Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1690/2025 03.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Mİrzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı və xx.xx.2004-cü il tarixli 2 saylı qərarları ilə ticarət obyektinin tikintisi məqsədilə ayrılmış 50 kv.metr və 40 kv.metr torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Mİrzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı və xx.xx.2004-cü il tarixli 2 saylı qərarları ilə ticarət obyektinin tikintisi məqsədilə ayrılmış 50 kv.metr və 40 kv.metr torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-3893/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Yeni Dizaxlı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 15 saylı və xx.xx.2004-cü il tarixli, 2 saylı qərarları ilə Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan, kəndin perspektiv inkişaf fonduna aid olan torpaqlardan 50 kv.metr və 40 kv.metr ticarət obyektinin tikintisi məqsədi ilə bələdiyyənin alqı-satqı predmeti torpaq sahələri ona satılmışdır. Torpaq sahələrinin nəzərdə tutulmuş dəyəri onun tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Həmin torpaq sahələrinin ona satılmasına dair Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin sədrinin, onun və Azərbaycan Respublikası DT və XK-nin Qəbələ rayon şöbəsinin müdirinin iştirakı ilə “Torpaq alqı-satqısına dair” Aktlar tərtib olunmuşdur. O, qeyd edilən, bələdiyyənin alqısatqı predmeti olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Qəbələ rayon, Mirzəbəyli Bələdiyyəsinin 30 dekabr 2002-cı il tarixli, 15 saylı qərarı əsasında əldə etdiyi 50 kv.metr və 16 fevral 2004-cü il tarixli, 02 saylı qərarı əsasında əldə etdiyi 40 kv.metr torpaq sahəsinə dair sənədlərin əsillərini 9 saylı Qəbələ Ərazi İdarəsinə tam təqdim etməmişdir. Təqdim edilən sənədlər tərəflərindən araşdırılan araşdırılan zaman məlum olmuşdur ki, torpaq sahəsinin məkan göstəricilərini özündə əks etdirən Plan və ölçüsü sənədi və torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən yerquruluşu planı təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı qərarı, xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan və xx.xx.2004-cü il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 40 kv.metr torpaq sahəsi mağaza tikintisi məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 144.000 manat pul vəsaiti ödənmişdir. - Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı qərarı, xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan və xx.xx.2003-cü il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 50 kv.metr torpaq sahəsi mağaza tikintisi məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 90.000 manat pul vəsaiti ödənmişdir. - cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1439/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,
1. İddiaçı Qəbələ rayon Mirzəbəyli bələdiyyəsinin 30 dekabr 2002-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 50 kv.m və 16 fevral 2004-cü il tarixli 2 saylı qərarı ilə ayrılmış 40 kv.m torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan-ölçü) təqdim olunmadığına görə koordinatlarını və xüsusiyyətlərini təyin etmək mümkün deyil.
2. İddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş 0,0050 (50 kv.m) və 0,0040 hektar (40 kv.m) torpaq sahələri, elektron məlumat bazasına əsasən Qəbələ rayonu Mirzəbəyli kəndinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlara aid, uqodiyası tikintialtı torpaqlar, Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. X2 X3 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Qəbələ rayon Mirzəbəyli bələdiyyəsinin 30 dekabr 2002-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 50 kv.m və 16 fevral 2004-cü il tarixli 2 saylı qərarı ilə ayrılmış 40 kv.m torpaq sahələrinin plan-ölçü sənədi olmadığına görə faktiki isrifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil.
3. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,0050 və 0,0040 hektar torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan məlumat bazasına əsasən başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
4. İddia olunan torpaq sahələri açıq boş ərazidə yerləşir və üzərində tikili mövcüd deyildir.
5. İddiaçı tərəfindən göstərilmiş, istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsinin ölçüsü iddia olunan torpaq sahəsinin ölçüsündən artıq deyil.
6. İddia olunan torpaq sahələri açıq boş ərazidə yerləşir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir.
II. TƏTBİQ EDİLƏN HÜQUQ:
İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 1 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı:
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə
III. MƏHKƏMƏNİN MÖVQEYİ
İddianın növü və mümkünlüyü. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin ərazisində yerləşən 40 kv.metr torpaq sahəsi Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı qərarı, 50 kv.metr torpaq sahəsi isə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı qərarı əsasında iddiaçıya satılmışdır. Mübahisələndirilən torpaq sahələrinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, o cümlədən torpaq sahələrinin yerquruluşu planları ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahələrinin məkan göstəricilərini özündə əks etdirən müvafiq texniki sənədlər və bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planlarının təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Odur ki, imtinanın əsasını təşkil edən prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı təqdim olunan bələdiyyə qərarı və digər sənədlərin mötəbərliyinə şübhə yaranmamış, sənədlərin həqiqiliyi təsdiq olunmuşdur. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahələri Qəbələ rayonu Mirzəbəyli kəndinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlara aid, uqodiyası tikintialtı torpaqlar, Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələridir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Qəbələ rayonu Mİrzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı və xx.xx.2004-cü il tarixli 2 saylı qərarları müvafiq qeydiyyatın aparılması üçün yetərli əsas sayılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 15 saylı qərarı ilə mağaza tikintisi üçün ayrılmış 50 kv.metr və xx.xx.2004-cü il tarixli 2 saylı qərarı ilə mağaza tikintisi üçün ayrılmış 40 kv.metr torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4 Günel.