Məhkəmə qərarları › İş №2-1(116)-1708/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1708/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1708/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə iddiaçı Şeydayeva (Məhərrəmova) Gülnamə Siyah qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Şeydayeva (Məhərrəmova) Gülnamə Siyah qızının cavabdeh Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “X2 adına tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”də ana qrafasında ana adının “X7”ndan “X8”na düzəliş edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi : İşin halları : İddiaçı Şeydayeva (Məhərrəmova) Gülnamə Siyah qızı cavabdeh Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 adına tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”də ana qrafasında ana adının “X7”ndan “X8”na düzəliş edilməsinin cavabdehə həvalə edilməsinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı tələbini dəqiqləşdirərək “X2 adına tərtib edilmiş “Doğum haqqında akt qeydi”ndə ana adının “X7”ndan “X8”na düzəliş edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, X11 iddiaçının doğma anasıdır. O, 13 may 1932-ci ildə anadan olmuşdur. 15 avqust 1950-ci il tarixdə mərhum atası X4 ilə evlənmiş və bu barədə 13 nömrəli akt qeydi də tərtib edilmişdir. Anasının qızlıq soyadı Əzimova olmuşdur. Lakin, tərtib edilərkən atasının və anasının hər ikisinin soyadı Kərimov və Kərimova kimi qeyd edilmişdir. Həmçinin ərizəçinin və nümayəndəsinin doğum şəhadətnamələrində soyadları Məhərrəmov kimi yazılmışdır. İddiaçının və onun doğum şəhadətnamələrinin ana qrafasında soyadı Məhərrəmova, adı isə Nazlı kimi qeyd olunmuşdur. Yuxarıda adlarını qeyd edilən hüquqmüəyyənedici sənədlər o vaxt sənəd tərtib edənlərin diqqətsizliyi üzündən müxtəlif adlar və soyadlar kimi yazılmışdır. İddiaçı doğum şəhadətnaməmdə düzəliş edilməsi üçün Qəbələ regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş. Lakin tələbi icrası mümkün olmadığıdan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə Məhkəməyə müraciət edərək hazırkı inzibati işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Həmçinin, iddia əsaslıdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИE seriyalı 335394 nömrəli, xx.xx.1950-ci ildə tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1932-ci il tarixdə doğulmuşdur. - Qəbələ RPŞ-i tərəfindən xx.xx.2006-cı ildə X5 AZE seriyalı 04523205 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. - AZ-İV seriyalı, 459621 nömrəli “Doğum haqqında şəhadətnamə”nin və **********9122020 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətlərindən görünür ki,iddiaçının qardaşı Nümayəndə ana adı “X8”, ata adı “X3” kimi qeyd olunmuşdur. - A3 seriyalı 588402 nömrəli Doğum haqqında şəhadətnamənin və 07 sentyabr 1964-cü il tarixli, 104 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətlərindən görünür ki, X2 ana adı “X7”,ata adı “X3” kimi yazılmışdır. - 10.08.2022-ci il tarixli Əhalinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, iddiaçının anasının adı X8,atasının adı X1r. - Qəbələ RPŞ-i tərəfindən tərtib olunmuş Fərdi uçot kartoçkasına əsasən X8 adına şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq göstərilmişdir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi iddiaçının anasının adı ИE seriyalı 335394 nömrəli Doğum haqqında şəhadətnamədə və AZE seriyalı 04523205 nömrəli şəxsiyyət vəsiqəsində “Nazdı” kimi qeyd olunmuşdur. İşdə olan, iddiaçının qardaşına məxsus AZ-İV seriyalı 459621 nömrəli Doğum haqqında şəhadətnamənin və **********9122020 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətlərindən görünür ki, Nümayəndə ana adı “X8” olaraq qeyd olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının doğum haqqında akt qeydində ana qrafasında, ada düzəliş edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Qəbələ Regional “Asan Xidmət Mərkəzi”ndə Qeydiyyat şöbəsinin üzərinə iddiaçı X2 xx.xx.1964-cü il tarixli, 104 nömrəli doğum aktı qeydində ana adının “Nazlı” dan düzəliş edilərək “Nazdı” kimi qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar