Məhkəmə qərarları › İş №2-1(116)-1723/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1723/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1723/2022 30.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X1 texnikumunda oxuduğum 5 il, 1975-77-ci illərdə ordu sıralarında xidmət etdiyim 2 il, 1978- 1997-ci ilə kimi Zaqatala rayonu “Komsomol” kolxozunda işlədiyim 16 il və məcburi dövlət sığorta ödənişlərimin nəzərə alınması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehə qarşı “X1 texnikumunda oxuduğum 5 il, 1975-77-ci illərdə ordu sıralarında xidmət etdiyim 2 il, 1978-1997-ci ilə kimi Zaqatala rayonu “Komsomol” kolxozunda işlədiyim 16 il və məcburi dövlət sığorta ödənişlərimin nəzərə alınması və mənə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə,iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.İddiaçı 1974-cü ildə X1 texnikumuna daxil olmuş,1975-77-ci illərdə 2 il ordu sıralarında xidmət etmiş,1978-81-ci illərdə həmin texnikumda təhsilini davam etdirmişdir.İddiaçı 1978-ci ildən 1997-ci ilə kimi Zaqatala rayonu “Komsomol” kolxozunda 16 il işləmiş,bundan sonra da məcburi dövlət sığorta ödənişləri etmişdir.İddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğundan ona 180 manat yaşa görə müavinət təyin edilmişdir.İddiaçı hesab edir ki,onun əmək stajı kifayət qədər olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının hazırkı tələblə bağlı cavabdehə müraciətinin olmadığını bildirərək iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçıya 04 avqust 2022-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edibetməməsidir. İddia ərizəsinin məzmununda istinad etdiyi və işə əlavə edilmiş sənədlərlə onun anoloji tələblə cavabdeh inzibati orqana müraciət etməsi, müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. Belə ki, iddia ərizəsinə əlavə olunan, cavabdeh inzibati orqanın təqdim etdiyi məktublar hazırkı iddia tələbi ilə bağlı olmamışdır. Odur ki, hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi yaxud cavabsız saxlanması barədə müvafiq sənədin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia aşağıdakı mümkünlük şərtlərinə cavab vermir : Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki,iddiaçı ödədiyi məcburi sosial sığorta haqlarının müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və fərdi uçot üzrə üzrə Mərkəzi Filialına müraciəti xx.xx.2022-ci il tarixli məktubla cavablandırılmışdır.İddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35.1,35.3, 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X1 texnikumunda oxuduğum 5 il, 1975-77-ci illərdə ordu sıralarında xidmət etdiyim 2 il, 1978- 1997-ci ilə kimi Zaqatala rayonu “Komsomol” kolxozunda işlədiyim 16 il və məcburi dövlət sığorta ödənişlərimin nəzərə alınması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar