Məhkəmə qərarları › İş №2-1(116)-1678/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1678/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1678/2024 19.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə , İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda qeyd edilmiş 0,1049 ha və 0,7051 ha torpaq sahələrinə dair plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən, Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə verilmiş J№-110 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,81 ha torpaq sahəsi üzərində özünün, arvadı – X2, qızı – X6 və mərhum atası X7 əvvəllər yaranmış mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, məhkəmə iclasında sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda qeyd edilmiş 0,1049 ha və 0,7051 ha torpaq sahələrinə dair plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1678/2024 saylı qərardadı ilə ərizəçi X8 2-1(116)-1678/2024 saylı inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işin icraatının dayandırılması ilə bağlı ərizəsi təmin edilməmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayonunun Kürdəmiş kəndində iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində 0,81 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi onlara Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüquqlarını torpağa mülkiyyət hüququna dair J№-110 saylı dövlət aktı təsdiq edir. Mülkiyyətlərində olan torpaq sahəsinə təkrar hüquqlarını qeydə aldırmaq üçün cavabdehə müraciət etmişdir və mütəxəssislər koordinatları müəyyən etmək məqsədi ilə əraziyə baxış keçirmək istəyərkən son 4 ildə torpaq sahələrini qanunsuz istifadə edən qardaşı X12 inventarlaşdırma işlərinin aparılmasına maneə yaratmışdır. Bu səbəbdən də nə ölçü işlərinin aparılması, nə də təkrar mülkiyyət hüququnun qeydə alınması mümkün olmamış və o, məhkəməyə inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə hazırlıq iclası keçirildikdən sonra Qurban Adgözəlov inventarlaşdırma işlərinin aparılmasına şərait yaratsa da, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar hazır olduğu halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay rayon Şöbəsinə gedərək onun, ailə üzvlərinin mərhum atası X10 ilə ümumi birgə mülkiyyətlərində 0,81 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə təkrar hüquqların qeydə alınmasına etiraz etdiyini bildirmişdir. Bu səbəbdən cavabdeh 25 yanvar 2024-cü il tarixli 3-21-3-36/2-255/2024 saylı məktubla ona bildirmişdir ki, torpaq sahəsindən başqa şəxs istifadə etdiyi və mübahisə olduğu üçün hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyil. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, cavabdeh hüququnun qeydə alınmasından imtina edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinin tələblərinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mənim və ailə üzvlərimin hüqumuzun dövlət qeydiyyatı üçün cavabdehə təqdim etdiyi Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair J№-110 saylı dövlət aktına uyğun olaraq naturada ölçü işləri aparılmış və heç bir uyğunsuzluq aşkar edilməməmişdir. Torpaq sahəsinə heç bir hüququ olmayan qardaşı Qurban Adgözəlovun çıxarışın verilməsinə narazılıq etməsi onun və ailə üzvlərinin əvvəllər yaranmış hüququnun qeydiyyatından imtinaya əsas ola bilməz. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Göyçay rayonu, Cəyərli kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində əvvələr yaranmış hüququnun qeydiyyatı ilə bağlı torpaq sahəsinə baxış keşirilən zaman torpaq sahəsinin elektron uçot məlumat bazasına əsasən torpaq sahəsinin bir hissəsindən başqa şəxs tərəfindən istifadə edildiyi və mübahisəninn olduğu məlum olmşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasında etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, JN-110 saylı Dövlət Aktı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (- ); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən verilmiş xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda qeyd edilmiş 0,1049 ha və 0,7051 ha torpaq sahələrinə dair plan-ölçü sənədlərinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə etirazını – Göyçay rayonu, Cəyərli kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində əvvələr yaranmış hüququnun qeydiyyatı ilə bağlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin elektron uçot məlumat bazasına əsasən torpaq sahəsinin bir hissəsindən başqa şəxs tərəfindən istifadə edilməsi və mübahisənin olması ilə əsaslandırır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi müvafiq olaraq 0.71 ha və 0.10 ha torpaq sahələri idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-110 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, xüsusi, mülkiyyətə verilmiş üzümlük uqodiyalı torpaq sahələridir. Baxış zamanı naturada göstərilən 0.10 ha torpaq sahəsinin istifadəsiz olduğu müəyyən edilmiş, 0.71 ha torpaq sahəsi üzərində yerləşən, sxemdə üzərində istixana mövcud olan torpaq sahəsi X1 istifadəsində olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Kürdəmiş kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi (DVJ) ilə real məkan arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq mövcud olduğu üçün sözügedən xəritəyə uyğun mütəxəssis tərəfindən araşdırma aparılması mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, baxış zamanı ərazidə yerləşən istixananın istifadəçisi X9 mütəxəssisə bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş məhkəmədə kassasiya şikayəti qismən təmin edilmişdir. Hazırda TEKUİS məlumatları əsasında X12 və ailə üzvlərinin JN-111 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında (0.75 ha) X3 0.30 ha (**********78 reyestr nömrəli çıxarış) torpaq sahəsi, X4 0.30 ha (**********77 reyestr nömrəli çıxarış) torpaq sahəsi, X11 0.15 ha (**********79 reyestr nömrəli çıxarış) torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İcraat materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları tərtib etməklə artıq 0,1049 ha və 0,7051 ha torpaq sahəsləri üzərində iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Mülkiyyət hüquqlarını qeydiyyata alan cavabdehin torpaq sahəsinin təsdiqlənmiş ölçülərini aydın şəkildə göstərən plan-ölçü sənədini tərtib etməməsi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının məzmununda qeyri-müəyyənliyə yol açmaqla faktiki olaraq əmlak hüquqlarının həyata keçirilməsini mümkünsüz edir. Hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndində birmənalı olaraq qeyd edilmişdir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifəsidir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021- ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-534/2024 №-li qərarında qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir və onun məsuliyyət sferasına aid edilməlidir. Odur ki, cavabdeh orqan plan-ölçü sənədini tərtib etməklə məhz hansı torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alması ilə bağlı iradə ifadəsini konkretləşdirməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda qeyd edilmiş 0,1049 ha və 0,7051 ha torpaq sahələrinə dair planölçü sənədlərinin İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar