Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1658/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən 2012-ci ildə zəlzələ nəticəsində həyat yoldaşı tərəfindən inşa olunmuş 2 (iki) mərtəbəli evlərində fəsadlar əmələ gəlişdir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən evlərinə baxış keçirilmiş və evin qəzalı olmasına dair rəy verilmişdir. Evləri 2 mərtəbəli və 300 kv.m olduğuna görə FHN tərəfindən evin sökülərək yerində 5 otaqlı, 2 mərtəbəli evin tikiləcəyi bildirilmişdir. Həmin vaxt Zaqatala rayonunda evlərin tikintisinə başlanılsa da onların evi tikilməmişdir. 2021-ci ildə FHN-nin nümayəndələri tərəfindən bildirilmişdir ki, “bundan sonra ancaq 2 otaqlı evlər tikiləcək, razı olmadıqları halda isə imtina ərizəsi təqdim etməlidilər”. Təzyiq altında 2 otaqlı evin tikintisinə razılıq vermişlər. Onlara 2 otaqlı, 80 kv.m yeni ev tikilib təhvil verilmişdir. Hal-hazırda yeni tikilmiş 2 otaqlı evdə iki oğlu, iki qızı, onların ailələri ilə birlikdə yaşayır. Ailə vəziyyəti ilə əlaqədar olaraq yeni 2 otaqlı evlə təmin olunmaq üçün cavabdeh orqana müraciət etsə də, müraciətinə baxan olmamışdır. 2 ildir ki, rayon ərazisində 3 və 4 otaqlı yeni evlərin tikintisi gedir. Cavabdeh orqan iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı- vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda, “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərə əsasən mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bununla yanaşı, o öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş vətəndaşlara mənzil hüququnu gerçəkləşdirmək üçün ailə üzvlərinin sayına uyğun olaraq birtipli layihələr əsasında evlər tikmiş və təhvil vermişdir. Belə ki, 2012-ci ildə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən tabeliyində olan inzibati ərazilərdə ziyan dəymiş yaşayış və sosial obyektlərlə bağlı tərtib etdiyi siyahılar əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən və yerli icra hakimiyyətlərin nümayəndələrindən ibarət komissiyalar ziyan dəymiş yaşayış evlərinə baxışlar keçirmiş və müvafiq aktlar tərtib etmişlər.Həmin baxışların nəticəsində bütün ziyan dəymiş evlər, zəlzələdən sonra düşdüyü vəziyyətə və orada yaşayanların sayına uyğun olaraq 3 kateqoriyaya bölünmüşdür: qəzalı, bərpaya və ya təmirə ehtiyacı olan evlərə. Bu istiqamətdə dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə hər bir kateqoriyaya uyğun olan müvafiq tədbirlər yerinə yetirilmişdir. 25 mart 2013-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndində İddiaçı Məhəmməd qızının evinə keçirilmiş baxış nəticəsində onun həyat yoldaşı X5 və oğlu X6 adına baxış aktı tərtib edilmişdir. Həmin baxış aktına əsasən sözügedən ev sökülərək əvəzinə birtipli layihə üzrə yeni evin tikilməsi üçün qəzalı evlər siyahısına (qəzalı kateqoriyaya) daxil olunmuşdur. Bildiririlər ki, X7 yazılı şəkildə razılığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 otağlı ev 2021-ci il tarixində tikilmiş və icra hakimiyyətinin balansına verilmişdir. Həmin müddət ərzində vətəndaş tərəfindən tikilmiş evə və görülmüş tədbirlər barədə hər hansı şəkildə etirazı olmamışdır. Vətəndaşın 2-ci evin tikilməsi ilə bağlı ərizəsi Agentlikdə baxılmış və ona 2-ci evin tikilməsinin mümkün olmaması barədə 18 sentyabr 2024-cü il tarixli, 3-18-2/2- 9886/2024 nömrəli məktubla bildirilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli imtina məktubu;
2. Zaqatala Rayon İcra Hakimiyyətinin 27 dekabr 2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər;
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin etiraz məktubu və ona əlavə edilmiş sənədlər;
TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazda qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.4. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52.Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə: Bənd 7.2. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Bənd 8.9. Təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, Bənd 8.41. Fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
MƏHKƏMƏSİNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
İddianın əsaslılığı: Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yerinə əlavə 2 otaqlı evin tikilməsindən ibarətdir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu, Göyəm kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdeh orqan tərəfindən qəzalı olaraq qiymətləndirilmiş və 25 mart 2013-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndində İddiaçı Məhəmməd qızının evinə keçirilmiş baxış nəticəsində onun həyat yoldaşı X5 və oğlu X6 adına baxış aktı tərtib edilmişdir. Həmin baxış aktına əsasən sözügedən ev sökülərək əvəzinə birtipli layihə üzrə yeni evin tikilməsi üçün qəzalı evlər siyahısına (qəzalı kateqoriyaya) daxil olunmuşdur. 2021-ci ildə iddiaçının oğlu X6 yazılı şəkildə razılığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 otaqlı ev tikilmiş və təhvil verilmişdir. Hazırda da iddiaçı və ailəsi həmin fərdi yaşayış evində yaşayırlar. İddiaçı, ailə tərkibinin geniş olduğunu bildirərək, cavabdeh orqandan ona əlavə 2 otaqlı fərdi yaşayış evinin tikilib verilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamında qeyd edilmişdir ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyinin rəsmi dövlət saytında yerləşdirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20000000 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Nazirlər Kabinetinin qeyd olunan sərəncamı əsasında üzərinə qoyulan məsuliyyəti yerinə yetirmiş, iddiaçının ailəsi üçün 2 otaqlı fərdi yaşayış evi inşa edilərək, təhvil verilmişdir. İddiaçı və ailə üzvləri tərəfindən tikilmiş evə və görülmüş tədbirlər barədə hər hansı şəkildə etiraz olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsaitin ayrılması, dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında məqsəd zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçıya (ailəsinə) zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yerinə iki otaqlı yeni mənzil inşa edilərək təhvil verməklə cavabdeh orqan Nazirlər Kabinetinin yuxarıda qeyd edilən sərəncamından irəli gələn vəzifələrini yerinə yetirmişdir. Nəticə etibarı ilə cavabdehin iddiaçı və ailə üzvlərinə yenidən mənzil tikməklə bağlı hər hansı öhdəliyi olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olduğundan iddia təmin edilməli deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «əlavə olaraq 2 otaqlı evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim X10