Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-172/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 1.23 ha torpaq sahəsinin JN-529 nömrəli Dövlət aktının, 529 B planşetində qeyd edilmiş 1334.58 kv.m və həmin Dövlət aktının 529 C planşetində qeyd edilmiş 2923.07 kv.m hissəsinin koordinatlarının müəyyən edilərək tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 1.23 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29.07.2021-ci il tarixli hüquqii yardım məktubu əsasında iddiaçı, cavabdeh orqanı dəqiqləşdirərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti qeyd etmiş, həmçinin iddia ərizəsi JN-0529 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adları qeyd edilən torpaq sahəsinin paylı mülkiyyətçiləri : İddiaçı2 Mösüm qızı, İddiaçı3, X2, X3 və İddiaçı6 tərəfindən imzalanmış, adları qeyd edilən şəxslər iddiaçılar olaraq qeyd edilmiş, cavabdehin üzərinə Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 1.23 ha torpaq sahəsində 259 C və 529 B koordinatlarında olan 0.13 ha və 0.29 ha, cəmi 0.42 ha torpaq sahəsinin aşkar edilərək ona verilməsi vəzifəsinin qoyulması xahiş edilmişdir. Məhkəmənin 20.09.2021-ci il tarixli 2-1(116)-1189/2021 nömrəli qərardadı ilə “iddianın dəyişdirilməsi barədə” iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı, 14.01.2022-ci il tarixdə iddanın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 1.23 ha torpaq sahəsinin JN-529 nömrəli Dövlət aktının, 529 B planşetində qeyd edilmiş 1334.58 kv.m və həmin Dövlət aktının 529 C planşetində qeyd edilmiş 2923.07 kv.m hissəsinin koordinatlarının müəyyən edilərək tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 28.12.2021-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan respublikası Prezidentinin 26.06.2021-ci il tarixli, 1382 №-li Fərmanının 7.2-ci bəndinə uyğun olaraq ƏMDK-nin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin və Komitənin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan reyetsri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 yaradılmışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28.10.2021-ci il tarixli, F-144 №-li əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Göstərilənlərə əsasən iş üzrə cavabdehin əsl cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmənin 25.01.2022-ci il tarixli 2-1(116)-172/2022 nömrəli qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki Qəbələ RAİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə iddiaçıya, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Mıxlıqovaq kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.23 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair JN-529 nömrəli Dövlət aktı tərtib edilmişdir. Həmin Dövlət aktının A cizgisində 8237,2 kv.m, B cizgisində 1334,58 kv.m, C cizgisində 2923.07 kv.m torpaq sahələri qeyd edilmişdir. JN-529 nömrəli Dövlət aktının A cizgisində 8237,2 kv.m torpaq sahəsi iddiaçıların faktiki istifadəsindədir. B cizgisində olan 1334,58 kv.m və C cizgisində olan 2923.07 kv.m torpaq sahələrinin koordinatları və yerləşdiyi yer iddiaçıya məlum deyil. Odur ki, iddiaçı müvafiq torpaq sahələrinin ona tanıdılması və yerinin müəyyən edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində məlumat olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin ona Qəbələ RAİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə ayrılması və ayrılmış torpaq sahəsinə dair Dövlət aktının tərtib edilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Qəbələ RAİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə iddiaçılara verilmiş 1.23 ha torpaq sahəsinin JN- 529 nömrəli Dövlət aktının 529 B və C planşetində qeyd edilmiş hissəslərinin korrdinatlarının müəyyən edilərək tanıdılması barədə iddia tələbinə baxılmışdır. Mütəxəssis, məhkəmə tərəfindən təyin olunmuş 03.02.2022-ci il tarixdə Mıxlıqovaq bələdiyyəsinin sədri, İddiaçı1 ğlunun iştirakı ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədilə ərazidə olmuşdur. İddiaçı, JN-529 nömrəli Dövlət aktı ilə özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsinin 529 A cizgisində qeyd edilmiş 8237,2 kv.m hissəsinin özünün istifadəsində olduğunu, 529 B cizgisində qeyd edilmiş 1334,58 kv.m və 529 C cizgisində qeyd edilmiş 2923.07 kv.m hissələrinin yerini tanımadığını bildirmişdir. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-529 nömrəli Dövlət aktı ilə iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsinin 529 A cizgisində qeyd edilmiş 8237.2 kv.m hissəsi barədə məlumat mövcuddur. 529 B cizgisində qeyd edilmiş 1334,58 kv.m və 529 C cizgisində qeyd edilmiş 2923.07 kv.m hissələri barədə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində məlumat olmadığından işin icrası və mütəxəssis rəyinin tərtib edilməsi mümkün deyildir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Kadastr və yerquruluşu layihə-Tədqiqar Mərkəzi” MMC-nin 22.05.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-0529 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə X1 (5 nəfər ailə üzvü ilə birlikdə) Qəbələ rayonu Mıxlıqovaq kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.23 ha torpaq sahəsi verilmişdir. - Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarından görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndi Şəhriyar adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAİK-nın 22.11.1997ci il tarixli 34 saylı qərarı təsdiq edilmişdir. Torpaq payı alacaq subyektlər siyahısında iddiaçıların adları qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarında göründüyü kimi iddiaçılara, istinad olunan qanunun tələblərinə uyğun olaraq Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə 1.23 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsi əvəzsiz olaraq iddiaçıların mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin iddiaçıların mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-529 nömrəli Dövlət Aktında öz əksini tapmışdır. Qanunverici müəyyən etmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin torpaq sahəsinə dair məlumatların kompleks yerquruluşu xəritəsində qeyd edilibedilməməsindən asılı olmayaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassızdır və JN-529 nömrəli Dövlət aktının 529 B planşetində qeyd edilmiş 1334.58 kv.m və həmin Dövlət aktının 529 C planşetində qeyd edilmiş 2923.07 kv.m hissəsinə dair məlumatların kompleks yerquruluşu xəritəsində qeyd edilməməsi texniki məsələ olub, iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən həll edilməlidir. Beləliklə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verildiyindən və həmin Dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, iddiaçı müvafiq torpaq sahəsinin koordinatlarının müəyyən edilərək tanıdılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yəni, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinası üçün əsas olan hallar isə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmamış, cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 1.23 ha torpaq sahəsinin JN-529 nömrəli Dövlət aktının, 529 B planşetində qeyd edilmiş 1334.58 kv.m və həmin Dövlət aktının 529 C planşetində qeyd edilmiş 2923.07 kv.m hissəsinin koordinatlarının müəyyən edilərək iddiaçılar: İddiaçı1, İddiaçı2 Mösüm qızı, İddiaçı3, X2, X3 və İddiaçı6 tanıdılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.