Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-168/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Şəfəq-4” bağçılığındakı 500 kv.m sahədən ibarət 69 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəfəq-4” bağçılığındakı 500 kv.m sahədən ibarət 69 saylı torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun olmasına dair arayışın, torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-168/2025 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Şəfəq-4” bağçılığındakı 500 kv.m sahədən ibarət 69 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-cı il tarixli, 102 saylı qərarı ilə X7 zavoduna bağçılıq üçün 5 ha torpaq sahəsi ayrılmışdır. X4 Komitəsinin qərarına əsasən iddiaçının mərhum ərinə 0,05 ha torpaq sahəsi ayrılmış və 2006-cı ilədək istifadəsində olmuşdur. Daha sonra həmin torpaq sahəsi mərhum Mahir Qasımovun razılığı olmadan X6 adına keçirilmiş, bundan narazı qalan X8 şəhər Məhəməsində iddia qaldıraraq sözügedən torpaq sahəsinin Faiq Zamanovun adına keçirilməsini mübahisələndirmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-289/2007 saylı qətnaməsi ilə X9 ASC-nin xx.xx.2006-cı il tarixli 10 saylı protokolunun Mahir Qasımovun adına olan “Şəfəq-4” bağçılığındakı 69 saylı torpaq sahəsinin Faiq Zamanovun adına keçirilməsi hissəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi Mahir Qasımova qaytarılmışdır. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında ərizənin subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada notarius tərəfindən müəyyən edilmiş vərəsə barədə məktubun təqdim ediləcəyi təqdirdə sözügedən torpaq sahəsinə mərhumun adına plan-ölçü sənədinin hazırlanması və mülkiyyət hüququnun qeydə alınması məsələsinə baxıla biləcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, İİİ-ЖГ 329309 saylı nikahın bağlanması haqqında şəhadətnamə, AZ-İİ 004333 №-li ölüm haqqında şəhadətnamə, Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2008-ci il tarixli, 2(107)79/2008 saylı qətnaməsi, TR ASC-nin xx.xx.2008-ci il tarixli, 07 №-li iclas protokolundan çıxarış, Mingəçevir Regional “ASAN xidmət” mərkəzində xüsusi notariat ofisi tərəfindən cavabdeh orqana ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub, cavabdehin xx.xx.2024 və xx.xx.2025ci il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri və yerquruluşu planıları Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mərhum əri "xxxx" ASC-nin nəzdində olan “Şəfəq” bağçılığının üzvü olmuş, ona məxsus torpaq sahəsi “Şəfəq-4” bağçılığında 69 nömrə ilə qeydiyyata götürülmüşdür. Həmin torpaq sahəsi sonradan Faiq zamanovun adına keçirilsə də, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-289/2007 saylı qətnaməsi ilə X9 ASC-nin xx.xx.2006-cı il tarixli 10 saylı protokolunun Mahir Qasımovun adına olan “Şəfəq-4” bağçılığındakı 69 saylı torpaq sahəsinin Faiq Zamanovun adına keçirilməsi hissəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi Mahir Qasımova qaytarılmış, qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icrası qaydasında TR ASC-nin xx.xx.2008-ci il tarixli, 07 №-li iclas protokolunun qərarı ilə mərhum Mahir Qasımov “Şəfəq” bağçılığının üzvü kimi qeydiyyata götürülmüş və sözügedən torpaq sahəsinin onun adına keçirilməsi qərara alınmışdır. Beləliklə, mərhum Mahir Qasımova münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri ödənilir. Cavabdeh orqanın dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, faktiki olaraq iddiaçı, mərhum Mahir qasımovun arvadı olmaqla onun birinci dərəcəli vərəsəsi kimi hazırkı iddia tələbini irəli sürməkdə sübyektiv hüquqa malikdir. Cavabdeh orqan vərəsəlik barədə notarius tərəfindən müəyyən edilmiş məktubun təqdim edilməli olduğunu bildirsə də, iş materiallarında Mingəçevir Regional "ASAN xidmət" mərkəzinin xüsusi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ünvanlanmış məktub mövcuddur. Həmin məktubda İddiaçı Notariat Ofisinə müraciət edərək, xx.xx.2019-cu ildə vəfat etmiş əri Mahir Qasımovdan ona miras qalmış Mingəçevir şəhərində yerləşən torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etməsi barədə məlumat verilmiş və mərhum Mahir Qasımov barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri barədə mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi “Şəfəq” bağçılığına ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməklə yaşayış məntəqələri təyinatlı torpaq sahəsidir və hazırda mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Mahir Qasımova məxsus olması barədə arayışın verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Şəfəq-4” bağçılığındakı 500 kv.m sahədən ibarət 69 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.