Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1702/2025 27.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən, qanuni istifadədə olan 1.08 ha həyətyanı torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin adına Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən, qanuni istifadədə olan 1.08 ha həyətyanı torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin adına Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Torpaq islahatı aparılan zaman ailə tərkibində 5 (dörd) nəfər olmaqla istifadələrinə 0.35 ha və 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə Şəhadətnamə hazırlanmışdır. Lakin torpaq islahatı zamanı Qəbələ rayonu Böyük Pirəli kəndi üzrə torpaq payı alacaq subyektlərin (idddiaçı və ailə üzvlərinə münasibətdə) siyahısında 2.0585 ha ümumi, 0.10 ha həyətyanı, 1.6400 ha mülkiyyətə verilən torpaq sahəsi qeyd edilmişdir. Şəhadətnamə hazırlanmış 0.56 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan 1,08 ha torpağa sənəd verilməmişdir. Qəbələ rayon Böyük Pirəli kəndində yerləşən torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək qərarına gəlmişdir.Lakin İdarədən ona həmin torpaq sahələrinə sənəd hazırlanmadığı bildirilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı Qəbələ rayonu,Böyük Pirəlli kəndində yerləşən 1.08 ha həyətyanı torpaq sahəsinin 0.52 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, İddiaçı və ailə üzüvlərinin adına Qəbələ rayon, Aqrar islahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.3 ha torpaq sahəsinə dair JN-307A və 0.21 ha torpaq sahəsinə dair JN-307F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr” hazırlanaraq verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təqdim edilən etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN-307F KOD 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə;
3. JN-307A KOD 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə;
4. JN-307F KOD 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin Şəhadətnamələrin qeydiyyatı kitabında 14329 nömrəsi ilə qeydə alındığı səhifənin müvafiq qaydada təsdiq edilmiş surəti;
5. Qəbələ rayonu, Böyük Pirəli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından iddiaçı və ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti;
6. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 64 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər;
7. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluş Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ rayon, Aqrar islahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.3 ha torpaq sahəsinə dair JN-307A və 0.21 ha torpaq sahəsinə dair JN-307F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən, qanuni istifadədə olan 1.08 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alınaraq Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını Qəbələ rayonu,Böyük Pirəlli kəndində yerləşən 1.08 ha həyətyanı torpaq sahəsinin 0.52 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Belə ki, Qəbələ rayon, Aqrar islahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı əsasında iddiaçı və ailəsinin mülkiyyətinə 1,6400 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,21 ha və 0,3 ha yəni cəmi 0,56 ha hissəsinə“Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilmişdir. Yerdə qalan 1,08 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilsə də faktiki olaraq həmin hüququ təsdiq edən 307G saylı "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə fiziki olaraq çap edilməmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki,Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilməmiş subyektlər siyahısı özlüyündə hüquqməyyənedici sənəd deyildir,lakin hazırkı işə əsasən iddia olunan torpaq sahəsinə,eləcə də iddiaçı və ailə üzvlərinin adına JN-307A və JN-307F saylı "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələr tərtib edilmişdir.Faktiki olaraq sənədin fiziki olaraq çap edilməməsi inzibati orqanın səhvi nəticəsində baş vermişdir.Bu hal DVJ bazasında iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə də təsdiq olunur. İş materiallarına əlavə olunan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluş Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş subyektlər siyahısı araşdırılmışdır.Həmin Siyahıda İddiaçı və ailə üzvləri qeyd edilmiş,mülkiyyətçiyə verilən torpaq sahəsi qrafasında 1,64 ha torpaq sahəsi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 1,18 ha torpaq sahəsi Qəbələ rayonu Böyük Pirəli kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən 0,0435 ha hissəsi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (307G) əsasən Yunusov Nərman Möylam oğlunun və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0565 ha hissəsi isə Bələdiyyə mülkiyyətinə aid torpaqm sahəsi ilə üst-üstə düşür. Qalan 1,08 ha hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (307G) əsasən İddiaçı oğlunun və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən (307G) nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” X8 kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) öz əksini tapmağına baxmayaraq Şəhadətnamənin əsli iddiaçıda və nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyildir. Qəbələ rayonu Böyük Pirəli kəndində aqrar islahat aparılan zaman subyektlər siyahısında 307 nömrə ilə İddiaçı və ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi X3 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası Yaşayış Məntəqələrinin Torpaqları, uqodiyası Tikinti altında olan torpaqlar, Bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi Qəbələ rayonu Böyük Pirəli kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-307F və JN-307A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə qeyd edilmiş torpaq sahəsinə bitişik deyildir. İddia olunan Torpaq sahəsi metal tor və kol çəpərlə hasarlanmış qapalı həyət daxilindədir. Üzərində fərdi yaşayış evi, köməkçi tikililər (tövlə, talvar) mövcuddur. Faktiki istifadə olunan 1,18 hektar torpaq sahəsinin Qəbələ rayonu Böyük Pirəli kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Şəhadətnamədə qeyd edilmiş 1,08 hektar ilə üst-üstə düşən hissəsinin koordinatları təqdim edilir. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 1,18 hektar torpaq sahəsinin həndəsi ölçüləri ilə Qəbələ rayonu Böyük Pirəli kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən (307G) saylı Şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş 1,08 hektar torpaq sahəsinin həndəsi ölçüləri arasında konfiqurasiya fərqləri mövcuddur. Lakin həmin fərqlər nəzərə alınmadan faktiki istifadəyə uyğunlaşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən, qanuni istifadədə olan 1.08 ha həyətyanı torpaq sahəsinə İddiaçı və ailə üzvlərinin adına Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən, 1.08 ha torpaq sahəsi üzərində İddiaçı,X5, X7, X9 və X1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq Dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə