Məhkəmə qərarları › İş №2-1(116)-172/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-172/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-172/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hİkmət katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin cavabdeh İsmayıllı rayon İsmayıllı bələdiyyəsinə qarşı “2021-ci il 27 may tarixli 1.1 nömrəli icarə haqqının alınması barədə qərarının (inzibati aktın) qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cavabdeh İsmayıllı rayon İsmayıllı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 2021ci il 27 may tarixli 1.1 nömrəli icarə haqqının alınması barədə qərarının etibarsızlığının və qanunsuzluğunun müəyyən edilməsi və tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım edilmişdir. İddiaçı Məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək “2021-ci il 27 may tarixli 1.1 nömrəli icarə haqqının alınması barədə qərarının (inzibati aktın) qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1477/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdeh tərəfindən qəbul edilmiş inzibatı akt rəsmi qaydada Komitəyə təqdim ediiməmişdir. Belə ki, cavabdehin Komitəyə ünvanlanmış 2021-ci ii 8 yun tarixli 274 nömrəli məktubunun qoşmasında “1.1 nömrəli xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunun 1.1 saylı qərarı”nın təqdim edildiyi gösiərilsə də, müvafiq məktuba əlavə qismində Komitəyə 1.1 nömrəli xx.xx.2021-ci il tarixli qərar deyil, İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinin 05 sayiı iclas protokolundan Çıxarış təqdim olunmuşdur. Artıq müvafiq mübahisə ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, İsmayıllı rayon İsmayıllı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 1.1 nömrəli xx.xx.2021-ci il tarixli inzibati akt tamamilə əsassız və etibarsızdır. Belə ki, iddiaçı İsmayıllı bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə qarşı icarə haqqının ödənilməsinə dair iddia tələbi Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 21 may tarixli 2-2(117)-7/2020 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Müvafiq qətnamə qanuni qüvvəyə minmişdir. Belə ki, məhkəmə tərəfindən hesab edilmişdir ki, iddiaçı ilə cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi arasında öhdəlik münasibətləri yaranmadığından, digər cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamenti ilə bağlanılmış müqavilə isə əhəmiyyətsiz olduğundan iddiaçı onlardan əhəmiyyətsiz müqaviləyə istinadən pul tələb edə bilməz. Belə olan halda isə sonradan müvafiq tələblə əlaqədar İsmayıllı rayon İsmayıllı Bələdiyyəsi tərəfindən əsassız və qanunsuz inzibati akt qəbul olunaraq Yasamal rayon İcra şöbəsinə müraciət olunması tam əsassızdır. Belə ki, artıq həmin tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanunsuz hesab edilməli və ləğv edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdı: - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi İsmayıllı şəhəri ərazisində İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan 9,002 ha yaşayış məntəqəsi torpaqlarına aid torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi İsmayıllı bələdiyyəsindən icarəyə götürdüyü 9,002 ha torpaq sahəsinə görə hər 1 il üçün İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla vəsaitin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi bugünədək icarə haqlarını İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməmişdir və nəticədə 12 yanvar 2011-ci il tarixdən bugünədək olan dövr üçün hər il ödəməli olduğu 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla 12 il üçün cəmi 82500 (8250x12=99000) (doxsan doqquz min) manat məbləğində icarə haqqını İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödənişini təmin etməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə sonuncu dəfə 20 aprel 2021-ci il tarixli 170 saylı məktubla icarə haqlarının ödənilməsi barədə müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyənin icarə haqlarını ödəməmişdir. Ona görə də, İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2021 -ci il tarixli 05 saylı iclas protokolunun qərarı ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyənin icarə haqlarının ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-2(103)-158/18 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-828/2017 saylı 24 noyabr 2017cı il tarixli qətnaməsi, qismən, 8250 (səkkiz min iki yüz əlli) manat icarə haqqı borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin iddia tələbi təmin edilməmiş, qətnamə, 41.250 (qırx bir min iki yüz əlli) manat icarə haqqı borcunun cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentindən iddiaçı İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-323/2019 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2-2(102)-437/18 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2-2(103)-26/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilk iddia tələbi təmin olunmamış, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. İstinad olunan qərarla iddiaçı İsmayıllı rayon İsmayıllı Bələdiyəsinin sədri P.Ağayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixii, 2-2(103)-26/2019 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün aidiyyət üzrə Şəki İnzibati-iqtisadi Məhkəməsinə göndərilmişdir. - Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-7/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı İsmayıllı bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “57750 manat icarə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - İsmayıllı bələdiyyəsi ilə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, bələdiyyə mülkiyyətində olan 9,002336 ha torpaq sahəsi Komitənin icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2011-ci il tarixdən xx.xx.2110-cu il tarixədək 99 il müddətinə müəyyənləşdirilmişdir. Müqaviləyə əsasən Komitə hər il üçün icarə haqqı olaraq 8250 manat məbləğində vəsaiti bələdiyyənin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli 14 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan 9,002 ha torpaq sahəsi üçün tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli notarial müqaviləyə əsasən bələdiyyənin hesablaşma hesabına hər 1 il üçün ödəməli olduğu 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla 10 il üçün cəmi 82500 (8250x10=82500) (səksən iki min beş yüz) manat icarə haqqı borcunu ödəmədiyi üçün həmin ödənişin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onların subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı, sözügedən qərarın yox, onun çıxarışının təqdim edilməsini bildirərək, inzibati aktın tam formada təqdim edilməməsinə istinad etməklə hazırkı iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməməsini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “mübahisələndirmə haqqında” iddia üzrə digər inzibati mübahisədə iddiaçı X1 cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayətini təmin edərkən Şəki Apellyasiya Məhkəməsi, Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının mübahisələndirilən qərarla məlumatlandırması, həmçinin Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixdə iddiaçının təkrar müraciətinə cavab olaraq göndərdiyi məktubda müvafiq torpaq sahəsinin cavabdehin 26 avqust 2021-ci il tarixli qərarı əsasında üçüncü şəxsə satılması barədə iddiaçını təkrar məlumatlandırılması və iddiaçının müvafiq qərarın məzmunundan açıq-aşkar məlumatlı olması ilə bağlı məhkəmənin mövqeyini düzgün hesab etməmişdir. İddiaçı apelyyasiya şikayətində “qərarın məzmunundan məlumatlı olsa da, bələdiyyənin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasını əsaslandırdığı halları” bilmədiyinə istinad etmiş və Şəki Apellyasiya Məhkəməsi 2-1(107)-307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında şikayətin dəlilləri ilə razılaşaraq Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 nömrəli qərardadını ləğv etmiş, iddiaçının mübahisələndirdiyi Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli qərarını 13 oktyabr 2022-ci il tarixdə almasını və 24 oktyabr 2022-ci il tarixdə - yəni Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddətində məhkəmədə iddia qaldırmasını qeyd etmişdir. Göründüyü kimi “mübahisələndirmə haqqında” iddia üzrə oxşar mübahisəyə baxarkən Şəki Apellyasiya Məhkəməsi qərarın tam formada təqdim edilməli olması, iddiaçının sözügedən qərarın əsaslandırıcı hissəsi ilə tanış olduqdan sonra şikayət verməklə iddia müddətini buraxmaması mövqeyindən çıxış etmişdir. Odur ki, hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq mübahisələndirilən qərarın çıxarışının iddiaçıya verilməsini məhkəmə yetərli hesab etmir və mübahisələndirilən qərar əsaslandırıcı hissəsinin qeyd olunduğu tam məzmunu ilə birlikdə iddiaçıya təqdim edilmədiyindən (cavabdeh orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya tam formada təqdim edilməsinə dair sübut təqdim edilməmişdir) məhkəmə, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmaması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan 9,002 ha torpaq sahəsi ilə bağlı xx.xx.2011-ci il tarixli notarial müqaviləyə istinad edərək hər 1 il üçün 8250 manat olmaqla 10 il üçün cəmi 82500 (8250x10=82500) manat icarə haqqının məcburi qaydada ödənilməsini təmin etmək üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsini qərara almışdır. Bununla belə nəzərə almamışdır ki, həmin borc məbləğinin sözügedən müqavilə üzrə “57750 manat icarə haqqının ödənilməsi” hissəsi ilə bağlı iddia tələbi Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-7/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Digər məbləğə münasibətdə isə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “82500 manat pul məbləğinin geri qaytarılması haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunun 1.1 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunun 1.1 nömrəli qərarının qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Məhkəmə əlavə olaraq izah edir ki, ümumiyyətlə cavabdehin xx.xx.2011-ci il tarixli müqaviləyə istinad etməklə iddiaçıya qarşı pul tələbini irəli sürülməsi hər bir halda qanunsuzdur. Belə ki, yuxarıda istinad edilmiş Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 7/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının məzmununda qeyd edilmişdir ki, “Respublika ərazisində inşa edilmiş məcburi köçkün qəsəbələrinin yerləşdiyi torpaq sahələri Azərbaycan Respulikasının Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə yalnız Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansına verilmişdir. Belə olan halda İsmayıllı rayonunda məcburi köçkünlərin müvafiq Dövlət Proqramı əsasında məskunlaşdırılması məqsədilə İsmayıllı Bələdiyyəsi tərəfindən 9 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ilə bağlanılmalı olduğu və Komitənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı olduğu halda, Komitənin struktur vahidinə daxil olan və hüquqi şəxs statusuna malik olmaqla özünün ayrıca nizamnaməsi olan Mənzil İstismar Departamenti ilə bağlanmış və departamentin direktoru Pənah Əliyev tərəfindən imzalanmışdır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi isə X6 adından belə bir müqavilə bağlamaq səlahiyyəti verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi arasında öhdəlik münasibətləri yaranmadığından, digər cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış müqavilə isə əhəmiyyətsiz olduğundan iddiaçı onlardan əhəmiyyətsiz müqaviləyə istinadən pul tələb edə bilməz”. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunun 1.1 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşlar. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunun 1.1 nömrəli qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar