Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1658/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi və dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təyin olunan ÜSY-ın məbləği 07 yanvar 2022-ci il tarixli müraciətinə uyğun olaraq 335 manat deyil, 360 manat 50 qəpik təyin edilməs, hər ay qanunsuz olaraq kəsilən 25 manat 50 qəpik pulun 12-yə vurularaq 306 manat yuvarlaq olaraq 300 manat məbləğində plastik kartına əlavə edilməsi, bütün bu müddət ərzində ona dəymiş maddi və mənəvi ziyan kimi 2200 (iki min iki yüz) manat təzminatın ödənilməsi və əlavə olaraq iş üzrə materialların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7662/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “təyin olunan ÜSY-nin məbləği 07 yanvar 2022-ci il tarixli müraciətinə uyğun olaraq 335 manat deyil, 360 manat 50 qəpik təyin edilməsi, hər ay qanunsuz olaraq kəsilən 25 manat 50 qəpik pulun 12-yə vurularaq 306 manat yuvarlaq olaraq 300 manat məbləğində plastik kartına əlavə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddiaçı 07 yanvar 2022-ci il tarixində ÜSY almaq üçün VEMTAS ilə sənədlərini ƏƏSM Nazirliyinə göndərmişdir. Özü və həyat yoldaşı üçün həm iş yerindən əmək haqqısı haqqında arayışı almış, həm də Azərbaycan Beynəlxalq Bankından əmək haqqı kartlarının çıxarışını almışdır. Həmin sənədlərə əsasən iddiaşının illik əmək haqqı 2605 manat 60 qəpik, arvadının illik əmək haqqı isə 2667 manat 13 qəpik təşkil edib. İddiaçı həmin məbləğləri müvafiq olaraq sistemə daxil etsə də VEMTAS-dan imtina gəlmişdir ki,sistemlə uyğunsuzluq var.İddiaçı bundan sonra məcbur olraq sistemin tələb etdiyi 2789 manat əmək haqqı məbləğini özü və arvadının əmək haqqı məbləği kimi göstərmiş,nəticədə ona 335 manat ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli etiraz məktubunda iddiaya münasibət bildirmişdir. İddiaçının sözügedən dəlilinə münasibətdə bildiririk ki, ünvanlı sosial yardımın təyin edilib-edilməməsi barədə qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla verilir. Məhz bu səbəbdən iddiaçının və arvadının əməkhaqqı məbləğləri informasiya ehtiyatlarından və sistemlərindən (“Əmək və məşğulluq” altsistemi) istifadə edilməklə əldə edilmişdir. Sözügedən altsistemdə isə onların müvafiq olaraq əmək haqqları 2789,94 manat məbləğində göstərilmiş və həmin məbləğ əsasında ailənin orta aylıq gəliri hesablanaraq 335 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı İzzətulla oğlunun adına əmək müqaviləsi və ya müqavilələri üzrə əməkhaqqı məbləğində uyğunsuzluq səbəbindən; Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adıçəkilən şəxsin əməkhaqqı 2789,94 manat olmalıdır, lakin Ərizə-bəyannamədə 2606,0 manat göstərilib.Ailə üzvü X2 adına əmək müqaviləsi və ya müqavilələri üzrə əməkhaqqı məbləğində uyğunsuzluq səbəbindən Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adıçəkilən şəxsin əməkhaqqı 2789 94 manat olmalıdır, lakin Ərizə-bəyannamədə 2668 manat göstərilib. İddiaçı iddia ərizəsində qeyd etdiklərinə əsasən, sistem qəbul etmədiyindən məcbur qalaraq növbəti müraciətində Ərizə-bəyannamədə özünün və arvadının əməkhaqqı məbləğlərini VEMTAS vasitəsilə verilmiş imtina bildirişində göstərilən məbləğə uyğun olaraq 2789,94 manat qeyd etmiş və ona 01.01 2022-cı ıl tarixdən 335 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmu ərizədən görünür ki,İddiaçı ailəni təmsil edən şəxsdir. VEMTAS-ın xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki,iddiaçı və ailə üzvünün əmək haqqı məbləğləri 2789.94 manat göstərilməli olduğundan ünvanlı sosial yardım təyin edilməsindən imtina edilmişdir. İsmayıllı Kommunal Müəssisələri Kombinatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı illik ödənilən yekun əmək haqqısı 2605.60 manat, arvadı H.İ.Cəfərovanın illik ödənilən yekun əmək haqqısı 2667.13 manat olmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı ŞİƏD üzrə Nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ailəni təmsil edən şəxs olmaqla ailə tərkibi arvadı,2007 və 2009-cu il təvəllüdlü iki övladından ibarətdir. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli “hesabdan çıxarış”larından görünür ki, İddiaçı plastik kartına 2605.60 manat, arvadı H.İ.Cəfərovanın plastik kartına 2667.13 manat illik məbləğində əmək haqqı ödənilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Belə ki, mübahisə predmeti olan qərarla ona və digər ailə üzvlərinə onu qane etməyən məbləğdə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər, lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır. Hazırki iş üzrə İddiaçı ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı və onun ailə üzvlərinə aylıq 335 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İşin mübahisələndirilən halı təyin edilmiş ünvanlı dövlət sosial yardımının məbləğidir ki, iddiaçı həmin məbləğin 335 manat deyil, 360,50 manat təyin edilməli olduğunu iddia edir. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanunun : 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır, 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ailə üzvləri 4 nəfərdən ibarət olmaqla onun 2021-ci ildə orta aylıq gəliri 439,50 manat təşkil etmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvericlik normalarına əsasən məhkəmə qeyd edir ki, 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat, iddiaçının 4 nəfər ailə üzvü olmaqla orta aylıq gəliri 439,50 manat olduğundan ona təyin edilməli olan ünvanlı dövlət sosial yardımının məbləği 360,50 manat (200 x 4 = 800 – 439.50 = 360,50) məbləğində olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı İzzətulla oğlunun ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi barədə VEMTAS-ın xx.xx.2022-ci il tarixli ee132a880c241659f15652a7fd66aa0 nömrəli bildirişində ifadə olunan qərarının dəyişdirilərək 360,50 manat məbləğində ünvanlı dövlət sosial yardımının təyin edilməsi və təyin olunmuş 335 manat ünvanlı sosial yardım məbləği ilə 360,50 manat arasında olan fərqin, iddia tələbində göstərilən 300 manat məbləğinin iddiaçın hesabına ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1658/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1658/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver