Məhkəmə qərarları › İş №2-1(116)-171/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-171/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-171/2023 26.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqatala rayon mebel fabrikində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqatala rayon mebel fabrikində işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi faktının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci ilədək Zaqatala şəhəri, Qaladüzü ərazisində yerləşən Mebel fabrikində işləmişdir. Lakin xx.xx.1996-cı il tarixdə Mebel fabrikində yanğın baş vermiş, fabrik yararsız vəziyyətə düşmüşdür. Bu fakt AR FHN DYMX Zaqatala rayon X4 Hissəsinin 37/Ə-116 nömrəli, xx.xx.2021-ci il tarixli arayışında öz əksini tapır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin 16 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda yanğın zamanı məhv olmuş sənədləri təqdim etmədiyini əsas gətirmiş və tələbindən imtina edərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Həmin sənədləri əldə etmək üçün iddiaçı AR Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinə müraciət etmiş, lakin yanğından əvvəl müvafiq sənədlər arxiv idarəsinə təqdim edilmədiyinə görə həmin illər ərzində Zaqatala Mebel fabrikində işlədiyini təsdiq edən sənədləri əldə edə bilməmişdir. İddiaçının orada işləməsini, məhkəmə prosesində həmin dövrdə fabrikdə işləmiş iki nəfər şahid - Əliabad kənd səkiləri X2 və X3 təsdiq edə bilər. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 13 il 11 ay təşkil edir və bu, qanunvericiliklə təiəb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 13 il 11 ay sığorta stajına uyğun olaraq 10605,49 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Zaqatala kinoteatr idarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.1990-cı il tarixində 2 №-li əmrlə işə daxil olma əmri təsdiqini tapmışdır. Lakin 2000-ci ilin əmr və əməkhaqqı kitabları saxlanılmadığı üçün işdən çıxma əmrinin və əmək haqqlarının yoxlanılması mümkün olmamışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli akta əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.2001ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “R.Şabanov” adına Aşağı Tala kənd 3 №-li tam orta məktəbdəki əmək fəaliyyəti dövrünün əmr kitabları əsasında araşdırılması zamanı iddiaçının adına rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ının 2.2-ci yarımbəndinin tələblərinə əsasən əmək pensiyasının yenidən hesablanması üçün iddiaçının ümumi iş (sosial sığorta) stajını təsdiq edən zəruri sənədlər (əmək kitabçası, hərbi bilet, diplom) əsas götürülür. Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Həmçinin bildirilir ki, qeyd olunan yarımbəndlərin tələblərinə uyğun olaraq ərizədə qeyd etdiyi xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək Zaqatala şəhəri Qaladüzü ərazisində yerləşən mebel fabrikindəki əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmur. Müraciətlə əlaqədar olaraq bir daha bildirilir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. Məlumat üçün bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində (xx.xx.2022-ci il tarixindən 180 manat) yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçının hüquqi marağı xx.xx.1978ci il tarixdən xx.xx.1981-ci il tarixdək Zaqatala mebel fabrikində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi faktının müəyyən edilməsi və müvafiq olaraq əmək pensiyası almağa nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərinə çatdırılmışdır ki, qeyd olunan məsələ “hüquqi faktın müəyyən olunması” inzibati məhkəmənin səlahiyyətlərinə aid deyil, lakin hüquqi marağı ona pensiya təyin edilməsi ilə bağlıdırsa, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını qeyd etməklə, iddia tələbinin xahiş etdi hissəsində də müvafiq düzəlişlər aparmaqla dəqiqləşmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Həmçinin bildirilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********6 saylı pensiyanın təyin edilməsindən imtina məktubu da məzh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmişdir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh qismində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul olunmasını və “xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqatala rayon mebel fabrikində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq pensiya yaşına çatdığı tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina cavabı verilmişdir. İmtina cavabından göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövrləri ümumilikdə 13 il 11 ay təşkil etməklə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İşin mübahisələndirilən hallarından biri xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Zaqatala kinoteatr idarəsində işlədiyini iddia etdiyi illərdir. Sözügedən illərlə bağlı qarşılıqlı yoxlama aparılmış və iddiaçının işə daxil olma əmri öz təsdiqini tapsa da, işdən çıxma əmrinə dair məlumatların əldə edilməsi mümkün olmamışdır. İşin digər mübahisələndirilən halı kimi, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “R.Şabanov” adına Aşağı Tala kənd 3 №-li tam orta məktəbdəki əmək fəaliyyəti dövrünün əmr kitabları əsasında araşdırılması zamanı İddiaçı adına rast gəlinməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Buna görə iddiaçının sözügedən əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilməməsi səbəbindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 13 il 11 ay təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə əlavə olunmuş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 1546 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Zaqatala mebel fabrikinin arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivində saxlanılmır. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir (01 il 11 ay 23 gün). İddiaçıya məxsus 1440 nömrəli atestatın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək əyani təhsil almışdır (10 ay 14 gün). Zaqatala rayon X4 Hissəsinin xx.xx.2021-ci il tarixli 37/Ə-116 nömrəli arayışında qeyd olunur ki, xx.xx.1996-cı il tarixdə Zaqatala şəhəri Qaladüzü ərazisində yerləşən mebel fabrikində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın nəticəsində fabrik yanaraq yararsız hala düşmüşdür. Lakin iddiaçının həmin müəssisədə işləməsinə dair sənədlərin yanğında məhv olmasını təsdiq edən hər-hansı sübut məhkəmə araşdırması ilə əldə edilməmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilədək kinomexanik (08 il 11 ay 20 gün); xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədək (10 il 04 ay 08 gün); xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadiməçi (03 il 00 ay 20 gün). İş materiallarında olan: Zaqatala rayon Dövlət Arxivinin 87 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon mebel fabrikinin arxiv sənədləri Dövlət Arxivində saxlanılmır. Şəki-Zaqatala regional təhsil idarəsi Zaqatala rayonu üzrə Təhsil sektorunun xx.xx.2023-cü il tarixli 3-29-42/2-1355/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbin həmin dövrü əhatə edən əmr kitablarına baxış zamanı qeyd edilən tarixlərdə İddiaçı adlı şəxsin fəaliyyət göstərməsi barədə rəsmi sənəd aşkarlanmamışdır. Bununla da iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadiməçi işləməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanmasından ibarətdir. Məhkəmə araşdırması nəticəsində sabit olur ki, iddiaçının qeyd olunan tələbdən ibarət iddiası əsassızdır. Belə ki, işin hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, iş materialları ilə onun prensiya təminatına imkan verən 25 il sığorta stajına malik olması öz təsdiqini tapmır. Belə ki, göstərilən dövrlərdə iddiaçının əmək kitabçasında qeyd olunan məlumatırın araşdırması zamanı, göstərilən məlumatlar öz təsdiqini tapmamış. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının iş illərinin onun sosial sığorta stajına daxil edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqatala rayon mebel fabrikində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar