Məhkəmə qərarları › İş №2-1(116)-1721/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1721/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1721/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə şahidlər X4 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxxx 1958-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, 1976-cı ildə X3 daxil olub qiyabi təhsil alaraq, 24 noyabr 1976-cı ildə həqiqi hərbi xidmətə getmişdir. 08 dekabr 1978-ci ildə hərbidən geri dönmüş, təhsilini qiyabi formada davam etdirərək 1983-cü ildə bitirmişdir. 16 yanvar 1979-cu ildə 6 nömrəli əmrə əsasən 9 nömrəli yeməkxanaya xörək daşıyan vəzifəsinə təyin edilmişdir. 10 noyabr 1980ci il tarixli 126 nömrəli əmrlə iş yeri dəyişdirilmiş, 11 noyabr 1980-ci il tarixdən inkubatorquşçuluq stansiyasına mal daşıyan vəzifəsinə keçirilməklə yanaşı, ona müvəqqəti olaraq tədarükçülük vəzifəsi də həvalə olunmuşdur. 07 yanvar 1981-ci ildə 4 nömrəli əmrə əsasən inkubator-quşçuluq stansiyasının mal daşıyan vəzifəsindən azad edilərək, tədarükçü vəzifəsinə keçirilmişdir. 01 mart 1982-ci ildə 15 nömrəli əmrə əsasən iş yeri dəyişdirilərək Göyçay içtimai İaşə Müəssisələri birliyinə iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin ilin 22 mart tarixində 22 nömrəli əmrə əsasən müvəqqəti olaraq iqtisadçı vəzifəsindən əvvəllər işlədiyi tədarükçü vəzifəsinə geri göndərilmişdir. 04 aprel 1985-ci ildə 39 nömrəli əmrə əsasən ixtisasını və ərizəsini nəzərə alaraq işlədiyi tədarükçü vəzifəsindən azad edilərək İqtisadçı vəzifəsinə keçirilmişdir. 01 mart 1989-cu ildə 4 nömrəli əmrə əsasən Qarabaqqal kənd İçtimai İaşə müəssisələri birliyinin yaradılması ilə əlaqədar İçtimai iaşə müəssisələri birliyinin sərəncamına keçirilmişdir. Həmin tarixdə RİÇ-nin 23 fevral 1989-cu il tarixli 4 nömrəli əmrinə əsasən İçtimai iaşə müəssisələri birliyinə İstehsalat müdiri və direktor müavini təyin edilmişdir. 10 aprel 1990-cı ildə 58 nömrəli əmrə əsasən həmin müəssisənin istehsalat müdiri vəzifəsindən azad edilərək, 82 nömrəli əmrə əsasən Qaraməryəm KPTSB birliyinə direktor müavini vəzifəsinə keçirilmişdir. 28 fevral 1994-cü ildə 63 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad edilərək, həmin tarixdə 34 nömrəli əmrə əsasən Çərəkə KPTSB-yə direktor müavini təyin edilmişdir. Göyçay RİÇ-nin 28 fevral 1994-cü il tarixli 34 nömrəli əmrinə əsasən Çərəkə KPTSB- yi ləğv edildiyi üçün 01 sentyabr 1994-cü il tarixdən RİÇ-nin sərəncamına keçirilmişdir. 01 sentyabr 1994-cü ildə 533 nömrəli əmrlə 25 avqust 1994-cü il 99 nömrəli əmrinə əsasən Çərəkə KPTSB ləğv edilməsi ilə əlaqədar RİÇ-ə qəbul edilmişdir. 04 yanvar 2000-ci ildə 2 nömrəli əmrə əsasən işlədiyi idarənin maliyyə vəziyyəti ilə əlaqədar, idarədə iş olmadığı üçün daşıdığı vəzifədən azad edilmişdir. Əmək kitabçasından və hərbi biletin surətindən görünür ki, ümumi əmək stajı 23 ildir. Həmçinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin avqust ayinədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, həmin dövr ərzində sosial ödənişlər etmişdir ki, həmin ödənişlərdə pensiya kapitalına daxil edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:

1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq

2. azı 25 il sığorta stajı olduqda. Lakin,iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edək ki, iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək 05 il 10 ay 07 gün təşkil edir. Fondun 2 saylı Mərkəzi Aran regional filialının Göyçay rayon İstehsal-istehlak kooperativi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə Çərəkə KPTC Birliyinə qəbul edilmiş, sözügedən müəssisə xx.xx.1994-cü il tarixdə ləğv edildiyindən Göyçay rayon istehlak cəmiyyətinə qəbul edilmişdir. Lakin diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün, yəni işə qəbul əmrində iddiaçının adının sonradan fərqli qələm və xətlə yazıldığı aşkarlanmış və 1994-cü ilin mart ayından dekabr ayınadək iddiaçının adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda 1995-2000-ci illərin əmək haqqı cədvəlləri təqdim edilmədiyindən həmin dövrlərin (xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək) iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Belə ki, adıçəkilən Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əlavə olaraq Qanunun 22-1ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən ona 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iddiaçının şifahi vəsatəti əsasında çağırılmış şahidlər izahat verərək iddiaçının əmək fəaliyyəti dövrünə dair məlumat verdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Göyçay rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubu

2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958ci il təvəllüdlüdür

3. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının əsli.

4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti.

5. 04.12.2000-ci il tarixli “Yanğın haqqında” aktının surəti.

6. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı 19 il 6 ay 26 gün təşkil edir.Cavabdeh tərəfindən xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək olan dövr mübahisələndirilmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən qəbul edilən dövrlərin mötəbərliyi mnəhkəmə araşdırması ilə təsdiq edilməklə bərabər mübahisələndirilən dövr araşdırılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilir ki,iddiaçı xx.xx.1994-cü il tarixindən Çərəkə KPTC Birliyinin direktor müavini vəsifəsinə təyin edilmişdir.Bu barədə iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının 52-53-cü səhifəsində qeydlər aparılmışdır. Məhkəmə iclası zamanı həmin vaxt Göyçay RİC-in sədri olmuş S.Mahmudov izahatında əmrin onun tərəfindən verildiyini izahatı ilə bir daha təsdiq etmişdir. İddiaçının həmin təşkilatda fəaliyyəti xx.xx.2000-ci il tarixinədək davam etmişdir.İddiaçı sözügedən tarixdə idarənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq vəzifədən azad edilmişdir.Bu barədə Əmək kitabçasının 56-57-ci səhifələrində qeydiyyat aparılmışdır. Məhkəmə iclası zamanı həmin vaxt Göyçay RİC-in sədri olmuş A.Xəlilov izahatında əmrin onun tərəfindən verildiyini izahatı ilə bir daha təsdiq etmişdir. Sonuncu izahatında Göyçay RİC-in inzibati binasında 2000-ci ildə yanğın baş verdiyini,əksər əmək haqqı cədvəllərinin yararsız hala düşdüyünü bildirdi. Mübahisələndirilən dövrü iddiaçının sosial sığorta stajına daxil etməklə məhkəmə qeyd edir ki,iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək 5 il 10 ay 4 gün müddətində həmin idarədə əmək fəaliyyəti olmuşdur.Bu isə iddiaçının hərbi xidmət dövrü daxil olmaqla cəmi 25 il 5 ay 29 gün sosial sığorta stajına malik olduğunu təsdiq edir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar