Məhkəmə qərarları › İş №2-1(116)-1704/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1704/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1704/2024 15.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı ”cavabdehin 10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin mübahisələndirilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə” iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəyə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ”cavabdehin 10/734-k nömrəli, xx.xx.2021ci il tarixli əmrinin mübahisələndirilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13868/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, “prossesual müddətin bərpa edilməsinə dair” ərizə mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Baş Prokurorunun 10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsinə nail olmaqdır. Sözügedən əmrdən görünür ki, iddiaçı prokurorluq orqanlarından xaric edilmişdir. Cavabdehin “10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğvi” ilə bağlı tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində iddiaçı, prokurorluq orqanlarından xaric edilməsi barədə əmrdən məlumatı olmadığını bildirmiş, buraxılmış müddətin bərpa edilməsini və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2008-ci il tarixli, 11/213-k nömrəli əmri ilə prokurorluq orqanlarında işə qəbul olunaraq xx.xx.2009-cu il tarixədək Tərtər hərbi prokurorunun köməkçisi vəzifəsi üzrə stajor, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Tərtər hərbi prokurorunun sınaq müddəti ilə köməkçisi, xx.xx.2010-cu il tarixdə prokurorluqda daimi qulluğa qəbul olunaraq xx.xx.2021-ci il tarixədək Tərtər hərbi prokurorunun köməkçisi vəzifəsində işləmişdir. Prokurorluq orqanlarında qulluq keçdiyi müddət ərzində İddiaçı həvəsləndirilməmiş, icraatında olan cinayət işləri və materiallar üzrə qanunvericiliyin tələblərini pozaraq süründürməçiliyə yol verməsi və digər kobud pozuntular törətməsi ilə əlaqədar Respublika Hərbi prokurorunun xx.xx.2018-ci il tarixli 29 nömrəli və xx.xx.2019-cu il tarixli 63 nömrəli əmrləri ilə ona şiddətli töhmət elan edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2021-ci il tarixli, 10/734-k nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci, “Prokurorluq haqqında“ Azərbaycan Respublikası Qanununun 33-cü və “Azərbaycan Respublikası Prokurorluğu X1 Kodeksimin, həmçinin “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında“ Təlimatın tələblərinin pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməklə prokurorluğun nüfuzuna xələl gətirdiyinə, prokurorluq orqanlarında formalaşdırılmış əmək intizamı ilə bağlı qaydaların tələblərinə riayət etmədiyinə, həmçinin eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmadığına görə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, mübahisələndirilən 10/734-k nömrəli əmr xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddia ərizəsində mübahisələndirilən əmrin iddiaçıya göndərilməməsi və yalnız Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlanan müraciətdən sonra həmin əmrin surətinin təqdim edildiyi qeyd olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Yəni, iddiaçı artıq həmin tarixdən işdə hesab edilməmiş və faktiki olaraq əmək funksiyalarının icrası ilə məşğul deyildi (cavabdeh tərəfindən prokurorluq orqanlarından xaric edilmə barədə əmrin qəbul edilməsinə baxmayaraq, 2023-cü ilin mart ayınadək işlədiyi halda bununla bağlı əsaslanmanın təqdim edilməsi iddiaçıya təklif olunmuşdur). Mübahisələndirilən əmrlə iddiaçının tanış edilməsi (təqdim edilməsi) Azərbaycan Respublikasının Baş Prokurorluğunun vəzifəsi olsa da, hər bir halda iddiaçının xx.xx.2021ci il tarixdən 2023-cü ilin mart ayınadək işdən azad edilməsindən məlumatsız olması ağlabatan görünmür. İddiaçı, əmrin surətinin verilməsi ilə bağlı cavabdehə yox, Azərbaycan Respublikasının Milli Məclisinə isə 2023-cü ildə müraciət etmişdir. Müraciətin edilməsi üçün iddiaçının 2023-cü ilədək gözləməsinin səbəbləri də, iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçının müraciəti əsasında Azərbaycanda Rus İcmasının nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş, mübahisələndirilən əmrin surətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə poçt vasitəsilə iddiaçıya göndərilməsi təmin edilmişdir. İş materiallarında iddiaçının həmin əmrin surətinin daha əvvəl əldə edilməsi üçün cəhd etməsinə dair hər hansı sübut mövcud deyil. Hər bir halda prokurorluq orqanlarından xaric edilməsi artıq 2021-ci ilin sonundan iddiaçıya məlum idi. Hazırkı iddia ərizəsi iddiaçının işdən azad olunduğu tarixdən 1 il 8 ay müddət keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhz hansı əsasla və hansı tarixli əmrlə xaric edilməyini öyrənmək üçün 1 il 3 ay sonra Milli Məclisə müracət etməklə əmrin surətinin əldə edilməsi buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz. Odur ki, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etmədir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da, əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir. İzah olunmuşdur ki, qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Bu isə müddətin bərpasına dair ərizənin və cavabdehin mübahisələndirilən əmrinin ləğvi barədə iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Odur ki, müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-nin 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların iş üzrə keçiriləcək məhkəmə iclasınadək təqdim etməsi təklif olunmuşdur. Lakin, ötən müddət ərzində tələb edilən sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “prossesual müddətin bərpasına dair” ərizəsi mümkün sayılmır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar