Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1676/2025 03.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı “1987-1988-ci illərdə Zaqatala rayon 172 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 1 il müddətinin, 11 iyul 1990-cı ildən 02 mart 1992-ci ilədək Zaqatala rayon “Rayseljilkomxoz” İdarəsində suvaqçı işlədiyi 1 il 7 ay 20 gün müddətin, 16 mart 1992-ci il tarixdən 29 iyul 1994-cü il tarixinədək Zaqatala rayon PMK-92 İdarəsində işlədiyi 2 il 4 ay 13 gün müddətin və fevral 2024-cü ildən iyun 2024-cü il tarixinədək fərdi sahibkar kimi işlədiyi 5 ay müddətin sığorta stajı kimi nəzərə alınmaqla, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslndırılmışdır ki, “iddiaçı 11 iyul 1987-ci ildən 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə işləmişdir, o cümlədən, 1987-1988-ci illərdə (Zaqatala rayon 172 bömrəli Texniki Peşə Məktəbində) təhsil almışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi, iş stajı ümumilikdə 25 ildən çoxdur. Cavabdehə müraciət edərək, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiya təyin edilməsini xahiş etdi, lakin, cavabdeh inzibati oqarn 23 oktyabr 2024-cü il tarixli məktubu ilə bundan imtina etdi. Cavabdeh məktubunda qeyd edir ki, " Bildiririk ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-3863 nömrəli məlumat vərəqinə əsasən Sizə 3 yanvar 2019-cu il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq, "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təyin edilib. Qanunun 9.5.3-cü maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.3-cü maddəsinin 1 yanvar 2024-cü il tarixində qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-3863 nömrəli məlumat vərəqində cəmi xidmət müddətiniz 19 il 11 ay 13 gün (təqvimi xidmət illəri 17 il 3 ay 13 gün, güzəştli xidmət illəri 2 il 8 ay) göstərilib. Bu səbəbdən də, 25 təqvim ili xidmət müddətiniz olmadığından həmin məlumat vərəqinə və Qanunun 20.14.3-cü maddəsinə uyğun olaraq, Sizə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil." Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1987-1988-ci illərdə Zaqatala rayon 172 bömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 1 (bir) il müddəti, 11 iyul 1990-cı ildən 02 mart 1992-ci ilədək Zaqatala rayon "Rayseljilkomxoz" İdarəsindən suvaqçı işlədiyi 1 il 7 ay 20 gün müddəti, 16 mart 1992-ci il tarixdən 29 iyul 1994-cü il tarixinədək Zaqatala rayon PMK-92 İdarəsində işlədiyim 2 il 4 ay 13 gün müddəti və fevral 2024-cü ildən iyun 2024-cü il tarixinədək fərdi sahibkar kimi işlədiyi 5 ay müddəti nəzərə almamış və ümumilikdə 5 il 5 ay 3 günü siğorta stajına daxil etməmişdir.”. Cavabdeh iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, “İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-260210/2024 nömrəli və 29.11,2024-cü il tarixli 3-17-1/2-S-294608/2024 nömrəli məktublarına əsasən iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçıya dair Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-3863 nömrəli məlumat vərəqində cəmi xidmət müddəti 19 il 11 ay 13 gün (təqvimi xidmət illəri 17 il 3 ay 13 gün, güzəştli xidmət illəri 2 il 8 ay) göstərilmişdir. Bu səbəbdən də, iddiaçının 25 təgvim ili xidmət müddəti olmadığından həmin məlumat vərəginə və Qanunun 20.14.3-cü maddəsinə uyqun olaraq, hərbi qullugçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-3863 nömrəli məlumat vərəqinə əsasən iddiaçıya 3 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə uyqun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin 3 yanvar 2024-cü il tarixdən bitməsi ilə əlaqədar pensiya ödənişi 1 fevral 2024cü il tarixdən dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya 28 yanvar 2024-cü il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” İİİ dərəcə əlillik təyin olunmuşdur. Bununla əlaqədar iddiaçıya vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə təminat xərcliyinin (722,45 manat) 35 faizi 252,86 manat (maddi yardımın pensiyasının tərkibinə daxil edilməsi və indeksləşdirmələr nəzərə alınmaqla 373,20) məbləğində əmək pensiyası müəyyən edilmiş və 1 fevral 2024-cü il tarixdən hesablanaraq ödənilməli olan 2612,40 manat pul vəsaiti müəyyən olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2057,89 manat əlilliyə görə avtomatlaşdırılmış qaydada əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Buna görə də həmin dövr üzrə 2057,89 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyə əsasən iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 təqvim ili ümumi iş stajı olmadığından, habelə iddiaçı hal hazırda hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası aldığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçının məlumat vərəqi ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün əsas olan qanunvericilklə tələb olunan sənəddir. Həmin məlumat vərəqinə əsasən İddiaçı ümumi xidmət müddəti 19 il 11 ay 13 gün (təqvimi xidmət illəri 17 il 3 ay 13 gün, güzəştli xidmət illəri 2 il 8 ay) qeyd olunmuşdur. Nəticədə, əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 25 təqvim ili tamamlanmadığından, bununla yanaşı, iddiaçı hal hazırda hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyə görə əmək pensiyası aldığından və ona eyni zamanda iki pensiyanın təyin olunması mümkün olmadığından hərbi gullugçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.”. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus НЗ ******* seriya nömrəli hərbi biletin surəti. • ИT ******* seriya nömrəli əmək kitabçasının surəti. • İddiaçıya məxsus ******* seriya nömrəli diplomun surəti. • 27.08.2024-cü il nömrəli 3-17-1/3-3-13089/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarın surəti. • 12.02.2019-cu il tarixli 19/336 XŞTL rayon şöbəsinin əmək pensiyasının təyin edən komissiyasının qərarın surəti. • 11.01.2019-cu il tarixli 63 nömrəli arayışın surəti. • 10.01.2019-cu il tarixli 49 nömrəli arayışın surəti. • 22.04.2019-cu il tarixli 14/xx-xx/00252 nömrəli Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məktubu. • İddiaçıya məxsus xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinin surəti. • İddiaçıya məxsus 0208 nömrəli xx.xx.2018-cı il tarixli Xəstəlik haqqında Şəhadətnamənin surəti. • İddiaçıya məxsus 0607 nömrəli xx.xx.2018-ci il tarixli Əmrdən çıxarışın surəti. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; (2024-cü il yanvarın 1-dən qüvvədə olmuş redaksiya) Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.7. qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 avqust tarixli 135 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.17. hərbi qulluqçulara və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə münasibətdə xidmət müddəti – onların xidmət (qulluq) keçdiyi sonuncu dövlət orqanının təqdim etdiyi məlumat vərəqəsinə əsasən; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsaslandırma hissə: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 1987-1988-ci illərdə Zaqatala rayon 172 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 1 il müddətinin, 11 iyul 1990-cı ildən 02 mart 1992-ci ilədək Zaqatala rayon “Rayseljilkomxoz” İdarəsində suvaqçı işlədiyi 1 il 7 ay 20 gün müddətin, 16 mart 1992-ci il tarixdən 29 iyul 1994-cü il tarixinədək Zaqatala rayon PMK-92 İdarəsində işlədiyi 2 il 4 ay 13 gün müddətin və fevral 2024-cü ildən iyun 2024-cü il tarixinədək fərdi sahibkar kimi işlədiyi 5 ay müddətin sığorta stajı kimi nəzərə alınmaqla, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının 25 təqvim ili ümumi iş stajının olmaması və xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiyasının alması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinası ilə razılaşır. Belə ki, iş üzrə müəyyən edilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya 28 yanvar 2024-cü il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” İİİ dərəcə əlillik təyin olunmuşdur. Bununla əlaqədar iddiaçıya vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə təminat xərcliyinin (722,45 manat) 35 faizi 252,86 manat (maddi yardımın pensiyasının tərkibinə daxil edilməsi və indeksləşdirmələr nəzərə alınmaqla 373,20) məbləğində əmək pensiyası müəyyən edilmiş və 1 fevral 2024-cü il tarixdən hesablanaraq ödənilməli olan 2612,40 manat pul vəsaiti müəyyən olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2057,89 manat əlilliyə görə avtomatlaşdırılmış qaydada əmək pensiyası ödənilmişdir. İddiaçı hazırda hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyə görə əmək pensiyası alır. Bununla yanaşı yuxarıda qeyd olunan normalrdan belə müəyyən edilir ki, Əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı hərbi qulluqçulara və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə münasibətdə xidmət müddəti onların xidmət (qulluq) keçdiyi sonuncu dövlət orqanının təqdim etdiyi məlumat vərəqəsinə əsasən nəzərə alınır. İddiaçıya dair Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-3863 nömrəli məlumat vərəqində cəmi xidmət müddəti 19 il 11 ay 13 gün (təqvimi xidmət illəri 17 il 3 ay 13 gün, güzəştli xidmət illəri 2 il 8 ay) göstərilmişdir. Göründüyü kimi iddiaçının xidmət vərəqəsində qeyd edilmiş xidmət illəri qanunla müəyyən edilmiş iş stajına (25 təgvim ili) kifayət etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əsalndığı faktiki hallar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 20.14.3-cü maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1987-1988-ci illərdə Zaqatala rayon 172 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 1 il müddətinin, 11 iyul 1990-cı ildən 02 mart 1992-ci ilədək Zaqatala rayon “Rayseljilkomxoz” İdarəsində suvaqçı işlədiyi 1 il 7 ay 20 gün müddətin, 16 mart 1992-ci il tarixdən 29 iyul 1994-cü il tarixinədək Zaqatala rayon PMK-92 İdarəsində işlədiyi 2 il 4 ay 13 gün müddətin və fevral 2024-cü ildən iyun 2024-cü il tarixinədək fərdi sahibkar kimi işlədiyi 5 ay müddətin sığorta stajı kimi nəzərə alınmaqla, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-1676/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1676/2025
03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver