Məhkəmə qərarları › İş №2-1(116)-1687/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1687/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1687/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ““doğum akt qeydində adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yexlax şəhəri Mehdi Hüseynzadə küçəsi mənzil-57 ünvanında yaşayır və həmin ünvanda qeydiyyatdadır. Ancaq Cavabdehndə X1 qeydiyyatdadır. İddiaçının adı və soyadı şəxsiyyət vəsiqəsində İddiaçı kimi qeyd olunmuşdur. Buna görə cavabdehə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müraciət etmişdir. Müraciətinə 13 oktyabr 2020-cü il tarixdə Cavabdehndə baxılmış və təmin edilmədən 1810 nömrəli məktubla imtina edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-cü il tarixli imtina məktubu, 28 yanvar 2021-ci tarixli Cavabdeh arayışı, xx.xx.2020-ci il tarixli 195/20 nömrəli Cavabdeh arayışı, 29 may 2012-ci il tarixli 244 nömrəli “Nikah haqqında akt qeydi”, xx.xx.2016-cı il tarixli 6000 7 0140 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”, 29 may 2017-ci il tarixli 490 nömrəli “Doğum haqqında akt qeydi”, xx.xx.1976-cı il 835 №-li, xx.xx.1979-cu il tarixli 735 №-li, xx.xx.1985ci il tarixli 160 №-li, xx.xx.1975-ci il tarixli 214 №-li, xx.xx.1978-ci il tarixli 208 №-li “Doğum haqqında akt qeydi”ləri, xx.xx.1975-ci il tarixli 54 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”, iddiaçıya məxsus fərdi uçot kartoçkasının təsdiqlənmiş surəti. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı onun barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.1978ci il 207 saylı doğum haqqında akt qeydində adının "Sədaqət"-dən "Nigar"a, soyadının Şahmalıyeva”-dan - "Əsədzadə"yə düzəliş edilməsinə nail olmaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. Onun barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.1978-ci il 207 saylı doğum haqqında akt qeydində adı “Sədaqət, soyadı “Şahmalıyeva” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına və soyadına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat sistemindən çıxarışda, 29 may 2012-ci il tarixli 244 nömrəli “Nikah haqqında akt qeydi”, xx.xx.2016-cı il tarixli 6000 7 0140 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”, iddiaçının övladı barəsində 29 may 2017-ci il tarixli 490 nömrəli “Doğum haqqında akt qeydi”ndə, o cümlədən, iş materiallarında olan iddiaçıya məxsus fərdi uçot kartoçkasında onun adı “Nigar” olaraq qeyd edilmişdir. Odur ki, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə adının “Sədaqət”dən – “Nigar”a düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Cavabdehndə tərtib edilmiş xx.xx.1978-ci il 207 saylı doğum haqqında akt qeydində soyad qrafasında düzəliş edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.1975-ci il tarixli 54 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”ndən müəyyən olunur ki, iddiaçının atası X4 ilə anası X5 arasında nikah bağlanmış, nikahdan sonra tərəflərin soyadı “Şahmalıyev” (Şahmalıyeva) olmuşdur. İddiaçının digər bacı və qardaşları barəsində tərtib edilmiş xx.xx.1976-cı il 835 №-li, xx.xx.1979-cu il tarixli 735 №-li, xx.xx.1985-ci il tarixli 160 №-li, xx.xx.1975-ci il tarixli 214 №-li “Doğum haqqında akt qeydi”lərində soyadlar “Şahmalıyev” (Şahmalıyeva) qeyd olunmuşdur. İddiaçı, sözügedən akt qeydində soyadının “Şahmalıyeva” qeyd edilməsinin səhv olmasını bildirir və cavabdeh orqandan yol verilmiş həmin səhvin aradan qaldırılmasını tələb edir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır. Aidiyyəti şəxslər arasında mübahisə olmadığından hazırkı işə münasibətdə mübahisələndirilən akt qeydinə münasibətdə 2 hal müəyyən edilməlidir:

1. xx.xx.1978-ci il 207 saylı akt qeydində iddiaçının soyadının “Şahmalıyeva” olması barədə qeydin səhv olması sübuta yetirilməlidir.

2. iddiaçının soyadının “Şahmalıyeva”-dan “Əsədzadə”yə dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının valideynlərindən heç birinin soyadı “Əsədzadə” olmamışdır. Belə olan halda cavabdeh orqan valideynlərdən – atanın soyadını nəzərə alaraq uşağın soyadı qrafasında “Şahmalıyeva” qeydini icra etmişdir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq uşağa atanın soyadının verilməsi mövcud inzibati praktika ilə də müəyyən olunur. Eyni zamanda X2 iddiaçının bioloji atası olması işin mübahisəsiz halıdır və mübahisə predmeti olmamışdır. Belə olan halda cavabdeh orqan uşağın soyadı qrafasına valideynlərin özlərinin malik olmadığı soyadı qeyd edə bilməzdi. Odur ki, xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Şahmalıyeva” olması barədə qeydin səhv olması sübuta yetirilmir. Bu isə özlüyündə onu deməyə əsas verir ki, soyadın “Şahmalıyeva”-dan “Əsədzadə”yə dəyişiklik edilməsi üçün kifayət qədər əsas ola da bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ilkin akt qeydinin soyada münasibətdə səhv olması müəyyən olunmadığından tələb həmin hissədə əsassızdır. Ailə Məcəlləsinin 54-cü maddəsində uşağın soyadının dəyişdirilməsi zamanı nəzərə alınmalı olan hallar öz əksini tapmışdır ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının soyadında sonradan hər hansı dəyişikliyin edilməsi ilə bağlı icraat aparılmamışdır. Digər tərəfdən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda iddiaçının soyadının ilkin “doğum haqqında akt qeydi”ndə “Əsədzadə” qeyd edilməsi səhv olmadığından, iddiaçı, ilkin doğum akt qeydinin tərtibində səhvə yol verilməsi əsasına istinad etməklə cavabdeh orqandan sözügedən akt qeydində “soyad” qrafasına dəyişiklik edilməsini tələb edə bilməz. Məhkəmə əlavə olaraq iddiaçıya izah edir ki, arzuladığı “Əsədzadə” soyadına keçmək üçün ilkin akt qeydinə uyğun olaraq doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməlidir. Bundan sonra soyadının “Şahmalıyevada”dan – “Əsədzadə”yə dəyişdirilməsi üçün soyad dəyişmə qaydasında icraata uyğun olaraq cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh üzərinə xx.xx.1978-ci il 207 saylı akt qeydinin ad qrafasında “Sədaqət” adından “Nigar” adına düzəliş edilməsi öhdəliyi qoyulur. İddia tələbi “xx.xx.1978-ci il 207 saylı akt qeydində soyad qrafasında soyadın “Şahmalıyeva”dan “Əsədadəyə” düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar