Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-171/2022 22.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və evin yerləşdiyi qanuni istifadəsində olan 535.1 kv.m həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən, 14 iyun 1995-ci il tarixli 8115/2817 saylı qeydiyyat vəsiqəsi ilə mülkiyyəti kimi qeyd olunan ev və evin yerləşdiyi Şəki şəhər İHB-nın 16 aprel 1996-cı il tarixli 1/167 saylı sərəncamı ilə qanuni istifadəsinə verilmiş 535.1 kv.m həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi DƏDR-də qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-171/2022 saylı qərardadı ilə Şəki bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “ünvan 1 ünvanında yerləşən 14 iyun 1995-ci il tarixli 8115/2817 qeydiyyat nömrəsi ilə reyestrdə qeydiyyata alınmış fərdi yaşayış evi və evin yerləşdiyi qanuni istifadəsində olan 535.1 kv.m həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 10009 №-li sərəncamına əsasən Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 73 №-li yaşayış evinin onun adına rəsmiləşdirilməsini və həmin yaşayış evinə aid olan 535.1 kv.m torpaq sahəsinin Şəki şəhər İHB-nın xx.xx.1996-cı il tarixli 1/167 №-li sərəncamına əsasən onun istifadəsinə verilməsini bildirərək, qeyd edilən daşınmaz əmalk üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan mənzillərin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılmasını və xüsusi mülkiyyətə verilməsinin nəzərdə tutulmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və onun nümayəndəsi (vəkili), məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs, xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı məktubunda iddia tələbinin qanunvericiliyin tələbinə uyğun həll edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 10009 №-li sərəncamından çıxarışda qeyd edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 975 №-li sərəncamı ilə şəhərdə sahibsiz qalmış erməni evləri yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların ailəsinə verilməsi məqsədilə ictimailəşdirilərək təmir istismar sahəsinin balansına verilmişdir. Həmin sərəncamla əlaqədar Şəki şəhəri Bağbanlar küçəsində yerləşən balans qiyməti 8606 rubl olmuş 73 №li yaşayış evi xx.xx.1989-cu il tarixdən (protokol №4) mənzil növbəsində olan, torpaqlarımız uğrunda döyüşlərdə ağır yaralanmış, mənzil sahəsinə ciddi ehtiyacı olan 5 nəfər ailə üzvlü İddiaçı adına rəsmiləşdirilsin (3 otaqlı yaşayış sahəsi 65kv.m). - Şəki rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, bağbanlar küçəsi 73/9 ünvanında yerləşən 3 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Şəki şəhər İHB-nın xx.xx.1996-cı il tarixli 1/167 №-li sərəncamından çıxarışda qeyd edilmişdir ki, ünvan 2 evdə yaşayan İddiaçı ərizəsini, Şəki şəhər İHB-nın 1/324 №-li xx.xx.1995-ci il tarixli sərəncamı ilə yaşadığı mənzilin onun mülkiyyətinə verildiyini, həmin həyətin ancaq qeyd edilən evə aid olduğunu nəzərə alaraq qeyd edilən ünvandakı evin 535.1 kv.m torpaq sahəsi həmin evin sahibi İddiaçı istifadəsinə verilsin. - 2366 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvan üzrə hüquq subyekti olaraq iddiaçının adı qeyd edilmiş və texniki pasporta həyətyanı torpaq sahəsinin ölçüsü (535.1 kv.m) qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 535.1 kv.m torpaq sahəsi faktiki olaraq 853.0 kv.m olub Şəki rayon Torpaqların Elektron kadastr Uçot İnformasiyası bazasına əsasən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətinə aid olan ərazidir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, 2366 inventar №-li fərdi yaşayış evinin texniki pasportunda koordinatlar göstərilmədiyindən iddia olunan torpaq sahəsi ilə texniki pasportda göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyi tələb olunan dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin cizgiləri ilə iddia olunan torpaq sahəsinin naturadakı cizgiləri qismən uyğunluq təşkil edir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. İddia olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi Şəki şəhər İHB-nın xx.xx.1996-cı il tarixli 1/167 №-li sərəncamı ilə birbaşa sübut olunur (“Torpaq islahatı haqqında” haqqında Qanun qüvvəyə minənədək). Eyni zamanda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun tam xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir və texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib edilmişdir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Fərmanın tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur. Cavabdeh orqanın iddiaya qarşı yeganə dəlili həmin yaşayış sahəsindən bir sıra sənədlərdə mənzil olaraq bəhs edilməsi ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və yuxarıda məzmununa istinad olunan “texniki pasport” fərdi yaşayış fonduna daxil olan yaşayış evi barəsində tərtib edilmişdir. Digər tərəfdən Şəki şəhər İHB-nın xx.xx.1996cı il tarixli 1/167 №-li sərəncamı ilə 535.1 kv.m torpaq sahəsi həmin evin sahibi İddiaçı istifadəsinə verilərkən həmin həyətin ancaq qeyd edilən evə aid olduğunu nəzərə almışdır. Belə olan halda işdə olan sənədlərdən müəyyən olunur ki, həmin yaşayış sahəsi çoxmənzilli binanın tərkib hissəsi yox, fərdi yaşayış evi olmuş, lakin səlahiyyətli orqanlar bir sıra sənədlərdə həmin yaşayış sahəsindən mənzil olaraq bəhs etmişlər. Həmçinin o da nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsinin mülkiyyətçisi iddiaçıdır və həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Şəki şəhər İHB-nın xx.xx.1996-cı il tarixli 1/167 №-li sərəncamı ilə istifadəsinə verilmiş 535.1 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar olmasına baxmayaraq, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. ünvan 1 ünvanında yerləşən, 14 iyun 1995-ci il tarixli 8115/2817 qeydiyyat nömrəsi ilə reyestrdə qeydiyyata alınmış fərdi yaşayış evi və evin yerləşdiyi 535.1 kv.m həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.