Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-167/2021 20.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 12.08.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən iddiaçıya 25 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.0 ha torpaq sahəsi icarəyə verilmiş və sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə aralarında 29.12.2006-cı il tarixdə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmçinin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən rəy verilməklə həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi məqsədəuyğun hesab edilmiş və bələdiyyə fondundan icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı tərtib olunmaqla təsdiqlənmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddət iddiaçının icarəsində olmasına baxmayaraq dövlət reyestrində qeydiyyatı aparılmamış və iddiaçıya müvafiq sənəd təqdim edilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 18.06.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasında imtina edilmişdir. İddiaçı məhkəməyə daxil olan 29.06.2021-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 15.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 2 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrazı ilə bağlı Gödəkqobu kəndində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Gödəkqobu bələdiyyəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, Gödəkqobu kənd əhalisi narazılıq etdiyi üçün 2 ha torpaq sahəsinə dair dövlə reyestrindən çıxarışın alınmasını İddiaçı təmin etməlidir. Əks halda məhsul yığımı başa çatdıqdan sonra həmin sahənin boşaldılması tələb olunur. İş materiallarında olan Gödəkqobu bələdiyyəsinin cavabdeh orqana ünvanladığı 09.12.2019-cu il tarixli məktubdan görünür ki, torpaq sahəsinin 25 il müddətinə icarə hüququ əsasında qeydiyyata alınmasına bələdiyyə etiraz etməmişdir. İş materiallarında olan 29.12.2006-cı il tarixli 18 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X7 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 2.0 ha torpaq sahəsi 25 il müddətinə k/t məhsulları əkmək üçün Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyənin ehtiyat fondundan 2.0 ha torpaq sahəsi kənd təsərrüfatı əkinçilik məqsədi üçün İddiaçı icarəyə ayrılması qərara alınmışdır. İş materiallarında olan DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, Gödəkqobu kənd sakini İddiaçı 2.0 ha torpaq sahəsinin icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur və şöbə qeyd olunan torpaq sahəsinin İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.12.2020-ci il tarixli məktubda qeyd edilir ki, Zərdab rayonu Gödəkqobu kəndində yerləşən və İddiaçı icarəsində olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla şoranlıq ərazidir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Zərdab rayon Gödəkqobu bələdiyyəsinin xəritə materiallarına və baza məlumatlarına (DWJ) əsasən Gödəkqobu bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı şoran torpaqlara düşür. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 22.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 2.0 hektar torpaq sahəsi üzərində icarə hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi üzərində X2 və qeyrilərinin hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məlumat üçün bildirilir ki, Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələrinə baxış keçirilən zaman torpaq sahəsi üzərində Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən kütləvi mübahisə olduğu aşkar edilmişdir. Həmçinin kənd sakinlərinin imzası ilə kütləvi şikayət ərizələri olmuşdur. Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələri üzərində kənd sakinlərinin kütləvi şikayətinin olması ilə bağlı İddiaçı ərizəsinin icrasından imtina edilərək **********65, **********74 və **********32 nömrəli məktubla bildiriş göndərilmişdir. İş materiallarında olan Gödəkqobu kənd sakinlərinin məhkəməyə ünvanladıqları ərizədə qeyd edilir ki, Zərdab rayonu Gödəkqobu kənd sakini İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edib. İddiaçı iddiasının mahiyyəti kəndə məxsus təbii gölün müəyyən hissəsini və bələdiyyəyə məxsus təxminən 4 ha torpaq sahəsini nəyin bahasına olur-olsun icarə üçün öz adına sənədləşdirilməsidir. Həmin göl 10 hektardan çox olan ərazini əhatə edir. Sözügedən təbii gölün İddiaçı adına sənədləşdirilməsi qanunamüvafiq deyil. Çünki həmin göl kəndə məxsusdur, göldən kənd sakinləri istifadə edib yararlanırlar. Gödəkqobu kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və balıqçılıqdır. İddiaçı iddiasının təmin olunması bir kəndin aclığa məhkum olunmasına gətirib çıxaracaq. Bu isə ağır nəticələrə səbəb olacaqdır. Gödəkqobu kəndində örüş torpaqları çox az olduğu üçün kənd sakinləri əziyyət çəkirlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinə dair 2 müxtəlif yerquruluşu planı tərtib edilmişdir. Hər iki yerquruluşu planı (birinin əsli, digərinin surəti) iddiaçı tərəfindən məhkəməyə təqdim olumuşdur. Qeyd olunan planlar bir-birindən kəskin fərqlənir. Bundan başqa məhkəmənin icraatında olan analoji tələblə bağlı başqa iddiaçının iddialarına dair iki iş üzrə (2-1(116)-129/2021 və 2-1(116)-130/2021) arxivə və inzibati nəzarət orqanına sorğular verilmiş, arxivdə və inzibati nəzarət orqanında Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı qərarının olmadığı aşkar olunmuşdur. Bundan başqa həmin işlər üzrə bələdiyyədən 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı və 29.12.2006cı il tarixli, 16 saylı qərar tələb olunsa da, məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 2.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə DT və XK-nin Zərdab rayon şöbəsinin rəyi şöbə müdiri A.Orucov tərəfindən imzalandığı halda, eyni tarixli qərar əsasında X3 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəyi şöbə müdiri E.Məlikov imzalamışdır. 2-1(116)-129/2021 və 2- 1(116)-130/2021 saylı işlərdə olan 2011-ci il tarixində qeydə alınmış plan-ölçü sənədlərində şöbə müdiri E.Məlikov qeyd olunmuşdur. Qeyd olunan hallar və bələdiyyə qərarının əslinin olmaması iddia tələbinin təmin olunmasını istisna edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi icarə müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın icarəyə verilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, icarəyə götürən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. İcarə müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. İddiaçı ona torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyənin qərarını təqdim etməmişdir. (məhkəməyə təqdim olunmuş qərardan çıxarışın həqiqiliyi təsdiq olunmamışdır.) İddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın olmaması faktı, iddia tələbinin təmin olunmaması üçün həlledici və kifayətedici əsasdır. Ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar arxivdə aşkar edilməmiş, bələdiyyə də belə bir qərarın olmasına dair sənəd təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin qərar təqdim edilmədiyindən, iddiaçıya bələdiyyə qərarı ilə qanuni əsaslarla həqiqətən torpaq sahəsinin ayrılması müəyyən edilmir. Bu baxımdan iddiaçının təqdim etdiyi qərardan çıxarışın mötəbərliyi təsdiq olunmadığından, icarə hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə iddiaçı haqlı deyildir. Onun tələbi maddihüquqi əsasa söykənmir və qanunvercilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinə cavab vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 321 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-167/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-167/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver