Məhkəmə qərarları › İş №2-1(116)-1704/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1704/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1704/2022 29.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni 19 fevral 2022-ci ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1979-cu ildə Oğuz rayonu Mollalı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli **********62401 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə İddiaçı qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 379,39 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci ildə iddiaçının qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində növbəti maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının göstərdiyi ünvanda yaşamaması aşkar edilmiş və onun sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də yaşayış ünvanının Oğuz rayonu Mollalı kəndində göstərildiyi halda, xx.xx.2022-ci ildə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşamır. İddiaçı dayandırılmış sosial yardımın alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ünvanlı sosial yardımın alınması üçün müraciətdən f690a602d6bb4d9aae3df7338a28a0f1 nömrəli bildirişlə imtina edərək bildirmişdir ki, maddi-məişət şəraitinin müayinəsi zamanı "Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə (ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması) görə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq iddiaçının sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, müayinə və müalicələri ilə əlaqədar rayon mərkəzinə köçmüş və hazırda Oğuz şəhərində kirayədə yaşayır. Cavabdehin imtina məktubu tam əsassızdır. Belə ki, cavadebdeh imtinanın səbəbi kimi onun maddi-məişət şəraitinin müayinəsi zamanı qeydiyyatda olduğu ünvanda olmamağını bildirsə də, iddiaçı qeyd edir ki, bunun səbəbi araşdırılmadan sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda bildirmişdir ki, müayinə barədə tərtib olunan **********24 nömrəli akta əsasən, keçirilən monitorinq zamanı mərkəzi filialın əməkdaşları iddiaçının atası ilə birlikdə sözügedən ünvana gəlmiş və ünvanda heç kim olmamışdır. İddiaçının atası İddiaçı ailə üzvləri ilə birlikdə Oğuz şəhərində kirayədə yaşadıqlarını və qeyd olunan mənzilə isə bəzi hallarda baxmaq üçün gəldiklərini bildirmiş və tərtib olunan aktla tanış olsa da, imzalamaqdan imtina etmişdir. Eyni zamanda, keçirilən müayinə zamanı mənzilə məxsus "Azərişıq" abonent kodunun yoxlanılması zamanı heç bir sərfiyyatın olmaması aşkar edilmişdir. Şifahi məhkəmə baxışı zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvanlı sosial yardımın dayandırılma vaxtının xx.xx.2022-ci il kimi qəbul olunmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, elektron sistemdən çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə İddiaçı qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 379.39 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. - İşdə olan, xx.xx.2022-ci il tarixli maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib edilmiş məlumatdan görünür ki, iddiaçının qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (iddiaçının göstərdiyi ünvanda yaşamaması) İddiaçı sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilmişdir. Belə ki, "Ərizəbəyannamə"də yaşayış ünvanını Oğuz rayonu Mollalı kəndində göstərildiyi halda, xx.xx.2022-ci ildə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşamır. - İşdə olan, f690a602d6bb4d9aae3df7338a28a0f1 nömrəli bildirişdən görünür ki, maddi-məişət şəraitinin müayinəsi zamanı "Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə (ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması) görə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq iddiaçının sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubundan görünür ki, müayinə barədə tərtib olunan **********24 nömrəli akta əsasən, keçirilən monitorinq zamanı mərkəzi filialın əməkdaşları iddiaçının atası ilə birlikdə sözügedən ünvana gəlmiş və ünvanda heç kim olmamışdır. İddiaçının atası İddiaçı ailə üzvləri ilə birlikdə Oğuz şəhərində kirayədə yaşadıqlarını və qeyd olunan mənzilə isə bəzi hallarda baxmaq üçün gəldiklərini bildirmiş və tərtib olunan aktla tanış olsa da, imzalamaqdan imtina etmişdir. Eyni zamanda, keçirilən müayinə zamanı mənzilə məxsus Azərişıq abonent kodunun yoxlanılması zamanı heç bir sərfiyyatın olmaması aşkar edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsində deyilir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Həmin normaların təhlilindən görünür ki, ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirməsinə səbəb olan hallar dəqiq sadalanmışdır. Bunlar ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumatın verilməsi, eləcə də ailənin gəlirlərində dəyişiklik baş verdikdə, ailənin bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 iş günü müddətində məlumat verməməsidir. Lakin İddiaçı tərəfindən özünün ailə tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verilməsi, eləcə də yardım təyin edildikdən sonra ailəsinin gəlirlərində dəyişiklik baş verməsi müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hal, yəni iddiaçının yardım təyin edildiyi zaman yaşadığı evdə artıq yaşamaması isə yuxarıda göstərilən meyarların heç birinə uyğun gəlmir. İddiaçının başqa ev alması aşkar edilsəydi, cavabdeh bunu iddiaçının ailəsinin gəlirlərində dəyişiklik kimi qiymətləndirə bilərdi. Lakin bu hal mövcud deyil. İddiaçı öz evində deyil, Oğuz şəhərində yerləşən bir evdə kirayədə qaldığını və bunu xəstəliyi ilə əlaqədar səhiyyəyə daha yaxın olmaq məcburiyyəti ilə izah etmiş, cavabdeh isə bunu təkzib edə bilməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən iddiaçının sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı verilən ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan, yəni 19 fevral 2022-ci ildən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar