Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1722/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı Sadiq oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona ödənilən müavinətdən tutulmuş 78,82 manat pul məbləğinin qaytarılması və ödənilməmiş 149.03 manat müavinət məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək “sosial pensiyasından tutulmuş 227,85 manat pul məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “ona ödənilən müavinətdən tutulmuş 78,82 manat pul məbləğinin qaytarılması və ödənilməmiş 149.03 manat müavinət məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 220 manat sosial peniya alır. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarxdə pensiyasından 149,03 manat, xx.xx.2023-cü il tarixdə 44 manat, xx.xx.2023-cü il tarixdə isə 34,82 manat olmaqla ümumilkdə 227,85 manat pul tutulmuşdur. İddiaçı cavabdeh orqana dəfələrlə müraciət etsə də, sonuncu, müraciətinə imtina cavabı vermişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixdə proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş lakin müavinətin ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Belə ki, iddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinətinin ödənişi xx.xx.2023-cü il tarixədək davam etdirilmişdir. Bu səbəbdən sosial müavinət üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 78,82 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bildirilir ki, xx.xx.2023-cü il tarixli müraciəti zamanı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsinin müvafiq məktubuna əsasən vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2023-cü il tarixdən dayandırıldığından sözügedən müavinətin ödənişi xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində olmaqla bərpa edilmiş və hazırda ödənilməkdədir. Cavabdeh orqan “İnzibati icraat haqqında’’ Qanunun 2.0.1, 63.1, 64.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, inzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş müavinət məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə baqlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini rəhbər tutaraq mərkəzi filial tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli 3-17-1/1 S-77483/2023 nömrəli qərar ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu dövr üzrə ödənilmiş 78,82 manat manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə bərpa edilmiş müavinətdən tutulmuşdur. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona na əlavə edilmiş fiziki şəxsin uçotu haqqında ərizə, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-ci il tarixli 3-17-1/1 S-77483/2023 nömrəli qərarı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, xx.xx.2023-ci il tarixli 3-17-1/1 S-77483/2023 nömrəli qərarla xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu dövr üzrə ödənilmiş 78,82 manat manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə bərpa edilmiş müavinətdən tutulmuşdur. İş materiallarında olan həmin qərarın (sosial müavinətin təyinatı barədə) faktiki məzmunundan görünür ki, sözügedən qərar iddiaçıya müavinət ödənişinin xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində bərpa edilməsi ilə bağlıdır. Qərarda artıq ödənilmiş pul vəsaitinin tutulması ümumiyyətlə nəzərdə tutulmamış, qərarın qeyd hissəsində xx.xx.2023xx.xx.2023-cü illər üzrə artıqvermənin aşkar edilməsi göstərilsə də, həmin məbləğin konkret hansı miqdarda olması, o cümlədən artıq verilməsi hesab edilən məbləğə münasibətdə cavabdeh orqanın qənaəti öz əksini tapmamışdır. Yəni, faktiki olaraq cavabdeh, iddiaçının müavinətini bərpa edərkən ona artıq ödəmənin mövcudluğunu müəyyən etdiyini ümumi şəkildə qeyd etmiş, lakin həmin məbləğə münasibətdə hansı addımı atacağını konkretləşdirməmişdir. Buna görə də, məhkəmə həmin qərarı artıq ödənilmiş pul vəsaitinin tutulması barədə qərar kimi qiymətləndirməmiş və mübahisənin dəlillərinə “öhdəliyin icrası haqqında” iddia növünə uyğun olaraq hüquqi qiymət vermişdir. İddia tələbi inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, iş materiallarında olan iddiaçının cavabdeh orqana ünvanladığı ərizələrin məzmunundan görünür ki, faktiki olaraq iddiaçı müavinətindən icra edilən tutulmalardan narazılığını bildirmişdir. Həmçinin iddia əsaslıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğundan ona xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş sosial müavinət ödənişi artıq ödəmə kimi qiymətləndirilmiş və həmin müddət üzrə 149.03 manat sosial müavinət ödənilməmiş, həmçinin ona ödənilən müavinətdən 78,82 manat tutulmuşdur. Bununla belə iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı hər hansı inzibati icraat aparılmamış, iddiaçıya inzibati akt əsasında təyin edilmiş sosial müavinət mübahisələndirilən dövr üzrə ödənilməmiş, habelə artıq ödəmə kimi müəyyən edilmiş məbləğ ona ödənilən sosail müavinətdən tutulmuşdur. Halbuki, qanuni əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində müavinət ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməli və iddiaçını məlumatlandırmalıdır. Göründüyü kimi iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qərar qüvvədə olduğu halda ona ödənilməli olan 149.03 manat sosial müavinət məbləği ödənilməmişdir. Bundan başqa, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin “Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır” müddəasının tələbini pozaraq, artıq ödənilmiş məbləğin qaytarılmasını məhkəmə qaydasında təmin etmək imkanından istifadə etmədən, qanunsuz olaraq bunu faktiki xarakterli hərəkətləri ilə həll etməyə çalışmışdır. Buna görə də, iddiaçının razılığı olmadan artıq ödənilmiş sosial müavinətin geri qaytarılması ilə bağlı cavabdehin hərəkətləri əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ödənilən müavinətdən tutulmuş 78,82 manat pul məbləğinin qaytarılması və ödənilməmiş 149.03 manat müavinət məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-1722/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1722/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver