Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1725/2023 14.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə verilən müavinətin dayandırıldığı tarixdən bərpa edildiyi tarixədək verilməli olan və verilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “əlilliyə görə verilən müavinətin dayandırıldığı tarixdən bərpa edildiyi tarixədək verilməli olan və verilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur. xx.xx.2006-cı il tarixdə ona xəstəliyə görə pensiya təyin edilmiş,xx.xx.2021-ci il tarixədək təqaüd almışdır. Həmin tarixdən təqaüdün verilməsi dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə yenidən tibbi komissiyadan keçmiş,bundan sonra təqaüdün verilməsi bərpa edilmişdir.Ödənilməyən təqaüdün verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş,tələbinin icrasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmış, iddiaçının əlilliyi yenidən qiymətləndirilərək ona xx.xx.2021-ci il tarixdən əlillik müəyyən edilməklə pensiya ödənişi bərpa edilmişdir. Bildirilir ki, iddiaçının əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Və xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. İddiaçının pensiya ödənişinin dayandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin ödənilməsi qanunvericiliklə mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi xx.xx.2023-cü il tarixli 3-17-1/H-55403/2023 №-li məktubundan görünür ki, cavadeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək İİİ dərəcə əlillik təyin olunmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz, İİİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun ; 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər; 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Həmin tarixdən etibarən pensiyanın ödənilməsi bərpa edilmişdir. İddiaçının əlilliyə görə pensiyanın ödənilməsini tələb etdiyi 2021-ci ilin aprel ayından 2021-ci ilin noyabr ayına qədər olan müddət ərzində əliliyi müəyyən edilmədiyindən müavinət almaq hüququ mövcud olmamışdır.İddiaçının əlilliyinin başa çatdığı müddətlə bərpa olunduğu müddət arasında 6 aydan artıq vaxt keçmişdir. Bu da “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-1-ci maddəsinə əsasən əvvəlki dövr üçün müavinət ödənişini istisna edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin həmin dövrdə ödənilmiş pensiyanın ödənilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə verilən müavinətin dayandırıldığı tarixdən bərpa edildiyi tarixədək verilməli olan və verilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1725/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1725/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver