Məhkəmə qərarları › İş №2-1(116)-1658/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1658/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1658/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1/106 saylı sərəncamı ilə ona satılan ünvan 1 ünvanda yerləşən 83.6 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1/106 saylı sərəncamı ilə ona satılan ünvan 1 ünvanda yerləşən 83.6 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1658/2023 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1/106 saylı sərəncamına əsasən iddiaçıya ünvan 1 ünvanda 83.6 kv.metr sahədə ərazinin tarixi memarlıq kompleksinə uyğun mağaza tikməyə razılıq verilmişdir. Həmin sərəncamla ona satılan əmlakın dəyəri 167.200 manat Şəki şəhər İcra Hakimiyyətinin büdcədənkənar hesabına ödənilmiş və sözügedən əmlak ona təhvil verilmişdir. Sərəncamın icrası ilə bağlı müvafiq prosedurlar, yəni layihə və smeta sənədləri hazırlanmış, lakin maddi imkanı olmadığı üçün təmir tikinti apara bilməmişdir. Həmin əmlakın sənədləşdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, vətəndaş İddiaçı 06 fevral 2023-cü il tarixdə ərizə ilə (daxilolma Ne-si 3-21-3-39/1-A-0006-8) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, Şəki şəhəri, M.F.Axundov prospekti 84 ünvanında yerləşən 83,6 kv.metr torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 06 iyun 2001-ci il tarixli 1/106 nömrəli sərəncamı ilə Şəki şəhər Mənzil istismar sahəsinin balansından çıxarılaraq ərazisində yerləşdiyi Şəki şəhər Tarix-memarlıq qoruğunun tarixi memarlıq üslubuna uyğun mağaza tikilməsi üçün vətəndaş İddiaçı satılmış Şəki şəhəri, M.F.Axundov prospekti 84 ünvanında yerləşən uçulub dağılmış keçmiş mağaza binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindən çıxarılmış olsa belə, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001ci il 498 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”yə əsasən xüsusi mülkiyyətə deyil, bələdiyyə mülkiyyətinə verilməli olduğu üçün vətəndaşa xx.xx.2022-ci il tarixli, 3-21-3-39/2-A- 0006- 8/2023 saylı imtina məktubu verilmişdir. Belə ki, “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə'’nin 2-ci bəndinə əsasən həmin Əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir. Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Şəki şəhəri, M.F.Axundov prospekti 84 ünvanında yerləşən 83,6 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 1/106 nömrəli Sərəncamında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən mağaza binasının tamamilə uçulub dağıldığından, bərpasının qeyri-mümkün olduğunu, Şəki Şəhər Mənzil istismar sahəsi və Tarix Me'marlıq qoruğunun məktublarını, Şəki şəhəri, 9-cu rayon, M.Maqomayev küçəsi, 14 saylı evin sakini İddiaçı ərizəsini, memarlıq-tikinti, şəhər təsərrüfatı və torpaq şöbələrinin rəyini nəzərə alaraq, ünvan 4 ünvanda tamamilə uçub dağılmış keçmiş mağaza binası Şəki Şəhər Mənzil istismar sahəsinin balansından silinməsi, söküntü işlərinin qanuna müvafiq qaydada sənədləşdirilməsi və balanslarında müvafiq düzəlişlər edilməsi Şəki Şəhər Mənzil İstismar sahəsinin rəisi V.Ramazanova tapşırılsın. İddiaçı ünvan 4 ünvanda 83,6 kv. metr sahədə ərazinin tarixi memarlıq kompleksinə uyğun mağaza tikməyə razılıq verilməsi, obyektin ərazinin memarlıq üslubuna uyğun hazırlanmış sxem əsasında inşa edilməsinə nəzarətin Şəki Şəhər icra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinə həvalə edilməsi, mağaza tikiləcək torpaq sahəsinin hər kv.metrinə 2000 (iki min) manat olmaqla cəmi 167200 (yüz altmış yeddi min iki yüz) manat vəsaitin Şəki Şəhər icra Hakimiyyətinin büdcədənkənar fonduna ödənilməsi, aidiyyəti şəxslərə tapşırılmış, ayrılmış torpaq sahəsinin dəyəri ödənildikdən sonra tikinti aparılacaq ərazinin yerində ölçülərək vətəndaşa verilməsinin təmin edilməsi qərara alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 80 kv.metr olub döngə nöqtələri koordinatları, üzərindən keçən 10 kv-luq elektrik xətti tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. TEKUİS (X5 X8) məlumat bazasında iddia edilən torpaq sahəsi X1 kateqoriyasına aid Uqodiyası Yollar və Küçələr olmaqla, Şəki bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan ərazi kimi göstərilmişdir. Şəki şəhər İHB-nın xx.xx.2001-ci il tarixli 1/106 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş mağaza binasının altında yerləşən torpaq sahəsinin göstərildiyi sxemdəki ayrılmış sahə ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi qismən uyğunluq təşkil edir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin NECAS (yeni kadastr sistemi) proqramına əsasən digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 1/106 nömrəli sərəncamın 3-cü və 4-cü bəndlərində torpaq sahəsinin satılması və ya icarəyə verilməsi ilə bağlı qeyd öz əksini tapmadığından, həmin vaxtı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadəsinə verildiyi qənaətinə gəlinir. Belə ki, həmin torpaq sahəsi vətəndaş İddiaçı mağaza binası tikilməsi üçün verilmiş, lakin o, həmin torpaq sahəsində mağaza tikintisini həyata keçirməmiş, həmin torpaq sahəsindən istifadə etməmişdir. Həmin dövrün qanunvericiliyinə əsasən də, əgər ayrılmış torpaq sahəsindən şəxs 2 il ərzində istifadə etmədikdə, torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş qərar qüvvədən düşmüş hesab edilirdi. Azərbaycan Respublikasının torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuş və göstərilmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bundan başqa "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki Şəhər icra Hakimiyyətinə verilmiş rəsmi məlumata əsasən, Şəki şəhəri, M.F.Axundov prospekti, 84 ünvanında yerləşən 83.6 kv torpaq sahəsi hal-hazırda da boş torpaq sahəsidir, üzərində hər hansı daşınmaz əmlak mövcud deyildir. Həmin torpaq sahəsi elektron baza məlumatlarında bələdiyyə mülkiyyətində ümumi istifadədə olan ərazi kimi göstərilmişdir. Belə olan halda, bu nəticə alınır ki, sözügedən torpaq sahəsi mağaza binası tikilməsi üçün İddiaçı istifadəsinə verilmiş, lakin o torpağa sahiblik etməmiş, ondan istifadə etməmiş, aparılan digər islahatlar zamanı da həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilərək, ümumi istifadədə olan torpaq sahəsi olaraq qeydə alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, ünvan 1 ünvanda yerləşən 83.6 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 1/106 nömrəli Sərəncamı ilə ona mağaza tikintisinə icazə verilməsini, tərəfindən həmin sərəncamla ona satılan əmlakın dəyərinin ödənilməsini bildirir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya satılıb-satılmaması ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə sorğu verilmiş, sonuncunun cavab məktubunda bildirilmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 1/106 nömrəli Sərəncamında həmin torpaq sahəsinin iddiaçıya satılması və ya icarəyə verilməsi ilə bağlı qeyd öz əksini tapmamış, həmin vaxtı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadəsinə verilmişdir. Belə ki, həmin torpaq sahəsi vətəndaş İddiaçı mağaza binası tikilməsi üçün verilmiş, lakin o, həmin torpaq sahəsində mağaza tikintisini həyata keçirməmiş, həmin torpaq sahəsindən istifadə etməmişdir. Həmin dövrün qanunvericiliyinə əsasən də, əgər ayrılmış torpaq sahəsindən şəxs 2 il ərzində istifadə etmədikdə, torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş qərar qüvvədən düşmüş hesab edilirdi...Sözügedən torpaq sahəsi mağaza binası tikilməsi üçün İddiaçı istifadəsinə verilmiş, lakin o torpağa sahiblik etməmiş, ondan istifadə etməmiş, aparılan digər islahatlar zamanı da həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilərək, ümumi istifadədə olan torpaq sahəsi olaraq qeydə alınmışdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı cavabdeh orqandan mütəxəssis rəyi alınmış, müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi X1 kateqoriyasına aid, yollar və küçələr olmaqla, Şəki bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan ərazidir. Beləliklə işin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya satılmamışdır və sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövvlət qeydiyyatına alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, eyni zamanda həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hazırkı işdə isə iddia olunan torpaq sahəsinin iddiaçıya hüquqmüəyyənedici sənəd əsasında ayrılması müəyyən edilmir. İddiaçı tərəfindən Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədiyindən, cavabdeh orqan sözügedən Qanunun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1/106 saylı sərəncamı ilə ona satılan ünvan 1 ünvanda yerləşən 83.6 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar