Məhkəmə qərarları › İş №2-1(116)-1691/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1691/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1691/2025 24.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1691/2025 nömrəli qəraradı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 1691/2025 nömrəli qəraradından apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(107)-446/2025 nömrəli qəraradı ilə iş üzrə qərardad tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əsasən İddiaçı 2016-2021-ci il tarixlərdə X3 Universitetində stomatoloq ixtisası üzrə təhsil almışdır və ona bu barədə diplom verilmişdir. Həmin diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron qaydada Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçinin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Qərar üzrə gəlinən bu nəticə ilə razılaşmayaq bildiririk ki, X2 (ÜST) 2020-ci il mart ayında koronavirusu pandemiya elan etdi. Bu tarixdən sonra bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda distant və ya alternativ təhsil metoduna keçildi. İddiaçının da təhsil müddətinin bir hissəsi o dövrə təsadüf etdiyinə görə o, təhsilini onlayn (distant) formada davam etdirmişdir. Cavabdeh orqanın hamıya məlum olan faktı görməzdən gələrək belə bir imtina verməsi ağlabatan olmamaqla yanaşı, qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi məktubunda bildirmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli NA00032042 nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır.

2. İddiaçıya məxsus THTU seriyalı 000657 nömrəli diplomun surəti.

3. Ali təhsil barədə diploma əlavənin surəti.

4. Dövlət Sərhəd Xidmətinin 24 fevral 2025-ci il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X4 Universitetini bitirmişdir. X4 Universiteti tərəfindən İddiaçı THTU seriyalı 000657 nömrəli Diplom verilmişdir.Cavabdehin imtina əsası iddiaçının təhsil aldığı dövlətdə olduğu müddətin az olması və diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçı təhsil aldığı 2016-2021-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur.Təhsil müəssisəsinin təqdim etdiyi bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Hazırkı işin hallarından göründüyü kimi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. İddiaçının təhsili əyani olmaqla bərabər 2016-2020-ci illərdə təhsil aldığı dövlətdə olduğu müddət nəzərdə tutulmuş normaya uyğundur.Belə ki, tələb olunan sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı aşağıdakı tədris illərində göstərilən müddət ərzində təhsil aldığı dövlətdə olmuşdur : 2016-17-ci tədris ili ərzində-175 gün; 2017-18-ci tədris ili ərzində-167 gün; 2018-19-cu tədris ili ərzində-212 gün; 2019-20-ci tədris ili ərzində-126 gün; İddiaçının 2020-2021-ci il tədris ilində təhsilinin onlayn qaydada davam etdirməsi,yekunda 24 iyun 2021-ci il tarixində yekun imtahan üçün təhsil aldığı dövlətdə olması müəyyən edilir.İddiaçı həmin il təhsil müddəti ərzində pandemiya dövri ilə əlaqədar olaraq təhsilini distant texnologiyaların tətbiqi ilə onlayn formada almış, bu səbəblərdən təhsil dövrü ərzində də Gürcüstan Respublikasına yalnız imtahanda iştirak etmək üçün getmişdir “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; ... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” Bənd 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Bənd 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Bənd 6.1. Əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, təhsilalma formasının müəyyən edilməsi tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsinə qiymət verilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ali təhsilə dair ekvivalentiyin tanınmasından imtina edilməkdə cavabdeh orqan haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin üzərinə İddiaçı X3 Universiteti tərəfindən verilmiş THTU 000657 nömrəli xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında Şəhadətnamə verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar