Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1720/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - O, xx xxxx 1971-ci il tarixdə anadan olmuşdur. 1990-ci ilin iyun ayından 1992-ci ilin may ayına kimi keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. Hərbi xidmətini tam başa çatdırmadan doğma vətənim Azərbaycana qayıtmışdır. Şəki rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020- ci il tarixli 2285 nömrəli əmrdən çıxarışa əsasən Şəki rayon mərkəzi xəstəxanası təcili və X4 stansiyasının sürücüsü olaraq Füzuli rayon xəstəxanasında xəstə daşımaq məqsədi ilə ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. Bununla bağlı Şəki rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixli 308 nömrəli ezamiyyə vərəqəsi də verilmişdir. Ezamiyyətin məqsədi xəstə daşımaq olmuş, əsas isə xx.xx.2020-ci tarixli 2285 nömrəli əmr olmuşdur. Bundan əlavə, 44 günülük İİ Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərdiyinə görə iddiaçı Füzuli rayon diaqnostika mərkəzinin direktoru tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Özü Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və X7 Birliyi tərəfindən ona müharibə iştirakçısı kimi 009585 nömrəli vəsiqə verilmişdir. X6 mərkəzi publik hüquqi şəxsin 166 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən ikinci vətən müharibəsi uğunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrud ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin Fizuli müalicə diaqnostika mərkəzinə daşınmasında iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırışiızrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 270 nömrəli arayışı ilə müəyyən olunur ki, o, Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrud ərazilərində gedən döyüşlərdə yaralı əsgər, zabit və şəhidlərin X6 mərkəzinə daşınmasında iştirak etmişdir. 5957192 nömrəli hərbi biletin təsdiq edilmiş surtəindən göründüyü kimi o, Vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrud ərazilərində gedən döyüşlərdə yaralı əsgər, zabit və şəhidlərin Fizuli müalicə diaqnostika mərkəzinə daşınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikası Müdafiə Nazilriyinə rəsmi qaydada müraciət edərək xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməyi və bununla bağlı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin, xx.xx.2022-ci il tarixli iclasda barəsində müsbət qərar qəbul edilməmişdir. İmtina cavabı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərinə əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət edilməməsi, işləməməsi, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmaması ilə əsaslandırılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, ona məxsus olan ******* nömrəli Hərbi Biletdən və digər sənədlərdən görünür ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərə sürücü kimi ezam olunmuşdur. O, hərbi cinayətlərə görə məhkum olunmamış və barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi və araşdırma materialı mövcud deyildir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazınında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.01,2021-ci il tarixli 24 nömrəli Qərarına əsasən “Vətən müharibəsi iştirakçılarına “Müharibə veteram” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılmışdır və “veteran" statusunun verilməsi şərtlərin müəyyən edilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından üzərinə öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə 30 dekabr 2021ci il tarixli 420 nömrəli Qərarla əlavə edilmiş Qeydə əsasən: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Həmin Qərarın tələblərinə əsasən, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etmədiyindən, işləmədiyindən, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığından sənədləri komissiya tərəfindən geri qaytarılıb. İddiada göstərilənlər Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından tərəfindən baxıla bilməzdi. Yəni, İddiaçı aidiyyəti üzrə başqa quruma müraciət etməlidir ki, ona “Müharibə veteram” statusunun verilməsi ilə bağlı qərar qəbul olunsun. Bu o deməkdir ki, iddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etməli idi və sonuncu onun adını siyahıya daxil edərək raşılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021 -ci il tarixli 420 nömrəli Qərarından görmək olar ki, İddiaçı iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula bilməz. Göstərilənlər nəzərə alınaraq, məhkəmədən iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi xx.xx.2022-ci il tarixli 4/3-7463 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 270 №-li arayışından görünür ki, iddiaçı, “Vətən müharibəsi” zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut ərazilərində gedən döyüşlərdə yaralı əsgər, zabiti və şəhidlərin X5 Mərkəzinə daşınmasında iştirak etmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X6 Mərkəzi” X9 xx.xx.2021-ci il tarixli 166 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. - xx.xx.2020-ci il tarixli 2285 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, İddiaçı xəstə daşımaq məqsədilə Şəki TTYS-da sürücü Füzuli ezam olunmuşdur. - xx.xx.2020-ci il tarixli 308 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Füzuliyə, xx.xx.2020-ci ildə isə Füzulidən Şəkiyə getmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstaxanası” publik hüququ şəxsi xx.xx.2020-ci il tarixli 2285 nömrəli əmrdən çıxarışdan görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 X2 Rəşid Çərkəz oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Lakin işdə olan ezamiyyə vərəqələrindən və əmrlərdən çıxarışlardan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. Belə ki, iddiaçının ezam olunduğu yer Füzuli şəhəri qeyd edilmiş və ezamiyyət vərəqəsi X6 Mərkəzi PHŞ-nin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı X6 Mərkəzi PHŞ-nə ezam olunduğu halda hazırkı cavabdehə qarşı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi tələbini irəli sürmüşdür. X6 Mərkəzi PHŞ-nə ezam olunma isə Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunma kimi qiymətləndirilmədiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1720/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1720/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver