Məhkəmə qərarları › İş №2-1(116)-169/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-169/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-169/2020 23.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əlavə olunmuş “zabit şərəf məhkəməsinin” protokolu “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin sonuncu abzasına cavab vermədiyindən həmçinin təqdimatda göstərilənlər həmin Əsasnamənin 105-ci maddəsinin üçüncü abzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 98,102,105-ci maddələrinə cavab vermədiyindən ləğv edilməsi və Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 70-ci maddəsinin ikinci abzasına əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələr sıralarına qaytarılması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əlavə olunmuş “zabit şərəf məhkəməsinin” protokolu “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin sonuncu abzasına cavab vermədiyindən həmçinin təqdimatda göstərilənlər həmin Əsasnamənin 105-ci maddəsinin üçüncü abzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 98,102,105-ci maddələrinə cavab vermədiyindən ləğv edilməsi və Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 70-ci maddəsinin ikinci abzasına əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələr sıralarına qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. 27.06.2004-cü il tarixdən 13.05.2005-ci il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici zabit olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.05.2005-ci il tarixli 0276-saylı əmrinə əsasən intizamsızlığa görə 16.05.2005-ci il tarixdən Silahlı Qüvvələr Təlim və Tədris Mərkəzinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmaqla xidməti davam etdirmək üçün N saylı hərbi hissəsində artilleriya divizionun artilleriya batareyasının, artilleriya tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. 02.01.2010-cu il tarixdə yazdığı ərizə əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələr sıralarında “Hərbi Xidmətə keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) tərxis olunmuşdur. 02.08.2010-cu il tarixdə N saylı Hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə göndərilmişdir. 01.07.2011-ci il tarixdə Azərsu “ASC”-nin Bakı Sukanal İdarəsdən +160 şimal Su Ambarları və Nasos stansiyasına səkkizinci dərəcəli aparıcı mühəndis vəzifəsinə işə qəbul olmuşdur. 19.03.2012-ci il tarixdə həmin idarənin X4 stansiyasına 13-cü dərəcəli növbə rəisi vəzifəsinə köçürülmüşdür. 05.03.2014-cü il tarixdə həmin idarənin Suyun Tənzimləməsi sahəsinin (Bakı şəhəri üzrə) sahə rəisi 14-cü dərəcə ilə təyin olunmuşdur. 01.09.2016-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən işdən çıxmışdır. Bundan əlavə 01.06.2016-ci il tarixdən 17.06.2017-ci il tarixədək "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. 17.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ilkin hissəsinin “a” bəndinə əsasən işdən çıxmışdır. Xidmətdə olduğu vaxt 20.06.2008-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilindiyi üçün, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən cərimə cəzasına məhkum olmuşdur. 331.3-cü maddə ilə təqsirli bilinmiş Gəncə Hərbi Məhkəməsinin 01.11.2007-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum olmuşdur. Gəncə Hərbi Məhkəməsinin 12.03.2009-cu il tarixli Qərarına əsasən cəza vaxtından əvvəl götürülmüşdür. Bundan başqa Azərbaycan Respublikası Milli X2 ilə əlaqədar verdiyi 17.03.2009-cu il tarixli amnistiyaya 22.04.2009-cu il tarixdə düşmüşdür. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı eyni məzmunlu tələbi ilə 2018-ci ildə məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2- 1(84)-1531/2018 nömrəli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2-1(84)-1531/2018 nömrəli X1 məhkəməsinin 03.12.2018-ci il tarixli 2-1(107)-705/2018 nömrəli Qərardadı ilə və Kassasiya instansiya məhkəməsinin 13.02.2019-cu il tarixli 2-1(102)-606/2019 nömrəli Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdı. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əlavə olunmuş “zabit şərəf məhkəməsinin” protokolu 21.06.2010-cu il tarixdə tərtib edilmiş və həmin protokol İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2-1(84)-1531/2018 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 23.07.2010-cu il tarixli 0327 nömrəli əmrinin dəyişdirilərək “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin”e” bəndinin “j” bəndi ilə əvəz olunması” barədə qərar qəbul edilməsini xahiş etmiş və onun iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisə predmeti olan Müdafiə Nazirinin 23.07.2010-cu il tarixli 0327 nömrəli əmri ilə Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinəin ehtiyatına buraxılmışdır. Buna baxmayaraq iddiaçı həmin zaman mübahisə predmeti olan əmri mübahisələndirməmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.06.2016-cı il tarixli 2-1(86)-947/2016 nömrəli qərardadı və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2018-ci il tarixli, 11-252/2018 nömrəli məktubundan müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan Müdafiə Nazirinin 23.07.2010-cu il tarixli 0327 nömrəli əmrinin mübahisələndirilməsinə dair iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14.06.2016-cı il tarixli 2-1(86)- 947/2016 nömrəli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərardadı 21.10.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir.Göründüyü kimi iddiaçı cavabdehin əmrindən məlumatlı olmasına baxmayaraq qanunla müəyyən olunmuş iddia müddəti ərzində Müdafiə Nazirinin 23.07.2010-cu il tarixli 0327 nömrəli əmrin mübahisələndirilməmişdir. Hazırki iddia ərizəsi Şəki İnzibati-İqtisadi məhkəməsinə 2 il müddət keçdikdən sonra 25.08.2018-ci il tarixdə poçt vasitəsi ilə ünvanlanmışdır ki, iddia müddətinin axımı hətta 14.06.2016-cı il tarixdən hesablansa belə iddiaçı qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi “zabit şərəf məhkəməsinin” protokolundan və təqdimatdan hələ 2010-cu ildən məlumatlı olmuş və onları mübahisələndirməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əlavə olunmuş “zabit şərəf məhkəməsinin” protokolundan və təqdimatdanən azından 2010cu ildən məlumatlı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə və ya yuxarı inzibati orqana müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı ehtiyata buraxılması barədə əmri, ona əsas olmuş “zabit şərəf məhkəməsinin” protokolu və təqdimatı mübahisələndirmək imkanını itirdiyi üçün onun tələbinin 2-ci hissəsi də mümkün hesab olunmur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əlavə olunmuş “zabit şərəf məhkəməsinin” protokolu “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin sonuncu abzasına cavab vermədiyindən həmçinin təqdimatda göstərilənlər həmin Əsasnamənin 105-ci maddəsinin üçüncü abzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 98,102,105-ci maddələrinə cavab vermədiyindən ləğv edilməsi və Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 70-ci maddəsinin ikinci abzasına əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələr sıralarına qaytarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar