Məhkəmə qərarları › İş №2-1(116)-167/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-167/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-167/2025 20.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzilə xx.xx.2011-ci il tarixli, 251 nömrəli Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında xx.xx.2011-ci il tarixdə 121 saylı order verilmişdir. İddiaçı, sözügedən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı tərəfindən ərizəsinə əlavə edilən orderin surətindən göründüyü kimi, 121 saylı order iddiaçıya xx.xx.2011-ci il tarixində Yevlax şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 251 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Xüsusi qeyd: Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2011-ci il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı və onun əsasında verilmiş xx.xx.2011-ci il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(1021-636/2020 saylı xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da, araşdırılmalıdır. Hazırkı iş üzrə order 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu ıl tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə buna hüququ yaratmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, 15 dekabr 2011-ci il tarixli 121 nömrəli orderin surəti, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı, Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu, xx.xx.2012-ci il tarixli çıxarış, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Yevlax şəhər 3 saylı MTİS-in Arayışı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Lakin, sözügedən mənzil Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında iddiaçının mülkiyyətinə deyil, daimi yaşamaq hüququ əsasında verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sözügedən mənzil iddiaçının istifadəsində olmaqla, 3 saylı Mənzil- Təmir İstismar sahəsinin balansındadır və dövlət mənzil fonduna aiddir. Məhkəmə tərəfindən 2009-cu ildən sonra verilmiş orderlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mənzillərə dair sənədlər cavabdeh orqandan götürülərək yoxlanılmışdır. Müəyyən edilmişdir ki, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 1, mənzil 7 (23,39 kv.m) və ev 1, mənzil 5 (32,78 kv.m) ünvanlarına dair X2 və X1 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında verilmiş orderlərə əsasən aparılmışdır. Göründüyü kimi, adları qeyd edilən şəxslər də iddiaçının yaxın qohumları olmaqla, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olsalar da, aşkar edilmiş hal bütövlükdə inzibati orqanın formalaşmış inzibati praktikasını yox, bir ailəyə münasibətdə yol verilmiş əmlak hüquqlarının qeydiyyatı ilə bağlı qanunsuz hərəkətləri kimi qiymətləndirilməlidir. Yəni, faktiki olaraq 2009-cu ildən sonra verilmiş orderlərə münasibətdə inzibati orqanın davamlı və ümumi xarakter daşıyan inzibati praktikası mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı 1984-cü ildə doğulmuş və 2011-ci il tarixli sərəncamın verildiyi zaman 27 yaşında olmuşdur. Onun uzun müddət daimi yaşadığı ünvan - valideynləri ilə birgə yaşadığı ünvan olmalı idi. Lakin, iddiaçının və digər yaxın qohumlarının Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında müxtəlif mənzillərdə daimi yaşayış hüququ ilə təmin edildiyi aşkar olunur. Bu sərəncama əsasən mənzil verilərkən həmin şəxslərin bu mənzillərdə uzun müddət yaşadıqları qeyd olunsa da, məhkəmə, bir ailənin fərdlərinin ayrı-ayrı mənzillərdə yaşamasını inandırıcı hesab etmir və bunu müxtəlif mənzillərin əldə edilməsi üçün formal sənədləşmə kimi qiymətləndirir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamına etimad hüququna münasibətdə məhkəmə qeyd edir ki, faktiki olaraq sözügedən inzibati akt yalnız mənzildə daimi yaşayış hüququnu təmin edir və mülkiyyət hüququnun yaranmasına əsas ola bilməz. Hətta həmin inzibati akt mənzilin iddiaçının mülkiyyətinə verilməsini nəzərdə tutsa belə bu zaman yenə də, etimad hüququnun tətbiqi istisna ediləcəkdir. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır. Odur ki, istinad olunan inzibati akt iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsası olaraq çıxış edə bilməz Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 və onun əsasında verilmiş orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar