Məhkəmə qərarları › İş №2-1(116)-1719/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1719/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1719/2022 07.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ailəsinin pay normasından çıxılmış, lakin sənədləşdirilməmiş, istifadələrində və zəbtlərində olan 0,25 ha pay torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq islahatı zamanı ailəmizin pay normasından çıxılmış, lakin sənədləşdirilməmiş istifadəsində və zəbtində olan 0,25 ha pay torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, islahat zamanı iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə Şəki rayonu Zunud kəndindən 1.61 ha təsərrfat təyinatlı torpaq sahəsinə JN-259 saylı kod 40415028 olan mülkiyyət hüququna dair dövlət aktı, 0.10 ha həyətyanı torpaq sahəsinə JN-257A saylı kod 40415028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, 0.01 ha həyətyanı torpaq sahəsinə JN-257B saylı kod 40415028 olan torpağın mülkiyyətə verilməsimə dair şəhadətnamə işlənmişdir. Həmin məlumatlar aqrar islahat zamanı pay torpaq alacaq subyektlərin siyahısında 259-cu sırada vardır. İslahatdan əvvəl istifadələrində və zəbtlərində olan 0.25 ha pay torpaq sahəsi onlara islahat vaxtı verilən pay torpağından çıxılmış, lakin həmin 0.25 ha pay torpağına hazıradək sənəd verilməmişdir. Yuxarıda qeyd etdiyi məlumatlar Zunud bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 09 saylı və Şəki Şəhər İcra-Hakimiyyəti Başçısının İnçə kənd nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 97 saylı Arayışlarla öz təsdiqini tapmaqdadır. Qeyd edilən məsələ ilə əlaqədar Zunud bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 09 saylı və Şəki Şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 97 saylı Arayışları da ərizəyə əlavə edərək cavabdeh orqana müraciət etmişdir. Həmin idarə xx.xx.2022-ci il tarixli **********51 saylı məktubu ilə bildirmişdir ki, istifadələrində və zəbtlərində olan torpaq sahəsinin pay torpaq sahəsindən çıxılmış zəbt torpaq sahəsi olduğu arxiv məlumatlarında göstərilməmişdir, bundan başqa adambaşına torpaq payı norması barədə məlumat yoxudur. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Zunud kəndində yerləşən 1.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X2 adına 4 nəfər ailə üzvü ilə birlikdə kod 40415028, JN-259 saylı saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.10 ha həyətyanı torpaq sahəsinə kod 40415028, JN-257A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, 0.01 ha həyətyanı torpaq sahəsinə kod 40415023, JN-257B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 259-cu sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmiş, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahı faylında 259-cu sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki Rayon Zunud Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 09 nömrəli arayışında qeyd edilmişdir ki, 0,25 ha torpaq sahəsi əvvəlcədən tut bağı kimi istifadə olunduğundan torpaq islahatı aparılarkən Şəki Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 15 noyabr tarixli 16 saylı qərarı ilə ona və ailəsinə verilmiş pay torpağından çıxılmışdır. Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 97 nömrəli arayışından görünür ki, 1999-cu ildətorpaq islahatı zamanı, ailəsinin adına düşən torpaq payından 0,25 ha tut bağı çıxılaraq verilmişdir. 0,25 ha tut bağı onun ailəsinə məxsus olan pay torpağıdır. - JN-259 KOD 40415028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, İddiaçı və ailə üzvlərinə 1,61 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. - JN-257B KOD 40415028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, 0,01 torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - JN-257A KOD 40415028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, 0,10 torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Şəki rayonu Zunud kəndində olan torpaq sahəsi naturada 2500 kv.m. olub, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuşdur. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən xüsusi mülkiyyətə düşür. İddiada qeyd olunan torpaq sahəsinin 485 kv.m. hissəsi Daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2020-ci ildə tərtib edilmiş **********20 nömrəli, 1525 kv.m hissəsi isə **********21 nömrəli çıxarışlarla, qalan 490 kv.m. hissəsi JN-213 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında göstərilən torpaq sahəsinə düşür. Hal-hazırda İddiaçı bildirdiyinə görə onun tərəfindən istifadə olunur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında, etiraz məktubu ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı torpaq islahatı zamanı ailəsinin pay normasından çıxılmış, lakin sənədləşdirilməmiş istifadələrində və zəbtlərində olan 0,25 ha pay torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, aqrar islahat aparılan zaman həmin torpaq sahəsinin onun zəbtində olması nəzərə alınaraq kənd təsərrfüatı təyinatlı torpaq sahəsinin az ayrıldığını bildirir. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı torpaq islahatı aparılan zaman kənd təsərrüfatı təyinatlı 1,61 ha torpaq sahəsinin ona ayrıldığını, 0.25 ha torpaq sahəsi isə zəbtində olduğu üçün ayrılmalı olan torpaq sahəsindən çıxıldığını bildirir. Nəzərə alınmalıdır ki, islahat zamanı 0.25 ha torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində yerli aqrar islahat komissiyasının müvafiq qərarının təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı zəbtində olan 0.25 ha torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdehin təqdim etdiyi mütəxəssis rəyindən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi elektron baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı pay normasından çıxılmış, lakin sənədləşdirilməmiş, istifadəsində və zəbtində olan 0,25 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar