Məhkəmə qərarları › İş №2-1(116)-1722/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1722/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1722/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəki penitensiar müəssisənin rəisi X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək cavabdeh orqanı əvvəlcə Cavabdeh, daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətini göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1722/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş cavabdehin dəqiqləşdirilməsi barədə sonuncu ərizə icraata qəbul edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolu ilə Cavabdeh qeyd edildiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Penitensiar Xidmətin Cavabdeh Qeydiyyat şöbəsinin baş inspektoru vəzifəsində xidmət edir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 2-ci bəndinə əsasən Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Hər bir halda bu müavinət verilməlidir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı olunduğuna görə tibbi sənədlərini və müraciətini etsə də, Cavabdeh rəisi X2 tibbi sənədlərinin və müraciətinin geri qaytarılması barədə göstəriş verərək xəsəliyə görə müavinətin verilməsinə icazə verməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-17/10/2-7852/2023 nömrəli məktuba əlavə olunmuş etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Qulluq müddətində 2018-ci və 2022-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Belə ki, qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir (2.2-c bənd) : müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya- kurort müəssisəsinə göndəriş; müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; sanatoriyakurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Qaydaların 2.3-cü bəndinə uyğun olaraq müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara təqdim edilir. Əlavə olaraq bildiririk ki, qaydaların 2.7-ci bəndinə əsasən müavinətin verilməsi məsələsi yalnız müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. İddiaçı 2023-cü il üçün müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun müraciət etməmişdir. Göstərilənləri iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-16-17/7/2-Ə-162-6/2023 nömrəli imtina məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasının xx.xx.2023-cü il tarixli 666 nömrəli tibbi arayışda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi Şəki Pentensiar müəssisəsi Qeydiyyat Şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı Tibb Baş idarəsinin Poliklinikasına təqdim etdiyi sənədlərə əsasən o, həqiqətən Mel Aura MMC klinikasında tibbi müayinədən keçmiş və aşkar olunmuş xəstəliklə əlaqədar stasionar müalicə almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 279/k nömrəli əmrindən görünür ki, iddiaçı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə) tutduğu vəzifədən azad edilmiş və ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu: 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”: 1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir. 1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər. 1.6. Bu Qaydalarda nəzərdə tutulan məqsədlər üçün verilən müavinət ədliyyə orqanlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilir. 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2023-cü il tarixədək Penitensiar xidmətdə qulluq keçmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı olunduğuna görə tibbi sənədlərini və müraciətini cavabdeh orqana təqdim etsə də, ona 2023-cü il üzrə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilmədiyini bildirir. İstinad olunan “Qaydaların” tələbləri baxımından iddiaçıya iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi üçün o, cavabdeh orqana müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayışı və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi, müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsini və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənədi və sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədini təqdim etməlidir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Cavabdeh orqanın imtina cavabından görünür ki, iddiaçıya 2022-ci il üçün Maliyyə Nazirliyi tərəfindən xərc maddəsində kifayət qədər maliyyə vəsaitinin ayrılmaması əsası ilə imtina cavabı verilmiş və ötən 2022-ci ildə tibbi müavinət almayan əməkdaşlara müavinətin verilməsinin nəzərdə tutulması, cari ilin sonuna qədər müvafiq xərc maddəsinə əlavə vəsait ayrılacağı halda tibbi müavinətin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Göründüyü kimi sözügedən “Qaydaların” 2.9-cu bəndində müvafiq büdcə vəsaiti tükəndikdə müraciətin baxılmamış saxlanılması birmənalı olaraq müəyyən edildiyindən və cavabdeh orqan məhz kifayət qədər maliyyə vəsaitinin olmaması əsasına istinad etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar