Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1717/2024 02.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “aqrar islahat zamanı ailəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,38 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin hazırlanması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “aqrar islahat zamanı ailəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,38 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin hazırlanması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçıya poçt vasitəsilə ünvanlanmış, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah olunmuşdur ki, iddia mümkünlük şərtlərinə cavab vermir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, torpaq islahatı aparılan zaman Qum kəndində iddiaçının ailəsinə 0.38 ha olmaqla 2 hissədən torpaq sahəsinin verilməli idi. Həmin torpaq sahəsi indiyədək iddiaçının istifadəsində olsa da, həmkəndlisi Əli Əliyevin mülkiyyətinə verilmişdir. İddia ərizəsinin məzmununda iddiaçı, sözügedən torpaq sahəsinin torpaq islahatı aparıldığı vaxtdan faktiki olaraq istifadəsində olduğunu bildirir. Belə olan halda iddiaçı, faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilibedilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. Bununla belə həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. İddiaçı, 20 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 və 2 nəfər ailə üzvünün adlarına Qax rayonu Qum kəndində yerləşən 0.66 ha pay torpaq sahəsinə JN-374 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Pay torpağından çıxılmış zəbt torpağı barədə məlumatlar qeyd edilməmiş, həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 157-ci sırada olsa da, həmin təsərrüfatda aparılan torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahəsinin hansı əmsalla pay torpağından çıxılması barədə məlumat olmadığından sənədləşdirilməyən torpaq sahəsinin 0.38 ha olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Digər tərəfdən iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmiş JN-153 saylı Şəhadətnamənin texniki səhv nəticəsində X2 və ailə üzvlərinin adına tərtib edildiyini bildirir. Belə olan halda nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquqlar olduğundan və həmin Şəhadətnamə mübahisələndirilmədən ümumiyyətlə sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. Odur ki, yuxarıda qeyd olunanları ümumiləşdirərək iddiaçıya izah olunur ki, torpaq islahatı zamanı verilməli olan, lakin texniki səhv nəticəsində 0.28 ha hissəsi digər subyektin adına tərtib edilmiş şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin özünə məxsus olmasını hesab edirsə, ilk növbədə həmin şəhadətnamə mübahisələndirilməli və həmin tələb müsbət həllini tapdıqdan sonra hazırkı iddia tələbi irəli sürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yardım məktubunu poçt vasitəsilə qəbul etməsinə baxmayaraq, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, ilkin iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “aqrar islahat zamanı ailəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,38 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin hazırlanması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1717/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1717/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver