Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-170/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı1 vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 07 dekabr 1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, İddiaçı2 0,15 ha torpaq sahəsi ayrılmış və 29 noyabr 1999-cu il tarixdə bağlanmış “Torpaqların alqı-satqısına dair" akta əsasən dəyəri ödənilməklə sonuncuya satılmışdır. Həmin akt 28 dekabr 1999-cu il tarixdə, 266 nömrəli keçmiş Zaqatala Rayon Torpaq Şöbəsində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 04 aprel 2013cü il tarixdə X2 bağışlanılmış və sonuncunun əmlak kompleksi kimi müəssisə üzərində hüquqları 18 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X4 29 oktyabr 2018-ci il tarixdə vəfat etdiyi üçün, ondan miras qalmış həmin əmlak 26 avqust 2019-cu il tarixli, 2V-921 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnaməyə və eyni tarixli, 3M-374 nömrəli "Miras payın bağışlanması" haqqında müqaviləyə əsasən İddiaçı1 adına keçmişdir. İddiaçı1 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 03 sentyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Göründüyü kimi, üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış "Əmlak kompleksi kimi müəssisə"nin altında yerləşən 0,15 ha torpaq sahəsi qanuni əsaslara görə iddiaçıların mülkiyyətində olduğu halda, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmamışdır. Vəkil cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********56 nömrəli imtina məktubunda qeyd etmişdir ki, nümayəndəsi olduğu İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə"nin altında yerləşən 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə Vəkil ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə əlaqədar aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi ərazi ərazi idarəsinin xidməti istifadəsində olan baza xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapır. Məsələnin daha dəqiq araşdırılması üçün Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin altında yerləşən 0,15 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı 22 iyun 2021-ci ii tarixli, ********** saylı məktubla Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müvafiq sorğu göndərilmişdir. Həmim sorğu Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və kadastr baza məlumatlarının təhlilinə əsasən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunması barədə rəy bildirilmişdir. Torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu halda “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci bəndinə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. İmtina məktubunda Vəkil torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********17 nömrəli etiraz məktubunda Vəkil ünvanladığı imtina məktubunda göstərilənlərdən əlavə olaraq qeyd etmişdir ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsinin 07 dekabr 1999-cu il tarixində bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində yerləşən 1961-ci ildə inşa edilmiş “taxıl anbarı”, 1961-ci ildə inşa edilmiş “taxıl navesi” və 1983-cü ildə inşa edilmiş “taxıl navesi” YAİK-nın 01 dekabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə əmlak payı kimi X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasında torpaq islahatı aparılan zaman qeyd olunan dövlətə məxsus olmuş əmlakların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılmış və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur. (“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının köhnə versiyasının 3-cü bəndində qeyd olumuşdur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin). Hal-hazırda da həmin sələhiyyətləri Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1175/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən Vəkil iddiaçıların “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizədə iddiaçılar “üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq, iddiaçılar tərəfindən cavabdehə İddiaçı2 münasibətdə müraciət olunmamışdır. Belə ki, iş materiallarında olan cavabdehin Vəkil ünvanladığı imtina məktubundan görünür ki, imtina 0,15 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə alınmasına münasibətdə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İlyas Səmədov da həmçinin iddia tərəfinin ilkin müraciətini təqdim edərək, İddiaçı2 münasibətdə hazırkı tələblə cavabdehə müraciət olunmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən yuxarıda qeyd olunan çatışmazlıq izah olunmuş, iddia qaldırılmamışdan əvvəl İddiaçı2 münasibətdə cavabdehin müvafiq imtina məktubunu və ya cavabdehə olunan yazılı müraciəti məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Vəkil izahatında iş materiallarına əlavə olunmuş imtina məktubunun mahiyyətcə İddiaçı2 verilmiş hesab etdiyi qənaətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq müvafiq imtina məktubu iş materiallarına əlavə edilməmiş, ümumiyyətlə analoji iddia tələbi ilə cavabdehə müraciət olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-170/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-170/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver