Məhkəmə qərarları › İş №2-1(116)-17/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-17/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-17/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 qızının katibliyi, İddiaçı3, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X8, X9, X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “JN-741 saylı Dövlət Aktının yeni elektron uçot xəritəsində yerləşmə vəziyyəti nəzərə alınmaqla Göyçay rayonu, Şəhadət kəndində yerləşən 0,6557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, X10, İddiaçı3, X6, X11, X5, İddiaçı6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Şəhadət kəndində yerləşən 1.04 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində X12 və iddiaçıların JN-741, KOD 40814058 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN-741, KOD 40814058 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-65/2024 nömrəli qərardadı ilə X8, X9, X13, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçılar xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə göndərərək, Əliyeva Sevda və ailə üzvlərinin adına aparılmış 29.11 2022-ci il tarixli ********** nömrəli qeydiyyatın JN-741 saylı Dövlət Aktı ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-741 saylı Dövlət Aktının yeni elektron uçot xəritəsində yerləşmə vəziyyəti nəzərə alınmaqla Göyçay rayonu, Şəhadət kəndində yerləşən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququmuzun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-17/2025 nömrəli qərardadı ilə iddia tələbi “Əliyeva Sevda və ailə üzvlərinin adına aparılmış 29.11 2022-ci il tarixli ********** nömrəli qeydiyyatın JN-741 saylı Dövlət Aktı ilə üst-üstə düşən hissədə (0,3843 ha) ləğv edilməsi və sözügedən torpaq sahəsinin JN-741 saylı Dövlət Aktının yeni elektron uçot xəritəsində yerləşmə vəziyyəti nəzərə alınmaqla ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” hissəsində mümkün sayılmamışdır. İş materiallarından görünür ki, iddiaçıların hüquqi marağı Əliyeva Sevda və ailə üzvlərinin adına aparılmış 29.11 2022-ci il tarixli ********** nömrəli qeydiyyatın JN-741 saylı Dövlət Aktı ilə üst-üstə düşən hissədə ləğv edilməsi nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin ona və ailəsinə Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il 41 saylı qərarı ilə ayrılmasını və ilkin torpaqqayırma sənədlərinin tərtib edildiyini bildirir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Aparılan araşdırma zaman, Göyçay rayonu M.rzəhüseyinli kəndində yerləşən 1 04 ha kənd təsərrüfat, təyinatı, torpaq sahəsini dövlət reyestrində qeydə alınmas, uçun torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Belə ki, həmin torpaq sahəsi başqa şəxs tərəfindən istifadə olunur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında izahat verərək qanunamüvafiq qərar verilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -AZ-İ 138839 nömrəli ölüm haqqında şəhadətnamə, cavabdehin xx.xx.2022-ci il tarixli imtina cavabı, xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, A №808429-li torpaq sahəsinin planı və ölçüsü sənədi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-125/2022 nömrəli qətnaməsi, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2022-ci il tarixli Ekspert Rəyi, JN-741 və JN-845 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları, cavabdehin xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəyləri və yerquruluşu planları. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçıların hüquqi marağı JN-741, KOD 40814058 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə əvvəllər tanınmış 1.04 ha torpaq sahəsinə münasibətdə hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi ilə bağlı olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-17/2025 nömrəli qərardadı ilə iddia tələbi 0,3843 ha hissədə qeyri-mümkün sayıldığından qalan 0,6557 ha torpaq sahəsinə münasibətdə cavabdeh orqanın imtinasının qanuniliyi yoxlanılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş rəydə qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi 1.14 ha torpaq sahəsi Göyçay rayonu Şəhadət kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-741 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 1.04 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.14 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən JN-741 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə verilmiş 1.04 ha torpaq sahəsinin 0.87 ha hissəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumat bazasında JN-741 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada göstərilən 1.14 ha torpaq sahəsinin 0.35 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.82 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən JN-741 Dövlət Aktının qərbində yerləşən, kənd təsəsrrafatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, şərti olaraq dövlət mülkiyyəti kimi göstərilmiş, paylardan artıq qalan, sözügedən xəritədə “zəbt” kimi işarələnmiş 0.40 ha torpaq sahəsi mövcuddur. Sözügedən 0.40 ha torpaq sahəsinin 0.25 ha hissəsini iddiaçı faktiki istifadə etdiyini bildirdiyi 1.14 ha torpaq sahəsinin bir hissəsi kimi baxış zamanı mütəxəssislərə göstərmişdir. Lakin faktiki istifadə vəziyyətinə baxdıqda zəbt kimi işarələnmiş 0.40 ha torpaq sahəsinin qalan 0.15 ha hissəsi də 0.25 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi məlum olur. Əlavə olaraq bildirilir ki, TEKUİS məlumatlarında göstərilən, JN-741 nömrəli Dövlət Aktı ilə iddaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.04 ha torpaq sahəsinin 0.3843 ha hissəsi X4 mülkiyyətinə verilmiş 0.8242 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN-741 nömrəli Dövlət aktı ilə mülkiyyətə verilmiş 1.04 ha torpaq sahəsinin **********43 reyestr nömrəli çıxarışla üst-üstə düşən 0.3843 ha hissəsi çıxıldıqdan sonra qalan 0.6543 ha torpaq sahəsi və TEKUİS məlumatlarında zəbt kimi işarələnmiş 0.40 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olduğu mütəxəssis tərəfindən müəyyən olunmuşdur. TEKUİS məlumatlarında müvafiq düzəlişin aparılması ilə bağlı mülkiyyətçilər tərəfindən qarşılıqlı razılıq əsasında sözügedən torpaq sahələri ilə idarəyə müraciət ediləcəyi halda və yaxud veriləcək məhkəmə qərarına uyğun olaraq aidiyyəti qurum tərəfindən TEKUİS məlumatlarında torpaq sahələri ilə bağlı müvafiq düzəliş aparıla bilər. Məhkəmə qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən müvafiq yeni nümunəli çıxarışın verilməsi üçün əsas olsa da, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanında nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Odur ki, müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, mövcud ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi ilə bağlı xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”ının 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.5-ci bəndində nəzərdə tutulmuş müddəa bir daha təsdiq edir ki, torpaq sahələrinin yerləşmə vəziyyəti ilə bağlı sənəddə göstərilən məlumatlarla real vəziyyət arasında fərq olduqda torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, cavabdeh real vəziyyəti nəzərə alaraq hüquq müəyyəndici sənədləri torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib etməli, bütövlükdə bu fərqin hüquqi sənədlərə uyğunlaşdırılmasını təmin etməlidir. Çünki fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. Buna görə də, əmlak hüququnun qeydiyyatı faktiki mövcud olan real vəziyyəti əks etdirməlidir. İddiaçı və üçüncü şəxslər arasında 0,3843 ha torpaq sahəsinə münasibətdə mübahisə olsa da, faktiki olaraq 0,6557 ha torpaq sahəsinə münasibətdə hər hansı mübahisənin mövcudluğu, digər şəxslərin hüquqlarının pozulması, torpaq sahəsinin kateqoriyası və uqodiyasına münasibətdə əsaslı fərqlər müəyyən edilmir. Faktiki olaraq yeni elektron uçot məlumatlarında da, sözügedən torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi kimi qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan 0,6557 ha torpaq sahəsinə münasibətdə müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN-741 saylı Dövlət Aktının yeni elektron uçot xəritəsində yerləşmə vəziyyəti nəzərə alınmaqla Göyçay rayonu, Şəhadət kəndində yerləşən 0,6557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, X10, İddiaçı3, X6, X11, X5, İddiaçı6 ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar