Məhkəmə qərarları › İş №2-1(116)-1669/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1669/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1669/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1960-cı ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş və hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadır. Yaşadığı ünvan üzrə orta məktəbi bitirdikdən sonra əvvəlki Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1978-xx.xx.1980-cı il illərdə 2 il 2 gün hərbi xidmətdə olmuşdur (Hərbi bilet № 3580903). Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-cı ildə X1 (PMK-13) ikinci dərəcəli fəhlə peşəsinə qəbul olunmuş (Əmr № 11682/xx.xx.1980) və xx.xx.1980-xx.xx.1980-cı ilədək həmin müəssisədə 1 ay 23 gün fəhlə işləmişdir. Bundan sonra iddiaçı müəssisənin əmri ilə qaynaqçı ixtisası üzrə kursa göndərilmişdir. Ukrayna SSR Nazirlər Soveti yanında Texniki Təhsil Komitəsində xx.xx.1980-xx.xx.1981-ci illərdə 5 ay 19 gün qaynaqçı ixtisası üzrə kurs keçmişdir (şəhadətnamə № 6696). Kursu bitirdikdən sonra PMK-13-də elektrik qaynaqçısı peşəsinə qəbul olmuş (Əmr № 3392/xx.xx.1981) və həmin müssəsidə elektrik qaynaqçısı kimi xx.xx.1981-xx.xx.1981-ci ilədək 5 ay 18 gün müddətində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 9351/xx.xx.1981). Bundan sonra Şəki rayon Orta Zəyzid kənd “Lenin” adına kolxozda avtogen qaynaqçısı peşəsində qəbul olmuşdur. Bu barədə Kolxozun xx.xx.1981-ci il tarixli 7 nömrəli kolxoz idarə heyəti iclas protokolundan çıxarış mövcuddur və həmin kolxozda 17 il 2 ay 13 gün avtogen qaynaqçısı işləmişdir. Eyni zamanda Respublika Dövlət Arxinin Şəki filialının təqdim etdiyi "Orta Zəyzid” X3 Komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli arayışında bildirilmişdir ki, təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-1958ci illərin və 1991-ci ildə həmin binanın İİ dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yandığından həmin sənədlər arxivə təhvil verilməmişdir. Ona görə də arxiv arayışında 1987-1990-cı illərdə iddiaçının işlədiyi dövrün əmək haqqı və günlər göstərilməmişdir. Bundan əlavə Orta Zəyzid kənd baxçasında 1994-2004-cü ilin avqust ayınadək 9 il 8 ay müddətində gözətçi peşəsində işləmişdir. Bu müddətin 1994- 1998-ci illərə aid hissəsi kolxozda işlədiyi dövrlə eyni vaxta təsadüf edir. Bundan sonra 2011-ci ilin sebtyabr ayından bugünədək iddiaçı "xxxx” ASC-də elektrik quraşdırıcısı kimi əmək fəaliyyəti göstərmiş və hazırda da həmin təşkilatda işləyir. İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 il 10 ay 13 gün təşkil edir, bunun da 17 il 6 ay 29 günü təkcə qaynaqçı işlədiyi illərdir ki, bu da zərər iş kateqoriyası aiddir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına müraciət etmişdir. Lakin cavabdeh orqan məktubunda iddiaçıya bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərini Şəki Regional “Asan Xidmət” Mərkəzinin əmək pensiyalarının təyin edilməsi bölməsi vasitəsi ilə Dövlət Sosial Müdafiə Fond publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialına təqdim etməlidir. Buna baxmayaraq iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialına müraciət etmiş və həmin orqandan rəsmi olaraq imtina cavabı almış amma yalnış cavabdeh orqana qarşı iddia tələbi qaldıraraq məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003- cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “X2 İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF X2 İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, onun ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının) həyata keçirilməsi həmin tarixdən dayandırılmış, yəni həmin tarixdən Fondun rayon (şəhər) şöbələrinin bu tələblər üzrə cavabdeh olması istisna edilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialına qarşı hazırki tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldıra bilər. Çünki hazırkı iddia Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlmədiyindən və iddia tələbinə cavab verən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialının hüquqi ünvanı olan Z.Bünyadov 43 ünvanı Bakı şəhərində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 İdarəsinin yerləşdiyi yer (Bakı şəhəri, Z.Bünyadov 43) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar