv hüququnun mövcudluğunu istisna edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının sözügedən kollecin hansı kursunda təhsilini davam etdirməli olması ilə bağlı mübahisə yaranarsa bu mübahisə yalnız sonuncu bərpa olunmadan (xx.xx.2024-cü il tarixdən) sonrakı - dövrə aid olacaqdır və bununla bağlı iddiaçı, mümkünlük şərtlərinə əməl etməklə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin sonuncu kursuna bərpa edilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar