Məhkəmə qərarları › İş №2-1(116)-1687/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1687/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1687/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X1 ilə arasında bağlanmış xx.xx.2000-ci il tarixli 27 saylı nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 ilə arasında bağlanmış xx.xx.2000-ci il tarixli 27 saylı nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə X1 arasında 16 iyul 2000-ci il tarixdə Ağdam rayon Qaradağlı kənd icra nümayəndəliyində 27 saylı nikah haqqında ilkin akt qeydi əsasında nikah bağlanmışdır və onlara bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. Sonradan isə onunla X1 arasında Belarus Respublikası Minsk şəhər qeydiyyat şöbəsi tərəfindən 2000-ci ilin dekabr ayının 28-də, 498 saylı akt qeydi ilə nikah bağlanmışdır. İddiaçı ilə X1 arasında bağlanmış Belarus Respublikası Minsk şəhər qeydiyyat şöbəsi tərəfindən 2000-ci ilin dekabr ayının 28-ci günündə, akt qeydləri kitabında 498 nömrə ilə qeydə alınmış nikah Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 4009/2023 saylı qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Hazırda o yuxarıda qeyd olunan qətnamə əsasında X1 ilə aralarında olan nikah qeydi pozulduğu üçün “Nikahın pozulması haqqında” Şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, X1 ilə aralarında 16 iyul 2000-ci il tarixdə Ağdam rayon Qaradağlı kənd icra nümayəndəliyində bağlanmış 27 saylı nikah haqqında ilkin akt qeydi mövcud olduğu üçün onun müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Ailə Məcəlləsi 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. ... 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: ... 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: İİİ. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. ...

26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 3-cü hissəsində nikahın qeydə alınması qaydalarından bəhs olunur: 3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.... 3.7. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edilir. ... 3.8. Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır. ... 3.12. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. [66] 3.13. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. ... 3.22. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. 3.23. Ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə qeyd edir ki, 16 iyul 2000-ci il tarixli, 27 saylı nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi üçün onun tərtib edilməsi zamanı cavabdeh orqan tərəfindən maddi hüquq normalarının pozulması və ya həmin normaların düzgün tətbiq edilməməsi halları araşdırılmalı və bu məsələlərə hüquqi qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normaları və maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdirsə, bu halda qəbul edilmiş inzibati akt qanunsuz hesab olunur və onun ləğvi üçün əsas yaranır. İddianın mümkün sayılması üçün, iddiaçı, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bu tələb birbaşa olaraq İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuşdur. Bununla belə işin hallarından görünür ki, iddiaçı, ümumiyyətlə inzibati orqanın müvafiq akt qeydinin tərtib edilməsində ifadə olunan hər hansı hərəkətini mübahisələndimir və cavabdeh orqan tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktına istinad etmir. İddiaçının yeganə məqsədi 16 iyul 2000-ci il tarixdə Ağdam rayonunun Qaradağlı kənd icra nümayəndəliyində bağlanmış 27 saylı akt qeydinin qüvvədə olmasından yaranan hüquqi nəticələrdən yan keçmək və nikahın pozulması haqqında şəhadətnaməni əldə etməkdir. Beləliklə, qaldırılmış iddia subyektiv hüququn müdafiəsinə deyil, sadəcə hüquqi vəziyyətin dəyişdirilməsinə yönəlmişdir. Faktiki olaraq iddiaçı, akt qeydinin tərtib olunmasında hər hansı qanunsuzluğa istinad etmədən, onu sonradan yaranmış hüquqi nəticələrə uyğunlaşdırmağa çalışır. Bu isə inzibati icraatın predmetinə və hüquqi müəyyənlik prinsipinə ziddir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. İddia ərizəsində iddiaçı özü də qeyd edir ki, onunla X1 arasında 16 iyul 2000-ci il tarixdə Ağdam rayon Qaradağlı kənd icra nümayəndəliyində 27 saylı nikah haqqında ilkin akt qeydi əsasında nikah bağlanmış və onlara bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı və X1 arasında nikahın bağlanmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2000-ci il tarixli 27 saylı nikah haqqında ilkin akt qeydi tərtib edilmişdir. Bağlanmış nikah etibarlı nikah olmuş və ötən müddət ərzində həmin nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi olmamışdır. Sözügedən nikah bağlandıqdan sonra tərəflər növbəti dəfə Belarus Respublikasının Minsk şəhər qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikah 28 dekabr 2000-ci il tarixdə tərtib edilmiş 498 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, tərəflər faktiki olaraq nikah münasibətlərində olduqları, 16 iyul 2000-ci il tarixli, 27 saylı ilkin nikah akt qeydi qüvvədə olduğu halda, yenidən nikaha daxil olmuşlar. Halbuki, yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən, qanunverici nikahın bağlanması zamanı tərəflərdən birinin və ya hər ikisinin başqa şəxslə nikahda olmasını nikahın bağlanmasına mane olan hal kimi müəyyən etmiş, bu şərtin pozulması ilə bağlanmış – yəni saxta – nikahın etibarsız hesab edilməsini və həmin halın yalnız məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Faktiki olaraq, tərəflər Belarus Respublikasının Minsk şəhər qeydiyyat şöbəsində nikaha daxil olduqları zaman həmin ilin iyul ayında artıq nikah münasibətlərinə girmələri, bu nikahın rəsmiləşdirilməsi və onlara nikah şəhadətnaməsinin verilməsi barədə tam məlumatlı olmuşlar. Bununla belə, iddiaçı Yevlax Rayon Məhkəməsinə müraciət edərək Belarus Respublikasının Minsk şəhər qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız sayılmasını və 16 iyul 2000-ci il tarixli, 27 saylı ilkin nikah akt qeydi əsasında bağlanmış nikahın pozulmasını tələb etmək əvəzinə, yalnız Minsk şəhər qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması barədə iddia irəli sürmüş və nəticədə Məhkəmənin 19 aprel 2023-cü il tarixli, 2(039)-4009/2023 saylı qətnaməsi ilə həmin nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Yaranmış vəziyyətdə, etibarlı olan – 16 iyul 2000-ci il tarixli nikah akt qeydi əsasında bağlanmış nikah pozulmamış, əvəzində isə həmin nikah qüvvədə olduğu halda bağlanmış və qanunvericiliyə əsasən etibarsız hesab edilən nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Sözügedən qətnamə əsasında iddiaçı, “nikahın pozulması haqqında” şəhadətnamə almaq məqsədilə Cavabdehnə müraciət etdikdə, X1 ilə aralarında 16 iyul 2000-ci il tarixdə Ağdam rayonunun Qaradağlı kənd icra nümayəndəliyində bağlanmış və 27 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın hələ də qüvvədə olması əsas göstərilərək ona şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda iddiaçının əsas məqsədi, nikahın pozulması haqqında şəhadətnamə almaq üçün tələb olunan formal hüquqi vəziyyətin yaradılması, yəni ilkin nikah akt qeydinin ləğvi və Yevlax rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(039)-4009/2023 saylı qətnaməsinin icrasının təmin edilməsidir. Bununla belə, iddiaçının tələbinə uyğun olaraq ilkin akt qeydinin ləğv edilməsi üçün həmin akt qeydinin maddi hüquq normalarına zidd tərtib edilməsi əsaslandırılmalıdır. Digər tərəfdən, həmin akt qeydinin ləğv edilməsi və formal hüquqi vəziyyətin yaradılması, qanunvericiliyə əsasən etibarsız sayılan nikahın etibarlı nikah kimi pozulmasına, etibarlı nikahla bağlı akt qeydinin isə heç bir hüquqi əsas olmadan ləğv edilməsinə səbəb olacaqdır. Məhkəmə izah edir ki, mövcud vəziyyətdə iddiaçı arzuladığı hüquqi nəticəyə nail olmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci fəslinə (Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat) uyğun olaraq, işə əvvəllər baxılarkən məlum olmayan və həlledici əhəmiyyət kəsb edən materialların aşkar edilməsi (MPM-in 432.2.1-ci maddəsi) əsası ilə Yevlax rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(039)-4009/2023 saylı qətnaməsinə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ərizə ilə müraciət etməlidir. Belarus Respublikasının Minsk şəhər qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız sayılması təmin edildikdən sonra, iddiaçı 16 iyul 2000-ci il tarixdə Ağdam rayonunun Qaradağlı kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması tələbi ilə ümumi yurisdiksiyalı rayon məhkəməsinə müraciət etməli, bu tələb təmin edildikdən sonra isə həmin qətnamənin icrası qaydasında müvafiq qeydiyyat orqanından nikahın pozulması haqqında şəhadətnaməni əldə etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 9.2. bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan oqranlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “X1 ilə arasında bağlanmış xx.xx.2000-ci il tarixli 27 saylı nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar