Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-167/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Ucar şəhəri Oğuz küçəsi 9 ünvanında, 9 saylı binanın qarşısında iddiaçıya satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Ucar şəhəri Oğuz küçəsi 9 ünvanında, 9 saylı binanın qarşısında iddiaçıya satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Ucar bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 12 saylı qərarı ilə Ucar şəhərinin Oğuz küçəsi ərazisində iddiaçıya 20 kv.m torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tamamilə ödənilmiş, torpaq sahəsinin planı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin heç bir kommunikasiya xəttinə maneə yaratmadığı müəyyən edilmişdir. İddiaçı memarlıq planlaşdırma layihəsinə uyğun olaraq həmin torpaq sahəsində bir mərtəbəli qeyri-yaşayış obyekti tikmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciət təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı üçün əsaslar tam şəkildə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 3.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə cazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya stifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti ayihəsinin memarlıq-plarılaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bildirilir ki, qeyri yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən Ucar RİHB-nın tikinti obyektinin istismarına icazəsini təqdim etməmişdir. Həmçinin bildirilir ki, Ucar şəhəri, Oğuz küçəsində yerləşən 0.002 hektar sahibkarlıq torpaq sahəsinin ayrılması barədə Ucar şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı iclas protokolundan çıxarış təqdim edilmişdir. Ucar şəhəri, Oğuz küçəsində yerləşən 0.002 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaq shəsinin sənədləşməsi üçün əsas olan torpaqların alqı-satqısına dair Akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına əsasən torpaqların alqı-satqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Əlavə olaraq bildirilir ki, torpaq sahəsinin ayrılması barədə Ucar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin, DTXK-nin Ucar rayon şöbəsinin Rəyi və Yerqurluşu sxemi təqdim edilməmişdir. Ucar şəhəri, Oğuz küçəsində yerləşən 0.002 hektar sahibkarlıq torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarında ictimai tikililərin ərazisi kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli **********03 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Aparılan araşdırma zamanı qeyri-yaşayış binasına tikinti obyektinin istismarına icazə sənədinin, Oğuz küçəsində yerləşən 0,002 hektar sahibkarlıq torpaq sahəsinə dair alqı-satqı aktının, bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin yerquruluşu sənədlərinin ərizəyə əlavə olunmadığı, həmçinin, sözügedən qeyri-yaşayış binasının 2 mərtəbəli yaşayış binasına bitişik, həmin yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsində inşa olunduğu məlum olmuşdur. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-167/2022 nömrəli qərardadı ilə Ucar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs Ucar bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin iddiaya qarşı yazılı rəsmi münasibətinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Ucar bələdiyyəsinin xx.xx.2007-ci ilt arixli 12 saylı qərarından görünür ki, iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Ucar bələdiyyəsinin ərazisindən 0,0020 ha torpaq sahəsinin satılması qərara alınmışdır. DTXK-nın Ucar rayon şöbəsinin rəyindən görünür ki, Şöbə 0,0020 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün iddiaçıya satılmasına etiraz etməmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Ucar bələdiyyəsinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarına əsasən iddiaçıya 0,0020 ha torpaq sahəsi satılmış və tərəflər arasında akt tərtib edilmişdir. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. Akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Sözügedən akt DTXK-nın Ucar rayon şöbəsində xx.xx.2007-ci ildə 244 nömrəsi ilə qeydiyyata alınmışdır. Ucar RİH Memarlıq və tikinti şöbəsinin rəyindən görünür ki, Şöbə 0,0020 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini Ucar bələdiyyəsinin hesabına ödəmişdir. Ucar rayon Dövlət Arxivinin xx.xx.2021-ci ilt arixli 28 nömrəli məktubunda qeyd olunur ki, Ucar Bələdiyyəsinin daimi və arayış xarakterli sənədləri fəaliyyətə başladığı tarixdən hazıradək Ucar rayon Dövlət Arxivinə təhvil verilməyib. Cavabdehin xx.xx.2022-ci il tarixli **********64 nömrəli məktubunda qeyd olunur ki, elektron bazada təqdim olunan, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında məhkəmə tərəfindən təqdim olunan, koordinatlar qeyd edilmiş sxemdə göstərilən 12 kv.m torpaq sahəsi, həmçinin İddiaçı naturada göstərdiyi, üzərində tikili olan 20 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, şərti yararsız torpaqlar uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Koordinatlar qeyd edilmiş sxemdə göstərilən 12 kv.m torpaq sahəsi, həmçinin İddiaçı naturada göstərdiyi, üzərində tikili olan 20 kv.m torpaq sahəsi iki mərtəbəli yaşayış binasına birləşik olmaqla elektron baza məlumatlarında “ümumi istifadədə olan torpaqlar” kimi göstərilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və buna səbəb kimi alqı-satqı aktının olmamasını göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı alqı-satqı aktının mövcud olduğu müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis rəyində isə həmin torpaq sahəsinin yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olmaqla iddiaçının istifadəsində olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Ucar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Ucar şəhəri Oğuz küçəsi 9 ünvanında, 9 saylı binanın qarşısında iddiaçıya satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin üzərinə Ucar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Ucar şəhəri Oğuz küçəsi 9 ünvanında, 9 saylı binanın qarşısında İddiaçı satılmış 0,002 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-167/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-167/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver