Məhkəmə qərarları › İş №2-1(116)-1724/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1724/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1724/2025 14.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçının İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Nurəddin qızıının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlillik dərəcəsinin təkrar təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “əlillik dərəcəsinin təkrar təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım qaydasında iddianın mümkünlüyünə dair hazırkı qərardadda ifadə olunan məhkəmənin hüquqi mövqeyini izah etmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddia ərizəsinə əsasən iddia tələbi iki hissədən ibarətdir :

1. İddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsi ;

2. Ödənilməmiş pensiya məbləğinin ödənilməsi hesablanması; Məhkəmə ilkin olaraq qeyd edir ki, İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı halda əlillik dərəcəsinin təkrar təyin edilməsi üzrə tələblə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi üzrə cavabdehlər müxtəlif inzibati orqanlar olmaqla, sonuncu tələb ilkin tələbdən sonra yaranır. Ondan ötrü isə ilkin olaraq əlilliyin müəyyən edilməsi mövcudluğu zəruridir. Odur ki, bu tələblərə birgə baxılması mümkünsüzdür. Məhkəmə iddianın birinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə tibb müəssisəsinin 0288003AAJF7 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Əliliyin təyin edilməsinə dair iddia tələbi məcburetmə haqqında iddia növündədir. İnzibatı Prosessual Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.İddiaçı, cavabdehin əlillik təyin etməkdən imtina etməsindən təxminən 4 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, pensiya və müavinətin təyin edilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin müvafiq filiallarıdır.Həmin hissədə tələb isə birinci tələbdən asılı olduğundan ilk öncə iddiaçının əlilliyinin müəyyən edilməsi məsələsinə baxılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddianın birinci hissəsi məcburetmə haqqında iddia növünə aiddir. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı müəyyən inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan belə aktın qəbul edilməsindən imtina etdiyi təqdirdə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq mümkündür. Başqa sözlə məcburetmə haqqında iddiaçılar iddia müddəti 30 gün təşkil edir və bu zaman müddət axımı müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi. Nəzərə alınmalıdır ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 4 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının məhz 4 ildən artıq müddət keçdikdən ona əlilliyin təyin edilibedilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 4 il müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Odur ki, iddiaçının cavabdeh orqanın qərarından məlumat almaq üçün mövcud vasitələrdən istifadə etməməsi onun passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olur. Həmçinin, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibbi müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İş materiallarından isə görünür ki, şəxs barəsində 2021-ci il tarixdən etibarən əlilliyin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçı barəsində göndəriş daxil olmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçı Nurəddin qızıının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlillik dərəcəsinin təkrar təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar