Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1689/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “2021-ci il yanvar ayından 2021-ci ilin oktyabr ayına qədər 10 aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2021-ci il yanvar ayından 2021-ci ilin oktyabr ayına qədər 10 aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciəti və cavabdehin tələbin icrasından imtina məktubu iş materiallarına əsasən müəyyən olunmur. Qeyd olunanlara əsasən hazırki iddia tələbində göstərilən müavinətin ödənilməsi ilə bağlı müraciət etməyini təsdiq edən sənədi yaxud cavabdehin bu məsələ ilə bağlı müraciətinə imtinasını məhkəməyə təqdim etməli olduğu bildirilmişdir. Odur ki, iddiaçıya ərizəsində tələbin yönəldiyi cavabdeh inzibati orqana müraciətin təmin olunmasından cavabdeh inzibati orqanın imtina etməsi, yaxud cavabsız saxlaması barədə sənədin əlavə edilməsi, tələbin dəqiqləşdirilməsi üçün 5 gün müddətində vaxt təyin edilmişdir. Müvafiq yardım məktubu iddiaçıya poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci il tarixdə məktub iddiaçıya çatmış, 10 gün müddət keçməsinə baxmayaraq iddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki,iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına deyil,başqa tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki,iddiaçı eyni tələblə cavabdehə müraciət etməmişdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Belə ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Cavabdeh inzibati orqana iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciəti olmadığından, indiki halda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “2021-ci il yanvar ayından 2021-ci ilin oktyabr ayına qədər 10 aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1689/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1689/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver