Məhkəmə qərarları › İş №2-1(116)-170/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-170/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-170/2024 25.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxslər X3, X6, X7, X8 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisinin JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayonu İtitala kənd M.F.Axundov adına kolxozun 1989-cu il tarixli Qaytanlaşmış torpaq kitabına və Torpağın mülkiyyətinə verilməsi dair JN 455 B Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN 455 saylı Dövlət Aktına üzərinə düşən hissədən ayırmaqla həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə və yardımçı təsərrüfat binalarına texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə tədqim edərək JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisinin JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi üzərində ümumibirgə mülkiyyət hüququmun, üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə tam xüsusi mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1672/2023 nömrəli qərardadı ilə X3, X6, X7, X8, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Balakən rayonu İtitala kənd M.F.Axundov adına kolxozun 1983-cu ilin qaytanlanmış torpaq kitabına əsasən ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Milli Arxiv İdarəsinin Şəki Filialının 934 saylı 18 noyabr 2022-cı il tarixli arxiv arayışında ona torpaq sahəsinin ayrılması barədə arxiv sənədində qeyd edilmişdir. Həmin torpaq sahəsində iddiaçı ailəsi ilə birlikdə 1989-ci il tarixindən fərdi yaşayış evi inşa edərək həmin mənzildə yaşayır və bu günə qədər də həmin torpaq sahəsinin bütün vergilərini də ödəyir. İnşa etdiyi fərdi yaşayış evinə 1989-cu ilin aprel ayında texniki pasport da hazırlanmışdır. Balakən rayonunda Aqrar İslahatlar aparılan zaman həmin torpaq sahəsinə islahat komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0,59 ha torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilərək Torpağın mülkiyyətə verilməsinə dair JN-455B, kod40100038 saylı Şəhadətnamə verilmişdir. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinə hüquqlarını qeydə aldırmaq istəyəndə 02 mart 2023-cü il tarixində həmin idarədən müraciətinə cavab olaraq bildirmişlər ki, ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin cizgisi DWG xəritələrinə əsasən özünə məxsus JN-455 nömrəli Dövlət Aktı sənədinin cizgiləri ilə üst-üstə düşür. Bundan başqa ərazi idarəsinin xidməti istifadəsində olan Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən sahə kənd təsərrüfatlı təymatlı torpaqlar kimi qeyd olunmuşdur. Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş sənədlərdə düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatata Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Bu səbəbdən də ona ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılarkən hələ Aqrar İslahat Komissiyası mövcud deyildi. İslahata qədər kolxoz tərəfindən ona verilən torpaq sahəsində 1989-cu il tarixində fərdi yaşayış evinin inşa etdiyi barədə İtitala kənd inzibati ərazi dairəsinin 231 saylı xx.xx.2022-ci il tarixli arayışında da sübut olunur. Lakin sonradan keçirilən Aqrar islahatlar nəticəsində İslahat komissiyasının araşdırmadan etdiyi texniki səhv nəticəsində mülkiyyətinə verilən torpaq sahəsinin üzərinə pay torpaq sahəsinin vurulması nəticəsində həyətyanı topaq sahəsinə çıxarış ala bilməmişdir. Ailə üzvləri arasında həyətyanı torpaq sahəsinə çıxarışın alınmasında heç bir mübahisə yoxdur, əksinə bütün ailə üzvləri maraqlıdır ki, inşa etdikləri və yardımçı təsərrüfatlar inşa etdikləri torpaq sahəsinə çıxarış ala bilsinlər ki, o, sağlığında övladları arasında bərabər bölğü apara bilsin. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizəsinin icrası iiə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin cizgiləri DWG xəritələrinə əsasən iddiaçıya məxsus JN-455 nömrəli 'Dövlət Aktı sənədinin cizgiləri ilə üst-üstə düşür Bundan başqa, ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə sözügedən sahə kənd təsərrüfatlı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçının ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ona 02 mart 2023-cü il tarixli, 3-21-3-47/2-M- 0029-8/2023 (**********93) nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı, JN-455B nömrəli Şəhadətnamə, JN-455 nömrəli Dövlət Aktı, İtitala kənd XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin 1991-2000-ci illərə aid təsərrüfat başına kitablarında İddiaçı təsərrüfatı barədə qeydiyyat aparılan vərəqlərin təsdiq edilmiş surətləri, X11 Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı Qərarı, JN-455A nömrəli Şəhadətnamə, Balakən rayonu İtitala kənd M.F.Axundov adına kolxozun 1989-cu il tarixli Qaytanlaşmış torpaq kitabınna əsasən 205-ci sırada İddiaçı torpaq sahəsi olması ilə bağlı vərəqdən kserosurət, cavabdeh orqanın 22 iyul 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-) Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə isə tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisi ilə üst-üstə düşdüyünü bildirdiyindən, iddiaçı, həm də JN-455 nömrəli Dövlət Aktının W planşetinin JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini tələb edir. Məhkəmə tərəfindən mübahisə predmeti olan daşınmaz əmlak obyektinə dair mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydə qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin naturada ölçüsü 0.35 hektardır. İddiaçının naturada istifadəsində olan 0.35 ha torpaq sahəsində naturada istifadə etdiyi 0.11 ha torpaq sahəsinin hüdudları daxilində X4 ailə üzvlərinin adına tərtib edilmiş 455B nömrəli Şəhadətnəmənin cigisində göstərilən 0.59 ha həyətyanı torpaq sahəsinin müəyyən bir hissəsi və X4 ailə üzvlərinin adına tərtib edilmiş 455W nömrəli Dövlət Aktının cigisində göstərilən 0.62 ha pay torpaq sahəsi həmin ərazidə üst-üstə işlənilmişdir. İddia olunan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq iddiaçının ailə üzvlərinin adına tərtib edilmiş 455B nömrəli Şəhadətnəmənin cigisində göstərilən 0.59 ha həyətyanı torpaq sahəsinin müəyyən bir hissəsi və X4 ailə üzvlərinin adma tərtib edilmiş 455W nömrəli Dövlət Aktının cigisində göstərilən 0.62 ha pay torpaq sahəsi həmin ərazidə üst-üstə işlənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işin hallarından göründüyü kimi iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən iki sənəd - “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı mövcuddur. Hər iki sənəd bərabər hüquqi statusda olmaqla mübahisəli torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmış hüquqların mövcudluğunu təsdiq edir. Odur ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin aid edildiyi hər iki sənədin mötəbərliyi ilkin sənədlərlə və icraat materialları ilə müqayisəli yoxlanılmaqla tədqiqat aparılmışdır. İcraat materiallarından görünür ki, İtitala kənd İƏD-nə aid təsərrüfatbaşına kitabda iddiaçının adına 1989-cu ildə inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və 0,59 ha həyətyanı tropaq sahəsinin olması ilə bağlı qeyd aparılmışdır. İddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinə aid 140 inventar nömrəli, aprel 1989-cu il tarixli texniki pasport təqdim edilmişdir. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, faktiki ölçüsü 1071 kv.m qeyd edilmişdir. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia olunan fərdi yaşayış evi 140 inventar nömrəli texniki pasportda göstərilən tikilidir. Balakən rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş İtitala kənd icra nümayəndəliyinin 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitablarından çıxarışlarda təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsinin ölçüsü tikinti altı sahə ilə birlikdə 0,11 hektar qeyd edilmiş, eyni zamanda 1988-ci ildə inşa edilmiş ümumi sahəsi 136 kv.m olan fərdi yaşayış evi ilə bağlı məlumatlar öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş Balakən rayonu İtitala kəndi üzrə həyətyanı torpaq sahəsi ayrılmış subyektlər siyahısında iddiaçı və ailə üzvlərinə münasibətdə ayrılmış torpaq sahəsinin ölçüsü 0,10 ha qeyd edilmişdir. X12 Filialı tərəfindən təqdim edilmiş Balakən rayonu İtitala kənd M.F.Axundov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabında 205-ci sırada iddiaçının adında göstərilən torpaq sahəsinin ölçüsü 0,10 ha qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair (2.3) kənd ... yaşayış məntəqələrində ...2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar və (2.5) ... həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarışlar hüququn qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir. Faktiki olaraq iddia olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 140 inventar nömrəli texniki pasportda göstərilən tikili ilə uyğunluq təşkil etdiyindən, həmin torpaq sahəsinin JN-455B nömrəli şəhadətnamənin cizgisinə daxil edilməsi daha mötəbər hesab olunmalıdır. Belə ki, torpaq sahəsinin həyətyanı məqsədilə ayrılması və istifadə edilməsi ilə bağlı uyğunluğun və ardıcıllığın müşahidə edilməsi mümkündür. Buna görə də, iddiaçı, məhz JN-455B nömrəli şəhadətnaməyə istinad edərək JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisinin 0,11 ha hissədə ləğv edilməsini və 0,11 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisinə həmin torpaq sahəsinin daxil edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdən həyətyanı torpaq sahəsi kimi iddiaçının istifadəsində olduğundan və mübahisələndirilən Dövlət Aktının tərtib edilməsinə əsas olmuş ilkin sənədlər mövcud olmadığından, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhdulları istehsalı məqsədilə ayrılmasına dair cavabdeh orqanın dəlili işin yuxarıda sadalanan halları ilə təkzib olunur. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan sənədlər (kolxozun qaytanlanmış torpaq kitabından çıxarış, təsərrüfatbaşına kitabdan çıxarış) həm də, fərdi yaşayış evinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratdığından və sözügedən sənədlərdə hüquq subyekti (təsərrüfat başçısı) iddiaçı göstərildiyindən fərdi yaşayış evi üzərində tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə də, iddiaçı haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-455 nömrəli Dövlət Aktının W planşetinin cizgisinin JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsin ilə üst-üstə düşən hissədə ləğv edilməsi və İddiaçı JN-455B nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,11 ha hissəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar