Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1670/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, X1 X3 İdarəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “X4” və “Halal Dönər” və Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən “X2” sahibkarlıq obyektlərində hansı şəxsin (vergi ödəyicisinin) fəaliyyət göstərdiyi (soyadı, adı, ata adı və VÖEN-i) barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X1 X3 İdarəsi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək “Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “X4” və “Halal Dönər” və Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən “X2” sahibkarlıq obyektlərində hansı şəxsin (vergi ödəyicisinin) fəaliyyət göstərdiyi (soyadı, adı, ata adı və VÖEN-i) barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Həmin Nizamnamənin 2.3.6-cı bəndinə əsasən Agentliyin dövlət orqan və qurumlarına yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüququ Həmin Nizamnamənin 1.1-ci bəndinə uyğun olaraq ölkənin şəhər və rayonlarında sözügedən sahədə tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Reklam Agentliyinin ərazi reklam idarələri yaradılmışdır. Onlardan biri ərazi yurisdiksiyasına Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının aid olduğu X3 İdarəsidir. Həmin Nizamnamənin 2.3.6-cı bəndinə uyğun olaraq X3 İdarəsi müvafiq zəruri məlumatları (sənədləri) almaq üçün Dövlət Vergi Xidmətinin ərazi idarələrinə sorğular verir. Belə ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “X4” və “Halal Dönər” və Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən “X2” sahibkarlıq obyektlərində hansı şəxsin (vergi ödəyicisinin) fəaliyyət göstərdiyi barədə məlumat verilməsinə dair 3 (üç) sorğu 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********013100 nömrəli cavab məktubuna əsasən Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) barədə məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil etdiyi üçün məlumatın təqdim olunması məqsədəmüvafiq hesab edilməmişdir. Sorğu olunan məlumat, yəni, sahibkarlıq obyektində fəaliyyət göstərən şəxsin soyadı, adı, ata adı və VÖEN-i barədə məlumat Vergi Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə görə kommersiya və (və ya) vergi sirri təşkil edə bilməz. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi bir inzibati orqan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək digər inzibati orqanın üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir. Aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında isə qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Mövcud qanunvericilik Azərbaycan Respublikasında dövlət hakimiyyətinin Konstitusiyaya görə hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsini müəyyən etmişdir. Buna görə, inzibati orqan hesab edilsələr də, icra hakimiyyətinə aid olan qurumların öz aralarında yarana biləcək aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr məhkəmə qaydasında həll edilə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Belə mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Yuxarıda qeyd olunanlar həmçinin iddiaçının cavabdehə qarşı qaldıra biləcəyi iddialara da şamil olunur. (məsələn, məlumatın verilməsi) Analoji mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-700/2020 saylı qərarında da qeyd olunmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 X3 İdarəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “X4” və “Halal Dönər” və Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən “X2” sahibkarlıq obyektlərində hansı şəxsin (vergi ödəyicisinin) fəaliyyət göstərdiyi (soyadı, adı, ata adı və VÖEN-i) barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1670/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1670/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver