Məhkəmə qərarları › İş №2-1(116)-1679/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1679/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1679/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçı mənzillə təmin olunanadək ona müvəqqəti mənzil kirayəsi xərclərinin 2020-ci ilin sentyabr ayından ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respunblikası Silahlı Qüvvələrinin kapitan rütbəli ehtiyatda olan hərbi qulluqçusudur.xx.xx.2019-cu il tarixində Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusuna görə) ehtiyata buraxılmışdır.Hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır.Hesab edir ki,qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları daimi yaşayış sahəsi olmayan hərbi qulluqçuları ehtiyata və istefaya buraxıldıqdan sonra mənzil uçotuna götürməli, mənzillə təmin etməli və onlara mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəməlidirlər.Bu məqsədlə cavabdehə yazılı şəkildə müraciət edərək mənzil uçotuna götürülmüş və ona 2020-ci ilin fevral ayından 2021 -ci ilin avqust ayı da daxil olmaqla müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişi həyata keçirilmişdir. 01 sentyabr 2021 -ci il tarixindən isə həmin ödəniş şəkildə dayandırılmışdır. Bununla bağlı Cavabdehnə rəsmi şəkildə müraciət etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2021-ci il tarixli, 406-Asm nömrəli məktubda qeyd olunur ki, “ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarının 1-ci bəndini əsas tutaraq Bakı şəhərində yaşadığınız üçün Ağsu RİH tərəfindən Sizə ödənilməli olan kirayə haqqı dayandırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazında iddianı qəbul etməmiş və xx.xx.2021-ci il tarixli imtina məktubunun dəlillərinə istinad etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: - EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Azərbaycan Ali Hərbi Məktəbi idarəetmə mühəndisliyini bitirmiş, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2019-cu ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən ehtiyata buraxılmışdır. - İddiaçı xx.xx.2020-ci ildə X1 məxsus olan, Ağsu şəhəri Ş.İ.Xətai küçəsində 27 nömrəli mənzili ilə bağlı sonuncu ilə xx.xx.2030-cu ilədək müddətə kirayə müqaviləsi bağlamışdır. - Cavabdeh etiraz məktubunda deyilir ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin bəndlə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi mövcud qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. - Ağsu RİHB-nın Pirhəsənli KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki,iddiaçı Ağsu rayon Pirhəsənli kəndində qeydiyyatdadır. - Ağsu RİHB-nın Ağsu ŞİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki,iddiaçı Abşeron rayonu Xırdalan şəhərində işləyir və ailəsi ilə birlikdə orada yaşayır. - SHXÇDX-nin Ağsu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki,iddiaçı xx.xx.2019-cu ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusununa) əsasən ehtiyata buraxılmış və hazırda şöbədə hərbi vəzifəlilərin qeydiyyatındadır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir.Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, öz arzusu ilə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “iddiaçı mənzillə təmin olunanadək ona müvəqqəti mənzil kirayəsi xərclərinin 2020-ci ilin sentyabr ayından ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar