Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1671/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuş, 11 iyun 2023-cü il tarixində 60 yaşı tamam olmuşdur.O, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İxtisasca 4-cü dərəcəli vulkanizatordur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Şəki rayon S.Orconokidze adına taxılçılıq sovxozunda kənd təsərrüfatı fəhləsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi həmin sovxozun 3-cü şöbəsində çilingər, xx.xx.1993cü il tarixdən xx.xx.1998- ci il tarixədək Şəki rayon “Sarıca” taxılçılıq sovxozunda maşın traktor parkında şin təmirçisi (kamer yamayan) işləmişdir. İddiaçı 2000-ci ilin avqust ayından bu günə qədər Şəki rayon Qayabaşı kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasında şin təmirçisi işləyir. Şəki rayonu Qayabaşı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 11 saylı arayışı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin iddiaçıya verdiyi 18 dekabr 2000-ci il tarixli YTSS AZ N 003264A saylı Yanğın təhlükəsizliyi Sertifikatı da həmin obyekdə şin təmirçisi işlədiyini təsdiq edir. Özünə məxsus şin təmiri sexində təmirçi işləməyi ilə bağlı xidmət xərci, sadə vergi və sosial sığorta haqlarını ödəmiş, iddiaçıda bu barədə çoxlu sayda qəbzlər, qəbzlərin surətləri və ya cədvəl vardır. Həmin qəbzləri, qəbzlərin surətlərini və cədvəli iddia ərizəsinə əlavə etmişdir. İddiaçının ümumi iş stajı 33 ildən, şin təmiri işində iş stajı 25 ildən artıqdır. Əmək fəaliyyətinin çox böyük bir hissəsini şin təmirçisi kimi fəaliyyət göstərmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə verilən cavab məktubunda cavabdeh işlədiyi müddəti qismən, hərbi xidmətdə olduğu müddəti tam şəkildə qəbul edərək ümumi iş stajının 16 il 6 ay 21 gün olduğu, güzətli iş stajının isə olmadığını bildirmiş, 2000-ci ildən sonrakı əmək fəaliyyətini isə nəzərə almayaraq iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı İ.X6 müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa gora əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır alan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (16 il 6 ay 21 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15789,21 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
2. İddiaçıya məxsus ИT seriyalı, ******* nömrəli əmək kitabçasının əsli;
3. AR DİN Baş X5 İdarəsi Yanğın Təhlükəsizliyi Sertifikatının surəti;
4. X8 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti;
5. X8 filialının xx.xx.2024-cü il tarixli məktubu və sənədlər;
6. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu;
7. AR ƏƏSM Nazirliyi tabeliyində DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox vulkanizator kimi işlədiyini nəzərə alınaraq 11 iyun 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Müəyyən edilir ki, iddiaçı xx xxxx 1963-cü il tarixində doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı və ən azı 12 il 6 ay güzəştli stajı olmalıdır. İddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının tələb olunan güzəştli stajı mövcud deyildir. Belə ki,iddiaçıya məxsus əmək kitabçasından görünür ki o, xx.xx.1985-ci il tarixədək Şəki rayon S.Orconokidze adına taxılçılıq sovxozunda kənd təsərrüfatı fəhləsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi həmin sovxozun 3-cü şöbəsində çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək şin təmirçisi (kamer yamayan) işləmişdir. İddiaçının vergi ödəyicisi kimi qeydiyyatı ilə bağlı əmək fəaliyyəti araşdırılmışdır. Təqdim olunan məlumatdan müəyyən edilir ki, X2 (FİN: xxxxxxx) xx.xx.2011-ci ildə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilərək vergi uçotuna alınmışdır. Vergi ödəyicisin fəaliyyəti xx.xx.2014-cü il tarixindən, xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək müvəqqəti olaraq dayandırılmışdır. Vergi ödəyicisi X1 (VÖEN: **********) xx.xx.2022-ci ildən etibarən fəaliyyəti aktivdir və hal-hazırda “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” fəaliyyət növü ilə qeydiyyatdadır. Bildiririk ki, xx.xx.2018-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək X2 tərəfindən (VÖEN: **********) müvafiq fonda məcburi dövlət sosial sığorta haqları üzrə 401,50 manat vəsait ödənilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:
1. azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. 3) iddia olunan xx.xx.2021-ci il tarixində qüvvədə olan normaların tələbinə əsasən zəruri pensiya kapitalı tələbi mövcud olmuşdur. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə