Məhkəmə qərarları › İş №2-1(116)-172/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-172/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-172/2024 27.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili X2 cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən ümumi sahəsi 15.50 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən ümumi sahəsi 15.50 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-172/2024 nömrəli qərardadı ilə Yevlax rayon Varvara Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, “İnşaatçı A” müəssisəsi Yevlax rayon Varvara Bələdiyyəsinə müraciət edərək icarəsində olan 15,50 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsini xahiş etmiş,Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-ci il tarixli 13 saylı qərarı ilə torpağın icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra 15,50 ha torpaq sahəsi Yevlax Rayonu Varvara Bələdiyyəsinin 02 dekabr 2010-cu il tarixli 14 saylı qərarı ilə 99 il müddətinə iddiaçıya icarəyə verilmiş,torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən ümumi sahəsi 15,50 ha olan torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqlarının qeydiyyata alınmasına dair iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli **********55 nömrəli məktubla ərizənin icrası qeyri-mümkün hesab edilmiş, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyimiz tövsiyə edilmişdir. Belə ki, cavab məktubunda 15,50 ha torpaq sahəsi torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 15 il müddətinə əvvəlki subyektin xeyrinə yüklü edildiyi qeyd edilmişdir. İmtina məktubunda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə istinad olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, , idarənin arxiv və elektron baza məlumatlarına istinad edilərək araşdırma işləri aparılmışdır Araşdırma zamanı məlum olmuşdur ki, 1 98 ha (tikintialtı torpaq sahəsi) və 15.5 ha torpaq sahələrindən ibarət olan 17,5 ha torpaq sahəsi Yevlax rayonu. Varvara Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli. 06 nömrəli qərarı ilə heyvandarlıqla (sahibkarlıq) məşğul olmaq üçün İnşaatçı “A” müəssisəsinin 15 il müddətinə icarəsinə verilmişdir. Bələdiyyə mülkiyyətində olan 1.98 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin əsasını təşkil edən daşınmaz əmlak üzərində mülkiyyət hüququ Əmlakdan pay haqqının verilməsi barədə 03 nömrəli aktına əsasən xx.xx.2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak xx.xx.2010-cu il tarixində İddiaçı satılmış, O da xx.xx.2013-cü il tarixində həmin əmlakı X3 notarial qaydada satmışdır. X1 vəfatından sonra əmlak X4 və onun ailə üzvlərinin (2 nəfər) 1/3 hissə paylarla adlarına keçmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlak xx.xx.2019-cu il tarixində X4 və onun ailə üzvlərinin təsis etdikləri “EMA AGRO" MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Yevlax rayonu,Varvara Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq olan ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydə alınmış 15,5 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 15 il müddətində “İnşaatçı-A" müəssisəsinin xeyrinə xx.xx.2008-ci il tarixində hüququ yüklü edilmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, xx.xx.2008-ci ildə qeydə alınmış sözügedən torpaq sahəsi üzərindəki icarə hüququ qüvvədə olduğu üçün xx.xx.2010-cu il tarixinli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında yenidən qeydiyyata alına bilməz. Əlavə olaraq məhkəmə nəzərinə çatdırmaq istəyirik ki, Eyni tələblə iddiaçı artıq iki dəfə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu barədə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-643/2020 saylı məhkəmə qərarı ilə tələb mümkün sayılmamış, e-2-1(116)- 815/2022 saylı məhkəmə qərarı ilə iddia tələbi geri götürülmüş, icraata xitam verilmişdir. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 13 saylı qərarı;

3. Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 14 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 15.50 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi qərara alınmışdır.

4. A seriyalı 245611 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 14 saylı iclas protokolunun qərarı ilə 15.50 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir.

5. xx.xx.2010-cu il tarixli 01 nömrəli icarə müqaviləsinin surəti

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/22503/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Yevlax Rayonu Varvara Bələdiyyəsinin 02 dekabr 2010-cu il tarixli 14 saylı qərarı ilə icarəsinə verilmiş 15,50 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin iddiaya qarşı dəlili – həmin torpaq sahəsinə dair xx.xx.2008-ci ildə qeydə alınmış icarə hüququ qüvvədə olduğundan xx.xx.2010-cu il tarixinli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında yenidən qeydiyyata alına bilməməsi ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,həmin hüququn subyekti “İnşaatçı A” müəssisəsi Yevlax rayon Varvara Bələdiyyəsinə müraciət edərək icarəsində olan 15,50 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsini xahiş etmiş,Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-ci il tarixli 13 saylı qərarı ilə torpağın icarə müqaviləsinə xitam verilmişdir.Digər tərəfdən subyekti “İnşaatçı A” müəssisəsi həmin torpaq sahəsini 28 iyun 2007-ci il tarixli müqavilə əsasında icarəyə götürmüş,həmin müqavilənin müddəti də xx.xx.2022-ci il tarixində başa çatmış olardı. İş materiallarından görünür ki, Yevlax Rayonu Varvara Bələdiyyəsinin sədrinin 03.12. 2010-cu il tarixli məktubu ilə inzibati orqana müraciət edilərək “İnşaatçı A” müəssisəsinin adına verilmiş çıxarışın qüvvədən düşməsi xahiş edilmişdir.Lakin,cavabdeh tərəfindən müvafiq inzibati icraat aparılmalı olduğu halda belə icraat aparılmamış və hərəkətsiz nümayiş etdirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax Rayonu Varvara Bələdiyyəsinin 02 dekabr 2010-cu il tarixli 14 saylı qərarı ilə 15,50 ha torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir.Təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/22503/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Yevlax rayonu. Varvara bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 14 saylı qərarına əsasən icarəyə verilmiş 15.50 ha torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Sözügedən 15.50 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Yevlax rayonu, Varvara bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A seriyalı 245611 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. “İnşaatçı A” müəssisəsinin icarə hüququnun qeydə alındığı torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin daxilində yerləşir. A seriyalı 245611 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən icarəyə verilmiş 15.50 ha torpaq sahəsi, həmçinin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon Varvara Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 14 saylı qərarına əsasən iddiaçının icarəsinə verilmiş Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən, ümumi sahəsi 15,50 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar