Məhkəmə qərarları › İş №2-1(116)-1667/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1667/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1667/2023 24.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “zəlzələdən uçmuş evinin tam sökülüb yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdeh orqan olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi qeyd edilməsini və cavabdehin üzərinə Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə 2019-cu ilin fevral ayında Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zəlzələ baş vermiş, nəticədə iddiaçıya məxsus Ağsu rayonu, Dilman kəndində yerləşən fərdi yaşayış evi yararsız vəziyyətə düşmüşdür. İddiaçı, baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsini bildirərək, zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Agentliyin bir qrup mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahılar əsasında yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Agentliyin mütəxəssisləri 28 fevral 2019-cu il tarixdə Ağsu rayonu, Dilman kəndində olmuş, kənd sakinlərinə məxsus evlərlə yanaşı İddiaçı evinə də baxış keçirmiş və müvafiq akt tərtib etmişlər. Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə tərtib edilmiş aktlar tutuşdurulan zaman, iddiaçıya məxsus evdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən həmin evə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə təkrar baxış keçirilmiş və yeni akt tərtib edilərək icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Həmin Aktda İddiaçı evində aşkar olunmuş qüsurların fiziki köhnəlmə nəticəsində yarandığı və evin bərpaya ehtiyac olduğu qeyd olunmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, evdə aşkar olunmuş qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından hər hansı tədbirin görülməsi qeyrimümkündür. Bu səbəbdən məsələ yalnız qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada həll oluna bilər. Eyni zamanda məlum olduğu kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Vətəndaşın son müraciətinə iddiaçının fərdi yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqənin olmaması, fiziki köhnəlmə nəticəsində əmələ gəlməsi və hər hansı köməkliyin göstərilməsi mümkünsüzlüyü barədə 05 iyul 2022-ci il tarixdə əsaslandırılmış cavab verilmişdir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə, iddia mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 37/N-02110 nömrəli imtina məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə Ağsu rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında rayonun Dilman kəndində iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı fərdi yaşayış evində uzun müddət yaşayış olmadığı, evin yükdaşıyan divarlarında bir sıra qüsurların yarandığı və bərpa işlərinin aparılmasına ehtiyac yarandığı müəyyən edilmişdir. Mütəxəssislərin rəyinə əsasən fərdi yaşayış evində yaranmış qüsurlar fiziki köhnəlmə nəticəsində əmələ gəlmişdir və təbii fəlakətlə əlaqəsi yoxdur. Fərdi yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından, iddiaçıya faktla bağlı hər hansı köməklik göstərilməsi mümkün deyildir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu Dilman kəndində, 0,1366 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2013-cü il tarixli 8135 inventar nömrəli (**********02-10301 reyestr nömrəli) texniki pasportdan görünür ki, Ağsu rayonu Dilman kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı, həmin sənəddə fərdi yaşayış evinin A literi üzrə tikildiyi il 1915-ci il, B literi üzrə isə 1972-ci il qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli baxış aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin xarici divarlarında künclərdə əyilmələr, daxili divarlarda divar birləşmələrində qapı pəncərə boşluqları ətraflarında müxtəlif istiqamətli çatlar müşahidə olunmuşdur. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi yoxdur. Fiziki köhnəlmə. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu Dilman kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəydiyini və fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan evinin tam sökülərək yerində yeni evin tikilməsini tələb edir. Cavabdeh orqan isə fərdi yaşayış evində uzun müddət yaşayış olmadığını, evin yükdaşıyan divarlarında bir sıra qüsurların yarandığını və bərpa işlərinin aparılmasına ehtiyac yarandığı qeyd etsə də, fərdi yaşayış evində yaranmış qüsurların fiziki köhnəlmə nəticəsində əmələ gəldiyini və təbii fəlakətlə əlaqəsinin olmamasını bildirir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evini “qəzalı” və ya “bərpaya ehtiyacı olan” tikili kimi qiymətləndirməsindən asılı olmayaraq, hər bir halda onun həmin fərdi yaşayış evini sökərək yeni fərdi yaşayış evi tikmək öhdəliyi yoxdur. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu, Şamaxı, İsmayıllı rayonlarında baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar