Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1670/2025 14.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - əri X3 xx.xx.1942-ci ildə anadan olmuş, yaşı tamam olduğu vaxtdan ona əmək pensiyası təyin edilmişdir. S.Hacıyev xx.xx.2021-ci ildə vəfat etmişdir. O, cavabdeh orqana müraciət edərək mərhum əri əmək pensiyası aldığı üçün və onun pensiya yaşı çatdığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən hüququ yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin cavabdeh orqan tələbindən imtina edərək yaşı çatmadığı üçün bundan imtina etmişdir. O, imtina ilə razı deyil, düşünür ki, ona mərhum ərinin aldığı əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İşin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Respublikasının Birinci Vitse- Prezidentinin Katibliyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə ünvanlanmış ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3-17-1/1-H-85313/2024 nömrəli müraciəti Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-93477/2024 nömrəli məktubu ilə cavablandırılaraq ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaş həddi 63 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1 2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1961-ci il təvəllüdlü yaşa görə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan iki şərtdən biri mövcud olmalıdır. İddiaçının müraciət etdiyi tarixdə qadınlar üçün pensiya yaş həddi 63 yaş 6 ay idi. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası əmək pensiyasının təyin edilməsi üçün: 1) Pensiya yaşına çatmalıdır; 2) və ya orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmalıdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçı qanunla tələb olunan pensiya yaş həddinə (63 yaş 6 ay) çatmadığı və ya Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olmadığı üçün ona əri X2 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi, AZ-İİ 230943 Ölüm haqqında şəhadətnamə, AZ-İ 388377 nömrəli nikah haqqında şəhadətnamə. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ
İddianın növü və mümkünlüyü.
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə, cavabdeh orqanın nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün ilk növbədə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin tələbləri ödənilməlidir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən, aşağıdakı iki haldan biri müəyyən edilməlidir: Qanunun 7-ci maddəsinə uyğun olaraq, müəyyən edilmiş (1) pensiya yaşına çatmışdırsa, yaxud (2) orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdirsə. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. Birinci hala, münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyyət vəsiqəsindən görünür ki, hal-hazırda iddiaçının 64 yaşı var. İddiaçının cavabdeh orqana ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən olunmuş yaş həddi 63 il 6 ay olmuşdur. Həmin tarixdə iddiaçı 62 yaşında olmuşdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2026cı iİ tarixədək isə qadınların pensiya yaş həddi 64 il 6 ay müəyyən edilmişdir. İkinci hala, münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı əlilliyinə dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçının əlilliyi müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası yalnız müəyyən yaş həddinə çatmış və ya əlilliyi müəyyən edilmiş şəxslərə təyin edilir. İddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə çatmadığından və əlilliyi müəyyən olunmadığından ona ailə başçısını itirməyə görə pensiya təyin oluna bilməz. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsində nəzərdə tutulmuş iki haldan ən azı biri mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandıran imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqanolaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5 Əsədova