Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1691/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, 1 noyabr 1958-ci ildə Göyçay şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbə gedərək, 9 il əyani təhsil, 1 il isə qiyabi təhsil alaraq orta məktəbi bitirmişdir. Qiyabi təhsil aldığı müddət ərzində 18 noyabr 1974-cü ildə Göyçay Kolxozlararası Tikinti İdarəsinə işçi qismində işə qəbul olmuşdur. Həmin vəzifədə 9 aprel 1975-ci il tarixədək işləyərək, öz istəyi ilə işdən çıxmışdır. 10 noyabr 1975-ci ildə Göyçay birləşmiş qazanxana və istilik idarəsinə maşinist və kaçaqar kimi işə təyin edilərək, 16 mart 1976-cı il tarixədək, yəni qış sezonu bitənənədək həmin işdə işləmişdir. 1 sentyabr 1976-cı ildə 12 saylı Texniki Peşə məktəbinin elektrik məişət avandanlığı qrupuna daxil olmuşdur, 15 iyul 1977-ci ildə 3-cü kateqoriya ilə məişət avadanlığı ixtisasını bitirmişdir. 01 avqust 1977-ci ildə Kürdəmir şəhərində 3-cü dərəcəli təmirçi mexanik kimi işə qəbul olmuşdur. 15 oktyabr 1977-ci ildə Sovet Ordusu sıralarına çağırıldığı üçün işdən çıxarılmışdır. 11 noyabr 1979-cu ildə hərbidən geri dönmüşdür. 11 aprel 1980-ci ildə X5 Xidməti İstehsal idarəsinə soyuducu təmiri ustası vəzifəsinə qəbul edilmişdir. 01 oktyabr 1980-ci ildə Azərbaycan SSR ƏMXN-nın 02 sentyabr 1980-ci il tarixli 283 saylı əmrinə əsasən ƏMXN-nın “Azərbaycan məişət avadanlıqlarının təmiri” idarəsinə keçirilmişdir. 1 oktyabr 1980-ci ildə Göyçay rayonu KBON dan Ucar rayonuna MDP RBT yə göndərilmişdir. 1 noyabr 1980-ci ildə 28 oktyabr 1980-ci il tarixli 163 nömrəli əmr əsasında Azərbaycan məişət avadanlıqlarının təmirindən yeni təşkil olunmuş Göyçay şəhəri rayonlararası məişət avadanlıqlarının təmiri atelyesinə 11 nömrəli Göyçay məişət avadanlıqlarının təmiri üzrə mexaniki vəzifəsinə göndərilmişdir, 03 noyabr 1980-ci il tarixdə isə 11 nömrəli Rayonlarası Məişət avadanlıqlarının təmiri atelyesinə ştata keçirilmişdir. 12 may 1987-ci ildə 30 nömrəli əmrə əsasən 11 nömrəli Azərbaycan məişət avadanlıqlarının təmiri İdarəsindən işdən azad edilərək, rayon İstehlak İdarəsinə Azərbaycan məişət avadanlıqlarının təmirinə 3-cü dərəcəli təmirçi kimi göndərilmişdir. 15 oktyabr 1997-ci ildə DƏK-in 864 saylı əmrinə əsasən ƏMXU ləğv edilmiş, DƏK-in istehsalat və Təsərrüfat idarəsinin nəzninə keçirilmişdir. 13 aprel 1998-ci tarixdə 157 nömrəli əmrə əsasən Göyçay sahəsinə sahə rəisi keçirilmişdir. 28 dekabr 1998-ci ildə DƏN-nin 01 saylı əmrinə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilərək, DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərin Fəaliyyətinin Mərkəzinin tabeliyinə verilmişdir. 30 aprel 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci İİ tarixli 475 saylı Fərmanına əsasən DƏN-nin Ticarət və Xidmət Müəssisə və obyektlərinin X1 təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi təyin edilmişdir. 26 yanvar 2004-cü ildə İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il tarixli 03 nömrəli əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət Xidmət və İstehsalat Müəssisə və obyektlərinin X2 müəyyən edilmişdir. 14 noyabr 2007-ci il tarixli 339 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialına müraciət edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müraciətinə mərkəzi filialda baxılmış və 13 sentyabr 2023-cü il tarixdə ona “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərar qəbul edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasından görünür ki, onun əmək stajı 29 il 4 ay təşkil edir. Belə olan halda cavabdeh inzibati orqanın həmin stajın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulması səbəbindən nəzərə almamasını qanuni və əsaslı hesab etmir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - hazırki iş üzrə iddiaçı Ə.X4 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2023cü il tarixli 3-17-1/2-Ə-210414/2023 nömrəli məktubla cavablandırılmışdır. Müvafiq məktuba əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və arxiv arayışının surətinə əsasən sığorta stajı 17 il 3 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmri yoxdur) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 21.1, 22-1.1-ci maddələri, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Hazırkı iş üzrə İddiaçı təqdim etdiyi arxiv arayışında isə onun 1996-2002-ci illər üzrə cəmi 14 ay əməkhaqqı alması, ümumilikdə isə 1992, 1997 və 2003-2007-ci illər üzrə isə əməkhaqqı almaması, əməkhaqqından tutulmaların olmaması və nəticədə borc yaranmasına səbəb olan zəruri halların olmaması müəyyən edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ali Məhkəmənin göstərilən mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq İddiaçı qeyd olunan dövrlərdə əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı dövrlərin onun sığorta stajına daxil edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arxiv arayışları və xx.xx.2023-cü il tarixli məktubu, НЗ ******* nömrəli hərbi bilet (xx.xx.1977-xx.xx.1979), xx.xx.1974-cü il tarixli əmək kitabçası (əmək fəaliyyəti müddəti: xx.xx.1974-xx.xx.1975, xx.xx.1975xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1980-xx.xx.1987, xx.xx.1987-xx.xx.2006), “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arxiv arayışları. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). İddiaçının 17 il, 3 ay, 24 gün sosial sığorta stajı mübahisələndirilmir. Cavabdeh orqan iddiaçının xx.xx.1974 - xx.xx.1975-ci illərə aid sosial sığorta stajını qəbul etmir və bunu əmək kitabçasında işdən azad olma əmrinin olmaması ilə əsaslandırır. Eyni zamanda cavabdeh orqan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırkı iş üzrə iddiaçının təqdim etdiyi arxiv arayışında onun 1996-2002-ci illər üzrə cəmi 14 ay əməkhaqqı almasını, ümumilikdə isə 1992, 1997 və 2003-2007-ci illər üzrə isə əməkhaqqı almamasını, əməkhaqqından tutulmaların olmamasını bildirir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) “İstehsalat və Təsərrüfat” İdarəsinin xx.xx.1998-ci il tarixli 157k №-li əmri ilə “Azərməişəttexnikatəmir”-in Göyçay sahəsinin təmirçi çilingəri həmin tarixdən həmin sahədə sahə rəisi vəzifəsinə keçirilmişdir. Sözügedən qurumun təşkilati hüquqi forması bir neçə dəfə dəyişmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005-ci il tarixli 11 №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. DƏlEDK-ın İXMİM-nin xx.xx.2007-ci il tarixli 339M №-li əmri ilə Göyçay şəhərində yerləşən “məişət cihazlarının təmiri emalatxanasfnın sahə ustası həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Sözügedən qurumun təqdim etdiyi, iddiaçıya ödənilmiş əməkhaqqı barədə məlumatların əks olunduğu digər bir arayışda isə qeyd edilmişdir ki, Mərkəzin arxivinə keçmiş “Azərməişəttexnikatəmir” Birliyinin Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasının, o cümlədən İddiaçı 1987(V-Vİ), 1988-1992-ci və 1997-ci illərin əməkhaqqı cədvəlləri təhvil verilməyib, 2003- 2007-ci illər üzrə əməkhaqqı cədvəlləri isə yoxdur. Məhkəmə cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarına münasibətdə qeyd edir ki, sözügedən qərarda iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmamasının aydınlaşdırılması, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi məsələsinin əsaslandırılması və digər məsələlər vurğulanmışdır. Hazırkı işdə cavabdeh orqanın özünun təqdtim etdiyi arxiv arayışında “Azərməişəttexnikatəmir” Birliyinin Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasının, o cümlədən İddiaçı 1987(V- Vİ), 1988-1992-ci və 1997-ci illərin əməkhaqqı cədvəlləri təhvil verilmədiyi və 2003-2007-ci illər üzrə əməkhaqqı cədvəllərinin olmaması qeyd olunub. Odur ki, faktiki olaraq əmək haqqı cədvəlləri olmayan dövrlərə münasibətdə iddiaçıya əmək haqqının ödənilməməsini iddia etməkdə cavabdeh orqan haqlı sayıla bilməz. İş materiallarında olan, “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasında işlədiyi dövrdə obyektin fəaliyyətindən əldə etdiyi gəlirin Mərkəzə ödənilən hissəsinə uyğun olaraq 1998-2002-ci illərdə hesablanmış əmək haqqı və ondan icbari, o cümlədən sosial sığorta haqqı üzrə tutulmalar həyata keçirilmiş və aidiyyəti üzrə ödənilmişdir. Oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li, İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1421/2022 №-li, xx.xx.2021-ci il tarixli, 2- 1(102)-440/2021 №-li qərarında əks olunmuş hüquqi mövqeyə görə xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan iddiaçının 2003-2007-ci illər üzrə əməkhaqqı alıb-almamasını müəyyən edə bilmir. Həmin sənədlərin saxlanılmasına səlahiyyətli olan subyekt isə əməkhaqqı cədvəllərinin olmamasını bildirir. Əmək haqqı cədvəllərinin saxlanılmasını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının 1974-1975-ci illərdə əmək fəaliyyəti nəzərə alınmadan onun xx.xx.2002-ci il tarixədək ümumi sosial sığorta stajı 26 il, 2 aya, xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı isə 29 il, 2 ay, 2 günə bərabər olur. Odur ki, iddiaçının ümumi sosial sığorta stajı hər bir halda 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.