Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1723/2025 29.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasıyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı “məhrum qardaşı X4 şəhid statusu verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhrum qardaşı X4 şəhid statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhrum qardaşı X4 şəhid statusu verilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizənin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun qardaşı X6 06 iyun 1996-cı il tarixində hərbi xidmətə çağırılmışdır. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. N aprel 1996-cı il tarixində həmin həbi hissədən Cəllilabad rayonu Pirşib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə N nəfər qulluqçu və o cümlədən X6 da aparılırdı. Kürdəmir şəhəri yaxınlığında o, avtobusdan düşərək maşının altında həlak olmuşdur. Tərtər Hərbi Qarnizonunun İcra Hakimiyyətinə və Ağsu Rayon Səfərbərlik Xidmətinə ünvanlardığı məktublara əsasən Şirvanov Elçinə torpağ uğrunda həlak olmasına görə şəhidlik statusu verilməsi xahiş olunmuşdur. Onun atası bununla bağlı Mudafiə Nazirliyə məktub ünvanlamışdır. Cavab olaraq bildirmişdirlər ki, məhrumun ölüm haqqında şəhadətnaməsi olmalıdır. Bununla bağlı o, Ağsu rayon məhkəməsinə “ölüm faktının müəyyən edilməsi üçün” iddia ərizəsi İlə müraciət etmişdir. Ağsu Rayonun Məhkəməsinin 2(016)-552/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə ölüm faktını müəyyən etmişdir. Sonradan yenidən Müdafiə Nazirliyinə məhkəmənin qətnaməsinə əsasən məktub göndərmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda ona bildirmişlər ki, şəhidlik statusun təyin edilməsi üçün yerli Səfərbəlik Xidmətinə müraciət etmək hüququ vardı. Həmin məktubla birgə o, Səfərbərliyə müraciət etsə də, ona heç bir köməklik göstərilməmişdir. Məcburi olaraq o, adiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Bildirir ki, onun qardaşını Ağsu Rayon Gəgəli kəndində şəhid kimi dəfn ediblər. Lakin şəhidlik stasunu almaqda çətinlik çəkir. Qeyd olunanalara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona şəhid statusu adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona şəhid statusu adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddia ərizəsinə yazılı münasibətində qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Kadrlar idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X6 “əsgər" hərbi rütbəsində xidmət etmişdir. X6 “əsgər” rütbəli hərbi qulluqçu olduğundan ona şəhid adının verilməsi hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölməsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati işdə cavabdeh kimi götərilə bilməz. Ona görə də, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Xidmətin Ağsu rayon şöbəsinin müvafiq uçot sənədlərinə və Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar əsgər (matros) və çavuşların siyahısı"na əsasən, mərhum Elçin Şirvanov xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədə xidmət keçərkən avtobusdan özünü ataraq vəfat etmişdir (həlak olmuşdur). Yuxanda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün, mərhum Elçin Şirvanova şəhid statusunun verilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini, məhrum qardaşı X4 şəhid statusu verilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun iddia qaldırmaqda əsas məqsədi şəhid ailəsi statusu alaraq maddi güzəştlər əldə etmək deyil. Əksinə onun məqsədi sadəcə qardaşının adını əbədiləşdirmək və ona layiq olduğu şəhid statusunu rəsmi şəkildə təmin etməkdir. Çünki kənd camaatı artıq qardaşını şəhid kimi qəbul edib və ona hörmət göstərir. Ona görə də bu tanımanı qanunvericiliyə uyğun şəkildə rəsmi olaraq təsdiqlətmək istəyir. Bu, onun qardaşının şəhid olaraq tanınmasını və tarixi ədalətin bərpasını təmin etməklə yanaşı, eyni zamanda onun ailəsinin və yaxınlarının mənəvi haqqını qorumaq məqsədini daşıyır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının qardaşı Elçin Şirvanov döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamışdır. Belə ki, Tərtər qarnizonu hərbi tribunalının sədrinin və N saylı Hərbi Hissənin komandirinin Ağsu rayon Hərbi komisarına ünvanladığı xx.xx.1996-cı il və xx.xx.1996-cı il tarixli məktublarda əsasən X6 xidmət etdiyi N saylı hərbi hissədən Cəlilabad rayonunun Prişib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə N nəfər qulluqçu ilə aparılarkən Kürdəmir şəhəri yaxınlığında avtobusdan düşərkən maşının altına düşərək həlak olduğu bildirilir. Bununla belə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1-ci bənd. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bənd. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. (-). 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2-ci bənd. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının qaldırdığı iddianın hüquqi əsaslı və mümkün sayılması onun şəhid ailəsi statusu əldə etməyə deyil, qardaşının dövlət tərəfindən şəhid kimi tanınmasına və adının rəsmi şəkildə əbədiləşdirilməsinə yönəlməsi, bunun isə birbaşa maddi maraq və güzəşt hüquqları ilə deyil, ictimai əxlaq, ailə ləyaqəti, vətənpərvərlik və tarixi ədalətin bərpası kimi mənəvi dəyərlərlə əlaqədar olması nəticə etibarilə iddiaçının subyektiv hüquq deyil, qanunla qorunan legitim hüquqi maraq əsasında çıxış etdiyini göstərir. Bu da dövlət orqanını şəhid statusu ilə bağlı inzibati akt qəbul etməyə məcbur etmək məqsədi güdən iddianın hüquqi cəhətdən mümkün hesab edilməsinə tam əsas yaradır. Ona görə də hazırkı iddia mümkün iddiadır. İddianın əsaslılığı: Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Məhkəmə qeyd edir ki, hazırda aydınlaşdırılmalı məsələ şəxsin hərbi xidmətdə qulluq keçərkən vəfat etməsi faktının həmin şəxsə “şəhid” statusunun verilə bilməsinin mümkün olub-olmamasından ibarətdir. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2 və 1.2.5ci bəndlərdə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itkin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xidmətin Ağsu rayon şöbəsinin müvafiq uçot sənədlərinə və Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar əsgər (matros) və çavuşların siyahısı"na əsasən, mərhum Elçin Şirvanov xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədə xidmət keçərkən avtobusdan özünü ataraq vəfat etmişdir (həlak olmuşdur). Hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün, mərhum Elçin Şirvanova şəhid statusunun verilməsi mümkün deyil. İş materiallarında olan xx.xx.1995-ci il tarixli arxiv çıxarışı ilə də müəyyən olunur ki, iddiaçının mərhum qardaşının ölüm səbəbi xx.xx.1995-ci il tarixdə özünü avtobusdan atması olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Komisarlığının xx.xx.1999cu il tarixli məktubunun surətindən görünür ki, mərhum Elçin Şirvanov özünü avtobusdan atması nəticəsində aldığı zədə səbəbi ilə Kürdəmir Xəstəxanasına yerləşdirilmiş və orada vəfat etmişdir. İş materiallarında olan Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli məktubundan görünür ki, mərhum Elçin Şirvanovun avtobusdan düşərək vəfat etməsi qeyd edilsə də, ona şəhid statusunun verilməli olduğu vurğulanmışdır. Eyni zamanda iş materiallarında olan digər sənədlərlə də mərhum Elçin Şirvanovun avtobusdan düşərək vəfat etməsi sübuta yetirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhumun hərbi xidmət keçərkən hərəkətdə olan avtobusdan düşərək vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu birmənalı sübut etmir. Mərhumun hərbi xidmətdə qulluq keçən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Hazırkı işdə isə mərhum X3 xx.xx.1995-ci il tarixdə hərəkətdə olan avtobusdan düşərək vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar əsgər və çavuşların siyahısı”nda da iddiaçının mərhum qardaşının adı həlak olmuşlar sırasında qeyd olunsa da, bu siyahıya daxil edilmə faktı şəhidlik statusunun verilməsi üçün hüquqi əsas sayılmır, çünki siyahı fərqli səbəblərdən vəfat etmiş şəxsləri də əhatə edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-552/2024 saylı qətnaməsi isə yalnız hüquqi əhəmiyyətli fakt kimi ölüm tarixini müəyyən edir. Bu qətnamə şəxsin şəhid hesab edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə hüquqi nəticəni ancaq qanunvericilikdə nəzərdə tutulmuş konkret hallarla bağlı hərbi və inzibati orqanların təqdim etdikləri arayışlar təsdiqləyə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillər və ya mərhumun kənd qəbiristanlığında “şəhid” kimi dəfn olunması (iddia ərizəsində qeyd edilənlərə əsasən) faktı onun şəhid statusu almasına hüquqi əsas yaratmır, çünki bu, yalnız sosial və ya ailə təşəbbüsü ilə edilən rəmzi tanınmadır və qanuni nəticə doğurmur. Göründüyü kimi mərhum X3 hərbi xidmət keçərkən N aprel 1995-ci il tarixində, N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndəriş zamanı avtobusla daşınma prosesi zamanı hərəkətdə olan nəqliyyat vasitəsindən düşərək həyatını itirməsi onun ölümü ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün müdafiəsi arasında qanunvericiliklə tələb olunan səbəbli əlaqəni təsdiqləmir. Yəni bu hadisə hərbi əməliyyatlar zamanı, döyüş tapşırığının icrası və ya döyüş təminatı üzrə xidmət fəaliyyəti çərçivəsində baş verməmiş, nəticə etibarilə “şəhid” statusu almaq üçün zəruri hüquqi və faktiki şərtlər mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı “məhrum qardaşı X4 şəhid statusu verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim X9
Məhkəmə qərarları › İş №2-1(116)-1723/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1723/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver